Köhnə avtobuslar xətdən çıxarılır? - Marşrutdan istifadə edənlərə ŞAD XƏBƏR

Köhnə avtobuslar xətdən çıxarılır? - Marşrutdan istifadə edənlərə ŞAD XƏBƏR
Sosial 6873

Hər il Bakıya sərnişindaşıma xidmətinin yaxşılaşdırılması məqsədilə yeni avtobuslar gətirilsə də, paytaxtda hələ də köhnə nəqliyyat vasitələri xidmət göstərir.

Sakinlər köhnə avtobusların texniki problemləri və komfortsuz olması ilə bağlı narazılıqlarını tez-tez bildirirlər. Xüsusilə yay aylarında havalandırma sisteminin işləməməsi və qışda istilik probleminin olması sərnişinlərin rahatlığına mənfi təsir göstərir. 

Bəs görəsən Bakının yeni avtobuslara tam keçidi nə vaxt baş tutacaq?

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət etdik.

Qurumdan  BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, bu il şirkətlər tərəfindən 100-dən çox yeni avtobusun gətirilməsi planlaşdırılır:

Qeyd olunub ki, Avtobus parkının yenilənməsi və genişləndirilməsi istiqamətində AYNA tərəfindən mütəmadi olaraq işlər həyata keçirilir. Hazırda Azərbaycana COP29 konfransı ərəfəsində gətirilən 160 elektrikli avtobus paytaxtın müxtəlif marşrutlarında uğurla istifadə edilir. Özəl daşıyıcı şirkətlər də ekoloji cəhətdən təmiz texnologiyalar əsasında işləyən 85 avtobus alaraq mərhələli şəkildə istifadəyə verir. Bu il həmin şirkətlər tərəfindən əlavə olaraq 100-dən çox yeni avtobusun gətirilməsi planlaşdırılır. Həmçinin 200-dən çox avtobus təmir edilərək xidmətə qaytarılıb və avtobusların ümumi parkı hazırda 2160 ədədə çatıb. Yaxın gələcəkdə bu rəqəmin 2500 avtobusa çatdırılması nəzərdə tutulub. 

"Tətbiqinə başlanılan optimallaşdırılmış marşrut şəbəkəsi üzrə 11 yeni marşrut istifadəyə verilib və bu marşrutların əksəriyyəti paytaxtın kənd və qəsəbələrini əhatə edir. Xətlərdə isə müasir və ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadə olunur. Əlavə olaraq mövcud olan 15 marşrut üzrə avtobuslar yenilənib və proses davamlı xarakter daşıyır", - deyə məlumatda qeyd olunub. 

O da vurğulanıb ki, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə çıxarılır. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır.

Banu Hüseynli

Son xəbərlər