Ukrayna və Azərbaycan səhiyyə nazirləri saziş imzalayıb, əməkdaşlıq genişləndirilir
Ukraynanın səhiyyə naziri Viktor Lyaşkonun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri çərçivəsində Azərbaycan səhiyyə naziri Teymur Musayev ilə görüşü baş tutub.
Bu barədə BAKU.WS-ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, Teymur Musayev səfərin Azərbaycan ilə Ukrayna arasında səhiyyə sahəsində strateji tərəfdaşlığın möhkəmləndirilməsinə, farmasevtika, onkologiya, pediatriya, kardiologiya və tibbi təhsil sahələrində birbaşa praktiki əməkdaşlığın inkişafına güclü təkan verəcəyini deyib. O bildirilib ki, eyni zamanda, iki ölkənin səhiyyə nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsinə yeni imkanlar yaradacaq.
Öz növbəsində Ukraynanın səhiyyə naziri ölkəsinə göstərdiyi humanitar yardımlara görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib:
"Heydər Əliyev Fondunun və Azərbaycan Səhiyyə Nazirliyinin dəstəyi ilə nazirliyin Sanatoriya-Kurort Bərpa Mərkəzində valideyn himayəsindən məhrum olan 7-17 yaşlı ukraynalı uşaqlar üçün reabilitasiya kursunun təşkili bunun əyani təsdiqidir".
Daha sonra iki ölkənin səhiyyə nazirlikləri arasında səhiyyə və tibb elmi sahəsində yenilənmiş Əməkdaşlıq haqqında Saziş imzalanıb.
Sənədi Azərbaycanın səhiyyə naziri Teymur Musayev və Ukraynanın səhiyyə naziri Viktor Lyaşko imzalayıblar.
Əməkdaşlıq haqqında Sazişin mahiyyətini vurğulayan Teymur Musayev və Viktor Lyaşko qeyd ediblər ki, sənədin əsas məqsədi hər iki ölkənin səhiyyə sistemlərinin gücləndirilməsi və institusional çərçivənin genişləndirilməsi, əhalinin sağlamlığının inkişafına töhfə verilməsi, habelə əməkdaşlıq proqramlarının həyata keçirilməsidir. Eyni zamanda, sənəd xalq təbabətinin, farmasevtika sənayesinin, həmçinin tibbi təhsilin inkişafı sahələrində strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün hüquqi çərçivə yaradır.
Səfər çərçivəsində Azərbaycanın Milli Onkologiya Mərkəzi ilə Ukrayna Milli Xərçəng İnstitutu, Azərbaycanın K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu ilə Ukraynanın "Oxmatdıt" Uşaq Xəstəxanası, eləcə də kardioloji mərkəzlər arasında Əməkdaşlıq Memorandumları imzalanıb.
Həmçinin, Azərbaycan Tibb Universiteti ilə Xarkov Milli Tibb Universiteti arasında tələbə və mütəxəssis mübadiləsi, birgə elmi tədqiqatların həyata keçirilməsi də daxil olmaqla yeni Əməkdaşlıq Memorandumu imzlanıb.
İmzalanan sənədlər iki ölkə arasında səhiyyə sahəsində uzunmüddətli və səmərəli strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edir.
Qalereya
Oxşar xəbərlər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Dövlət Turizm Agentliyi jurnalistlər üçün Palçıq Vulkanları Turizm Kompleksinə mediatur təşkil edib. BAKU.WS xəbər verir ki, Palçıq Vulkanları Turizm Kompleksi...