Deputat 3-cü dozanın vurulmasının vacibliyindən danışıb

Deputat 3-cü dozanın vurulmasının vacibliyindən danışıb
Sosial 372

“Peyvənddən bir müddət sonra maksimuma çatan qorunma səviyyəsi vaxt keçdikcə zəifləyə bilər. Buster doza immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir. Buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar üçün məqsədəuyğun hesab olunur və əhəmiyyəti daha çoxdur. Bir çox inkişaf etmiş ölkələrin ekspertləri də bildirirlər ki, buster dozanın qəbulundan sonra yan fəsadlar nadir hallarda müşahidə olunur. Bu günə kimi xroniki böyrək xəstəlikləri, hər hansı uroloji və nefroloji problemi olan xəstələrin COVID-19-a qarşı vaksinasiya olunmasına dair heç bir əks göstəriş yoxdur. Uroloji, nefroloji xəstəlikləri olan xəstələrin vaksinasiyasında ciddi problem olmayıb. Yan təsirlər də hər kəsdə olan təsirlərdir. Vaksinasiya nəticəsində əmələ gələn fəsadlar vaksinasiya olmadan xəstəliyə yoluxma nəticəsində yaranan fəsadlardan daha yüngüldür”.

Bunu AZƏRTAC-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, dünya ölkələrində də artıq buster dozanın vurulmasına başlanılıb və koronavirusun ştamlarından qorunmaq üçün buster dozanın vurulması tövsiyə olunur: “Buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər. Üçüncü doza virusla savaşan anticisimləri daha öncəki dozalardan üç dəfə artıq gücləndirir. Bu anticisimlər koronavirusun ştamlarına qarşı güclüdür. Üçüncü doza virusa qarşı güclü qorumanı bərpa edir. Tədqiqatlara görə buster doza almış şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artır”.

“Bu gün artıq bir sıra ölkələrdə artıq 3-cü doza vaksinlər vurulmağa başlayıb”, – deyən Sədaqət Vəliyeva əlavə edib ki, ABŞ-da, Böyük Britaniyada, İsraildə, Türkiyədə, Rusiyada, Çində, Almaniyada, Kanada, Fransa, Macarıstan, İspaniya, İsveçrədə və bir sıra digər ölkələrdə də 3-cü doza vaksinlərin vurulması təklif olunur: “Qərb ölkələrinin əksəriyyətində 3-cü doza vaksinasiyanın aparılmasının səbəblərindən biri daha yoluxucu olan COVID-19-un “delta” variantının yeni dalğalara səbəb olmasıdır. Azərbaycanda isə insanların 3-cü doza vaksin vurdurması zərurəti payız fəslində mövsümi xəstəliklərin yayılması, hava dəyişikliyi səbəbindən insanların immun sistemlərinin zəifləməsidir. Bu səbəbdən də buster doza sağlamlığımızın qorunması, COVID-19-un yeni ştamlarına, eləcə də mövsümi viruslara qarşı mübarizədə xüsusi əhəmiyyətə malikdir və onun vurdurulması da vacibdir”.

Son xəbərlər