Baş infeksionist: “Xəstəliyin bu dövrü dördüncü alovlanmadır” - FOTO
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov “report”a müsahibə verib.
BAKU.WS həmin müsahibəni təqdim edir:
- Son günlərdə yoluxma sayındakı müşahidə edilən artımı neçənci dalğa saymaq olar?
- Biz bunu dalğa yox, infeksiyanın alovlanması kimi qeyd edirik. Pandemiyanın əvvəlindən saysaq, xəstəliyin bu dövrünü dördüncü alovlanma adlandırmaq olar. Ancaq daha düzgün olar ki, bunu sayla yox, növbəti alovlanma kimi adlandıraq.
- Virusa yoluxanlar arasında ağırlaşmalar ən çox hansı şəxslərdə müşahidə edilir?
- Ağırlaşmalar adətən yaşlı və müxtəlif ağır xroniki xəstəliyi olan insanlarda müşahidə olunur. Qeyd olunan səbəblərdən həmin şəxslərin immun sistemində müəyyən çatışmazlıqlar əmələ gəlir. Bu, o demək deyil ki, gənclərdə xəstəlik həmişə yüngül keçir. Cavanlar arasında da az da olsa, müəyyən qədər ağırlaşmalar olur.
- Xəstəliyi keçirmiş şəxslərin neçə faizi təkrar yoluxur?
- Belə şəxslərin sayı çox azdır. Əldə olunan məlumatlara görə belə halların sayı 1%-dən də azdır. Bir qayda olaraq təkrar yoluxanlar xəstəliyi əvvəlkinə nisbətən daha yüngül keçirirlər, ancaq istisnalar da var.
- Peyvənd olunduqdan sonra yoluxub ölənlərin statistikası varmı?
- Bizdə tam peyvənd olunduqdan sonra xəstələnərək ölən şəxslər yoxdur. Peyvənd xəstəliyin ağır formalarının inkişafının qarşısını alır. Bizim müşahidələrimiz və dünyadakı statistika bunun ən bariz nümunəsidir.
- Vaksin olunan cütlüklər övlad sahibi olarsa, gələcəkdə uşağın sağlamlığında problem olacağı ilə bağlı şayiələr dolaşır. Bu, nə dərəcədə doğrudur?
- Bunun heç bir elmi əsası yoxdur. Bizdə peyvəndlər cəmi yeddi aydır ki, tətbiq olunur. Bununla bağlı heç bir müşahidə yoxdur.
Belə olan halda heç kim peyvənddən sonra istər sonsuzluq, istərsə də yeni doğulan uşağın sağlamlığında hər hansı bir problemin olacağı barədə fikri elmi cəhətdən əsaslandıra bilməz.
Xatırlatmaq istəyirəm ki, bir vaxtlar digər peyvəndlərin istifadəsi nəticəsində uşaqlarda autizmin inkişaf etməsi barədə fərziyyələr dolaşırdı.
Lakin aparılan araşdırmalar peyvəndlərlə bu xəstəliyin inkişafı arasında hər hansı bir əlaqənin olmasını tam inkar etdi.
Hazırda ölkəmizdə qəbul olunan qaydalara görə, hələ ki, hamiləlik virus əleyhinə peyvəndin vurulması üçün əks göstəriş sayılır.
Müxtəlif ölkələrdə fərqli vaksinlərin tətbiqi olduğu kimi, yanaşmalar da fərqli ola bilər. Gələcəkdə vaksinlərin dölə təsiri tam öyrənilərkən bunun təhlükəsiz olması müəyyən edilərsə, yanaşma da dəyişə bilər.
Hələlik bu cür sübutlu tədqiqatlar olmadığı üçün ölkəmizdə, hamilələr və süd verən qadınlara vaksin vurulmur. Burda da müəyyən istisnalar mümkündür.
Peyvənd vurulduqdan sonra hamiləlik aşkarlanarsa, həmin hamiləlik davam etdirilir, bu zaman heç bir əlavə tədbirə ehtiyac duyulmur.
