İctimai nəqliyyatda bu dəyişikliklər olacaq – VACİB AÇIQLAMA

İctimai nəqliyyatda bu dəyişikliklər olacaq – VACİB AÇIQLAMA
Açıqlama
Sosial 173

Azərbaycanda ictimai nəqliyyat sistemində illərdir müzakirə edilən struktur dəyişikliklər reallaşmaq üzrədir.

BAKU.WS-in məlumatına görə, Prezidentin 2025-ci il 19 sentyabr tarixli fərmanı ilə sərnişindaşıma xidmətlərində "Brutto müqavilə" modelinə keçid rəsmən start götürüb.

Bu modelin tətbiqi həm maliyyələşmə mexanizmini dəyişir, həm də sərnişindaşımanın idarəetmə fəlsəfəsini tamamilə yeniləyir.

Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, indiyədək mövcud olan "Netto" sistemində daşıyıcı şirkətlər gəlirini sərnişinlərdən birbaşa yığırdı:

"Bu, xidmət keyfiyyətinə nəzarəti zəiflədir, köhnə avtobusların istismarını stimullaşdırır və dağınıq marşrut şəbəkəsinə səbəb olurdu. "Brutto" modelində isə gəlir toplama funksiyası dövlətin üzərinə keçir, daşıyıcı şirkətlər isə sərnişin sayından asılı olmayaraq dövlətlə müqavilə əsasında sabit ödəniş alır. Bu yanaşma xidmət keyfiyyətinə ciddi nəzarət, şəffaf maliyyələşmə və ekoloji standartların tətbiqi ilə seçilir.

İctimai nəqliyyatda bu dəyişikliklər olacaq – VACİB AÇIQLAMA

Beynəlxalq təcrübə də bu modelin effektivliyini göstərir. Stokholm və Kopenhagendə onilliklərdir uğurla tətbiq olunan "Brutto müqavilə sistemi" xidmət keyfiyyətinin yüksəldilməsinə imkan yaradıb. Tbilisi isə 2020-ci ildən bu mexanizmə keçərək avtobus parkını sürətlə yeniləməyə nail olub. Azərbaycan da bu təcrübəni izləyərək 2026–2028-ci illər arasında mərhələli şəkildə yeni sistemə keçid edəcək.

Mövzu ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev brifinqdə deyib ki, Bakı və Abşeron ərazisini əhatə edən marşrut şəbəkəsinin inteqrasiyası zəifdir, təkrar marşrutlar mövcuddur və şəhər əhalisinin 17 %-nin avtobus şəbəkəsinə çıxışı məhduddur:

"Yeni avtobus şəbəkəsinin tətbiqi ilə avtobusla sərnişindaşıma sistemində avtobuslara olan tələbatın 2 800 ədəd olacağı gözlənilir. Avtobus parkının yaxın bir neçə il ərzində yenilənməsi üçün gərəkli investisiyanın sadə biznes model əsasında fəaliyyət göstərən və maliyyə dayanıqlığına malik olmayan operatorlar tərəfindən qarşılanması qeyri-mümkündür.

İctimai nəqliyyatda bu dəyişikliklər olacaq – VACİB AÇIQLAMA

Bu xüsusda Bakı və Abşeron ərazisində ictimai nəqliyyat xidmətlərinin keyfiyyətini davamlı olaraq yüksək səviyyədə saxlamaq və avtobus parkının yenilənməsi üçün dayanıqlı maliyyələşdirmə mexanizmini formalaşdırmaq məqsədilə "brutto müqavilə" sistemi tətbiq ediləcək".

AYNA sədrinin sözlərinə görə, bu modeldə gediş haqqından əldə edilən gəlir tənzimləyici qurumda toplanacaq və daşıyıcılara xidmət müqabilində ödənişin bir hissəsi həmin vəsaitdən, çatışmayan hissəsi isə dövlət büdcəsindən ödəniləcək.

Qeyd edək ki, ekspert və qurum sədrinin mövqeyi göstərir ki, brutto müqavilə modeli ictimai nəqliyyatın gələcəyini müəyyənləşdirəcək əsas islahatlardan biridir. Əgər transformasiya uğurla həyata keçirilərsə, 2028-ci ilə qədər ölkənin ictimai nəqliyyat sistemi regionun ən qabaqcıl nümunələri səviyyəsinə yüksələ bilər.

Orxan Hüseyn

Son xəbərlər