Gilas və alçanın qiyməti nə vaxtdan ucuzlaşacaq? - AÇIQLAMA
"Gilas və alçanın qiymətləri hazırda mövsümün əvvəlində olduğu üçün yüksəkdir. Lakin bazar müşahidələri göstərir ki, qarşıdakı 15-20 gün ərzində məhsul yığımı artdıqca qiymətlər tədricən stabilləşəcək və müəyyən qədər ucuzlaşacaq".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, mövsümün ilk mərhələsində qiymətlərin yüksək olması təbii hesab edilsə də, bu il bahalaşma əvvəlki illərlə müqayisədə daha qabarıq şəkildə hiss olunur:
"Bunun əsas səbəblərindən biri inflyasiya və məhsulun maya dəyərinin artmasıdır. Əkin, becərmə, suvarma, gübrələmə, işçi qüvvəsi və daşınma xərclərinin yüksəlməsi son nəticədə bazardakı satış qiymətlərinə də təsir edir. Digər mühüm amil isə hava şəraitidir. Son aylarda bəzi bölgələrdə müşahidə olunan aramsız yağışlar və güclü küləklər məhsuldarlığa mənfi təsir göstərərək bazara çıxarılan məhsulun həcmini azaldıb.
Qiymətlərin yüksək qalmasının əsas səbəblərindən biri də satış zəncirində çoxsaylı vasitəçilərin iştirak etməsidir. Hazırda məhsul əksər hallarda fermerdən birbaşa istehlakçıya çatmır. Kənddə istehsalçıdan alınan məhsul əvvəlcə rayon mərkəzinə, sonra topdansatış məntəqələrinə, daha sonra isə bazarlara yönləndirilir. Nəticədə məhsul bir neçə dəfə əl dəyişir və hər mərhələdə üzərinə əlavə xərc qoyulur. Bu isə qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olur".
AQC sədri hesab edir ki, dövlət tərəfindən fermerlərin bazara birbaşa çıxış imkanlarının genişləndirilməsi, müasir tədarük və logistika sisteminin yaradılması qiymətlərin daha sabit olmasına kömək edə bilər:
"Belə bir model həm istehsalçının məhsulunu daha sərfəli qiymətə satmasına, həm də alıcıların məhsulu daha münasib qiymətə əldə etməsinə şərait yaradar. Bu halda həm fermer qazanmış olar, həm də gilas və alça kimi mövsümi meyvələrin qiymətində süni bahalaşmanın qarşısı alınar".
Orxan Hüseyn
Oxşar xəbərlər
XƏBƏRDARLIQ - Bu tarixdə Bakıda yağış yağacaq
Bakıda və Abşeron yarımadasında iyunun 7-si günün birinci yarısında arabir yağış yağacağı gözlənilir. BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya...