Komitə sədrinin müavini: "Səhiyyədəki rüşvətin qarşısı alınacaq"
"Bu gün Azərbaycanda nə özəl və nə də dövlət tibb müəssisələri icbari tibbi sığortanın tətbiqinə hazırdır. Amma hazır olmalıdırlar".
BAKU.WS bildirir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev deyib.
Deputat bildirib ki, icbari tibbi sığortaya ilk olaraq pilot layihələrlə başlamaq lazımdır. Musa Quliyev icbari tibbi sığortanın səhiyyədəki əhəmiyyətindən də danışıb:
"Hazır olmaqdan ötrü isə ilk növbədə pilot layihələr tətbiq olunmalıdır. İcbari tibbi sığorta bütün dünyada səhiyyənin modelləşdirilməsinin və bu xidmətin əhaliyə daha yaxından çatdırılmasının optimal üsuludur. Bu gün Azərbaycanda səhiyyənin modelləşdirilməsi, icbari tibbi sığorta modelinə keçməsi ən uğurlu addımdır. Hesab edirəm ki, bu layihə yaxın zamanlarda çox böyük müvəffəqiyyətlə tam tətbiq olunacaq".
Deputat səhiyyədə tətbiq olunacaq icbari tibbi sığortanın Azərbaycana nələr verəcəyini açıqlayıb:
"İcbari tibbi sığorta əhaliyə minnətsiz tibbi xidmət verəcək. Artıq bundan sonra nə həkimin, nə də xəstənin bir-birindən asılılığı və başqa formalarda gözləntisi olacaq. Vətəndaşın həkimin və tibb müəssisəsinin yanında gözükölgəliyi olmayacaq. Artıq bundan sonra həkim "mən xəstəyə xidmət göstərdim, amma o mənə heç nə vermədi" deyə düşünməyəcək. Hər göstərilən tibbi xidmətə görə konkret olaraq məbləğ ödəniləcək. İşləyən vətəndaşların iş yerləri İcbari Tibbi Sığorta Agentliyinə vəsait ödəyəcək. Yəni işləyən vətəndaş özü öz icbari tibbi sığortasını maliyyələşdirəcək. Təbii ki, qanunla nəzərdə tutulmuş hallarda işləməyən və işsizlik qabiliyyəti olan, müəyyən kateqoriyalı vətəndaşların icbari tibbi sığorta haqqını isə dövlət ödəyəcək. İcbari tibbi sığortanın ən yaxşı cəhəti odur ki, klinikalar və həkimlər arasında sağlam rəqabət mühiti olacaq. Yəni bundan sonra kim yaxşı xidmət göstərsə, müalicə aparsa, vətəndaş da özü könülü olaraq icbari tibbi sığortasını həmin həkimə və klinikaya həvalə edərək, onlarla müqavilə bağlayacaq".
M.Quliyev icbari tibbi sığortanın səhiyyədəki neqativ halları aradan qaldıracağını düşünür:
"Əgər bu gün səhiyyə sistemində korrupsiya və rüşvət halları varsa, icbari tibbi sığorta tətbiq edildikdən sonra bunun qarşısı alınacaq. İcbari tibbi sığorta keyfiyyətsiz tibbi xidmətin sonunu gətirəcək. Xəstəyə lazım olmayan bahalı dərmanların, reseptlərin yazılmasının qarşısı alınacaq. İcbari tibbi sığorta sisteminin tətbiqi həkim-xəstə-səhiyyə müəssisəsi arasındakı mövcud münasibətlərin hüquqi çərçivədə həll olunmasında xüsusi rol oynayacaq".
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda bu işçilərin maaşı artırılacaq
Xəstəxanalarda çalışan həkimlərin əməyinin qiymətləndirilməsi meyarları dəyişdiriləcək. Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxana...