Güclü yağışdan sonra kənd təsərrüfatına dəyən ziyanı kim ödəməlidir? – RƏSMİ CAVAB

Güclü yağışdan sonra kənd təsərrüfatına dəyən ziyanı kim ödəməlidir? – RƏSMİ CAVAB
Açıqlama
Sosial 47

Son vaxtlar ölkəmizdə qeydə alınan güclü yağışlar kənd təsərrüfatına ciddi ziyan vurub. Bir çox bölgələrdə əkin sahələri, meyvə bağları və heyvandarlıq təsərrüfatları sel, torpaq sürüşməsi və nəmlik səbəbindən ağır ziyan görüb. Yağıntının təsiri ilə bağlı kənd təsərrüfatı məhsullarının itirilməsi, torpaq eroziyası və məhsuldarlığın azalması kənd təsərrüfatında fəaliyyət göstərənlər üçün böyük problemlər yaradıb.

Bəs sahibkarlara dəyən bu ziyanın ödənilməsi hansı formada təmin olunur?

Mövzu ilə əlaqədar Aqrar Sığorta Fondunun əməkdaşı Əli Əhmədov BAKU.WS-ə açıqlama verib:

"Azərbaycanda dövlət dəstəyi ilə təqdim olunan aqrar sığorta əkin sahələrini və meyvə bağlarını çoxsaylı risklərdən qoruyur. Aqrar Sığorta Fondu ümumilikdə 48 növ bitki məhsulunu, əkin sahələrini, meyvə bağlarını, bostan və tərəvəz bitkilərini, texniki bitki əkinlərini çoxsaylı risklərdən sığorta edir. Buraya təbiət hadisələri dolu, qasırğa, fırtına, leysan, sel-subasma, şəxtavurma, yanğın, 3-cü şəxslərin hərəkətləri və sair aiddir. Fermerlərə dəstək üçün əkin sahələrinin sığorta haqqının haqqının 50%-ni dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödəniş etməklə əkin sahələrini sığorta edə bilirlər. Məsələn, 1000 manatlıq məhsulu olan 1 hektar taxıl sahəsini sığorta etmək ölkənin əksər ərazisində fermerə cəmi 6-10 manata başa gəlir.

Son illər müşahidə olunan iqlim dəyişikliyi və qeyri-sabit hava şəraiti kənd təsərrüfatına da təsir göstərir. 2023 və 2024-cü illərdə müxtəlif təbiət hadisələri, o cümlədən yağış və sel-subasma nəticəsində sığortalı təsərrüfatlar da zərər görüb. 2024-cü ilin may-iyun aylarında əkin sahələrinə leysan və sel-subasma hadisələri səbəbindən dəyən zərərlər üzrə Aqrar Sığorta Fonduna 573 sığortalı tərəfindən 1000-ə yaxın müraciət daxil olub. Müraciətlər 30-a yaxın rayonu, o cümlədən Sabirabad, Beyləqan, Ağcabədi, Kürdəmir, Zərdab, İsmayıllı, Tərtər, İsmayıllı, İmişli, Goranboy, Şəki, Lənkəran, Yevlax, Qobustan rayonlarını əhatə edib Bu dövrdə əkin yağış və sel-subasma hadisələrinin ən çox arpa, buğda, pambıq, alça, ərik, şaftalı, qarğıdalı, üzum, fındıq, şəkər çuğunduru əkinlərində qeydə alınıb. 2024-cü ilin oktyabr ayında isə leysan və sel-subasma hadisələri üzrə 114 müraciət qeydə alınıb. Əsasən pambıq, üzüm, qarğıdalı əkinlərini əhatə edən bu müraciətlər Neftçala, Ağdam, Sabirabad, Tərtər, Salyan, Yevlax, Hacıqabul, Tovuz, Bərdə, Zərdab rayonlarından daxil olub. Bu müraciətlər əsasında Aqrar Sığorta Fondu tərəfindən hadiə baş verən əkin sahələrinə aqrar sığorta ekspertləri göndərilib. Onlar əkin sahəsinə gələrək hadisəni araşdırır, əkin sahəsində zərərlilik dərəcəsini və dəymiş zərəri hesablayırlar.

Qeyd edək ki, fermerlərin aqrar sığortaya inamının yüksəlməsi, sığortalanan əkin sahələrinin artması və iqlim dəyişiklikləri nəticəsində sığorta hadisələrinin sayı ötən ilki göstəricilərdən 40% artıq olub. Təbiət hadisələri bu il Aqrar Sığorta Fondu tərəfindən sığortalanmış ümumilikdə 400 min hektar əkin sahəsinin 140 min hektarına təsirini göstərib. Artıq təbiət hadisələrindən zərər çəkmiş taxıl və sair əkinlər üzrə ödənişlərin verilməsinə başlanılıb. Ümumilikdə 2024-cü ilin ilk 9 ayında müxtəlif hadisələrdən zərər çəkmiş fermer və təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən 3 milyon 790 min manat sığorta ödənişi edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2,5 dəfə artıqdır. Xatırladaq ki, 2023-cü ilin ilk 9 ayı ərzində fermerlərə ümumilikdə 1,4 milyon manat ödəniş edilmişdi. Fermerlərə sığorta ödənişlərinin 2 milyon 908 min manatı bitkiçilik sığortası, yəni əkin sahələri üzrə olub. Ötən ilin eyni dövrünə nisbətən əkin sahələrinə dəyən zərərlər üzrə fermerlərə sığorta ödənişləri 3,7 dəfə artıb. Eləcə də bu il heyvandarlıq sığortası üzrə 881 min manat aqrar sığorrta ödənişi həyata keçirilib. Heyvandarlıq təsərrüfatlarına dəyən zərərlərə görə aqrar sığorta ödənişlərində 40%-dən çox artım baş verib. Qeyd edək ki, leysan yağışlarının ən çox zərər vurduğu bitkilərdən biri də pambıq sahələridir. Bunu və fermerlərin leysan yağışları nəticəsində üzləşdiyi zərərləri nəzərə alaraq leysan yağışları riski də baza zərfinə aid edilib.

Qaydalara əsasən, müxtəlif hadisələrdən, o cümlədən yağış və sel-subasmadan zərər çəkən əkin sahələrinə 2 dəfə baxış keçirilir. İlkin (1-ci) baxış hadisə baş verdikdən və fermerin Aqrar Sığorta Fonduna müraciətindən bir neçə gün sonra, yekun (2-ci baxış) isə məhsul yığımından əvvəl, yəni biçin ərəfəsində keçirilir. İlkin baxış zamanı ekspert əkin sahəsinin yerini, onun göstərilən koordinatlara uyğunluğunu, sahədəki bitkini və onun növünü, əkin sahəsində baş verən hadisəni (yəni zərər varsa onun hansı hadisə nəticəsində baş verdiyini) dəqiqləşdirir. Eləcə də ilkin olaraq zərərlilik miqdarını hesablayır. İkinci baxışda isə ekspert əkin sahəsinə dəymiş zərəri bir daha dəqiq hesablayır və yekun zərərliliyi müəyyən edir."

Şahanə Xankişiyeva

Son xəbərlər