Koronavirus yoluxduruculuq qabiliyyətini nə zaman itirəcək? - AÇIQLAMA
Elmi tədqiqatlara əsasən, koronavirusa yoluxmamaq ikinci nəsil peyvəndlərin kəşfindən sonra mümkün olacaq. Bu da selikli qişa immunitetini yarada biləcək peyvənddən sonra mümkündür.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
Onun sözlərinə görə, bu zaman insanlarda COVID-19 pnevmoniyası yaradan bu virus orqanizmə düşərsə, həmin immunitet nəticəsində virus məhv ediləcək və artıq insan xəstələnməyəcək:
“Hazırda bu istiqamətdə aparılan elmi tədqiqatlar onu deməyə əsas verir ki, bu cür peyvəndlərin hazır olması bu ilin sonlarına gözlənilə bilər və bunun üzərində artıq "Astra Zeneca" və "Cansino Biologics" şirkətləri birgə çalışırlar”.
N.Abdullayev vurğulayıb ki, Böyük Britaniyada yayılmış virusun yeni növündən fərqli olaraq Cənubi Afrikada əmələ gələn mutasiya olunmuş virusla bağlı məsələlər də ölkəmizdə yaxından izlənilməli və diqqətdə saxlanılmalıdır:
“Böyük Britaniyada yayılmış virus ştammı ilə bağlı artıq Danimarkada virusoloqlar və tibb mütəxəssisləri tərəfindən araşdırmaların müəyyən qismi yekunlaşıb. Eyni zamanda digər ölkələrdə də bununla bağlı təqdiqatlar aparılır. Araşdırmalar nəticəsində məlum olub ki, mutasiya olunmuş virusa yoluxma halı hər həftə iki dəfəyə yaxın artır. Bu da o deməkdir ki, mutasiya olunmuş virusun yoluxma əmsalının bu günə qədər məlum olan virusun yoluxma əmsalından yüksək olma ehtimalı çoxdur.
Həmçinin bu, onu deməyə əsas verir ki, bütün ölkələrdə, o cümlədən Azərbaycanda qabaqlayıcı tədbirlər görmək mütləqdir. Aparılan tədqiqatlar tam yekunlaşdıqdan sonra ilkin nəticələr bir daha təsdiq olunarsa, bu, bütün dünya ölkələrində yenidən ciddi məhdudiyyətlərin və karantin rejimlərinin uzanmasını qaçılmaz edəcəkdir. Bu tədqiqatların bitməsinə təxminən 2 həftə zaman lazımdır.
Bir daha vurğulamaq istəyirəm ki, insanlar bilməlidir ki, virusun mutasiyası tətbiq olunacaq peyvəndlərə, xüsusi ilə gen texnologiyası ilə hazırlanan peyvəndlərin effektivliyinə ciddi neqativ təsir etmir, sadəcə yoluxma əmsalı böyük olduğuna görə dünyada sərtləşdirilmiş karantin rejiminin uzadılmasına səbəb ola və normal həyata qayıdışı gecikdirə bilər".
Oxşar xəbərlər
Azərbaycanda vaksinasiya ilə bağlı bütün suallara aydınlıq gərtirildi
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) vaksinasiya ilə bağlı suallara aydınlıq gətirib. BAKU.WS həmin məsələləri təqdim edir: 1.Vaksin nədir? Vaksin...