- Şəkərli diabet, bronxial astma və onkoloji xəstəliyi olan şəxslərin əks göstəriş sertifikatı ala bilməməsi birmənalı qarşılanmayıb. Həmin xəstəliklərdən əziyyət çəkənlər sağlamlıqlarından narahatdırlar. Peyvənddən sonra bu xəstəliklərin baş qaldırma ehtimalı varmı?
- Bütün xroniki xəstəliklər yalnız alovlanma dövründə peyvəndlər üçün müvəqqəti əks göstəriş hesab edilir. Onkoloji xəstələr kimyəvi və şüa terapiyası aldıqda, həmçinin xəstəliyin terminal mərhələsində peyvənd olunmurlar.
İstər onkoloji, istərsə də digər xroniki xəstələr xəstəliyin remissiya dövründə peyvənd olunmalıdırlar. Onların vaksinasiyada iştirak etməməsi pandemiya dönəmində daha təhlükəli hal sayılır.
Çünki vaksin olunmayan və ağır xroniki xəstəliyi olan şəxslər koronavirusa yoluxduqda virus onlarda ağır formada inkişaf edir, bəzi hallarda isə xəstəlik ölümlə nəticələnir. Peyvəndlə bağlı bu xəstəliklərin baş qaldırma ehtimalı yoxdur.
Qeyd edim ki, peyvəndin xoş xassəli şişlərin bəd xassəli şişlərə çevirməsi də heç bir elmi əsası olmayan şayiədir.
- Əks göstəriş sertifikatı almaq istəyən şəxslər üçün proses nədən ibarətdir?
- Həmin şəxslər yaşadığı ərazidə ailə həkiminə müraciət edir. Ailə Sağlamlıq mərkəzlərində həmin şəxsin tibbi kitabçası araşdırılır.
Şəxsin şikayətləri dinlənilir. Anamnestik məlumatları araşdırılır, hazırda mövcud olan hər hansı bir xəstəliyə dair müəyyən olunmuş müayinələrin nəticələrinə baxılır, müvafiq dar ixtisaslı həkimlərin iştirakı ilə məsləhətləşmələr aparılır.
Əgər səbəblər əsaslıdırsa, onda şəxsin toplanmış bütün sənədləri Səhiyyə Nazirliyinin müvafiq komissiyasına təqdim olunur. Komissiya məsələyə baxaraq əks göstərişlə bağlı yekun qərar qəbul edir.
Çox az hallarda bu əks göstəriş sertifikatı ömürlük verilir, əksər hallarda belə sertifikat müvəqqəti, müəyyən vaxt çərçivəsində qüvvədə olmaqla verilir.
Müddət bitdikdən sonra isə məsələ yenidən dəyərləndirilir. Qeyd edim ki, hamilə, süd verən qadınlara müvafiq müddətlər üçün əks göstəriş sertifikatları verilir.
- Allergiyası olan şəxslərə peyvənd vurula bilərmi?
- Əvvəllər hər hansı bir, o cümlədən koronavirusa qarşı vurulmuş 1-ci doza peyvəndə və ya vurulacaq peyvəndin hər hansı bir komponentinə ağır allergik reaksiya olduqda peyvənd vurulmur.
Qidaya, müxtəlif kimyəvi maddələrə və s. olan yüngül allergiya əks göstəriş sayılmır. Belə hallarda allergik proses söndükdən sonra vaksinasiya yerinə yetirilir.
- Peyvəndlər qanda laxtalanma yarada bilərmi?
- Tromboz və trombositlərin sayının azalması ilə müxtəlif nahiyələrdə qansızmaların yaranması çox nadir hallarda yan təsir kimi bəzi vaksinlərin istifadəsi zamanı meydana çıxa bilər.
Belə hallar baş verərsə və bunun peyvəndlə birbaşa əlaqəsi sübut olunarsa, müvafiq məlumatlar həmin peyvəndin istifadə təlimatında mümkün yan təsirlər bölməsində öz əksini tapır.
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...