Həkimlər niyə rayonlarda işləmək istəmir? - Tanınmış professor açıqladı
"Rayonlarda həkim çatışmazlığı demək olar ki, bütün ixtisaslar üzrə özünü göstərir. Xüsusilə dar ixtisaslar üzrə mütəxəssislərin sayı kifayət qədər deyil. Bunun əsas səbəblərindən biri Bakı şəhərinə həddindən artıq axının olmasıdır".
Bunu BAKU.WS-ə açıqlamasında tibb elmləri doktoru, infeksionist Adil Qeybulla deyib.
Tanınmış profesorun sözlərinə görə, insanlar daha yaxşı həyat və iş imkanları əldə etmək məqsədilə paytaxta köçməyə çalışır və bu da Bakıdakı əhali sıxlığını artırmaqla yanaşı, regionlarda mütəxəssis çatışmazlığını dərinləşdirir:
"Rayonlarda həkimlərin fəaliyyət göstərməsini təmin etmək üçün məcburi yanaşmadan daha çox stimullaşdırıcı tədbirlərə üstünlük verilməlidir. Heç kim zorla rayonda işləməyə məcbur edilə bilməz. Belə yanaşma əks nəticə verə, hətta mütəxəssislərin ölkədən getməsinə səbəb ola bilər. Dünyada sərhədlərin açıq olduğu və həkimlərin müxtəlif ölkələrdə imtahan verərək işləyə bildiyi bir şəraitdə mütəxəssislərin ölkədə saxlanılması üçün real motivasiya yaradılmalıdır.
Digər tərəfdən, pensiya yaşına çatmış təcrübəli həkimlərə münasibət də yenidən nəzərdən keçirilməlidir. Bu insanların illərlə topladığı təcrübədən istifadə etmək və onları səhiyyə sistemində qorumaq daha məqsədəuyğun olardı.
Cəmiyyətdə həkimlərə qarşı formalaşan təzyiq də ciddi problemdir. Xəstənin dünyasını dəyişməsi hər zaman həkimin günahı demək deyil. Belə hallarda ölüm səbəbinin müəyyənləşdirilməsi üçün tibbi araşdırmalar, o cümlədən zəruri hallarda yarılma aparılmalıdır. Bu məsələlər emosiyalar və ittihamlarla deyil, hüquq və qanun çərçivəsində həll edilməlidir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Ucar sakininə müddətsiz I dərəcə əlillik təyin olundu – Agentlik məsələni nəzarətə götürdü
Dövlət Tibbi-Sosial Ekspertiza və Bərpa Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov sosial şəbəkə hesabında Ucar...