Ekspert: "Dövlət xaricə təhsilə göndərilən hər tələbə üçün 40-50 min dollar sərf edir" - MÜSAHİBƏ
Xaricdə təhsil üzrə Dövlət Proqramı Azərbaycanda gənclərin xaricdə ali təhsil imkanlarını genişləndirir. Lakin proqramın tətbiqi, seçim meyarları və şəffaflıq məsələləri tez-tez müzakirə mövzusu olur. Bu mövzuda xaricdə təhsil üzrə ekspert Rizvan Qənbərli ilə söhbətləşdik.
Oxu.Az "Kaspi" qəzetinin müsahibəsini təqdim edir:
- Rizvan bəy, Dövlət Proqramının əsas məqsədi Azərbaycanda insan kapitalının inkişafıdır. Sizcə, bu məqsəd indiki seçim mexanizmi ilə uzlaşırmı?
- Bəli, proqramın məqsədi yaxın illərdə insan kapitalının inkişafı baxımından yetərlidir. Xaricdə təhsil istiqamətində gənclər populyar ixtisaslara yönəlirlər. Məsələn, tibb, hüquq və kompüter mühəndisliyi kimi sahələr daha çox seçilir. Bu ixtisasların təməlində duran fundamental elmlərə və əsas ixtisaslara isə maraq azdır. Halbuki həmin fundamental sahələr digər peşələrin və ixtisasların da bünövrəsini formalaşdırır. Bu baxımdan, xaricdə təhsil proqramında prioritet ixtisasların müəyyənləşdirilməsi çox önəmlidir. Bu ixtisaslarda dünyanın nüfuzlu universitetlərində əldə olunan keyfiyyətli təhsil və təcrübə Azərbaycanın yaxın gələcəkdə yüksəkixtisaslı kadrlarla təmin olunmasına böyük dəstək olacaq. Azərbaycanın insan kapitalının inkişafına və prioritet ixtisaslar üzrə keyfiyyətli təhsilə çox ehtiyacı var. Təəssüf ki, bu təhsil əsasən ölkə xaricində əldə olunur. Bu səbəbdən də proqramın fəaliyyətini müsbət qiymətləndirir, davamlı olmasını arzulayıram.
- Dövlət Proqramı xaricdə təhsil alanların beş il ölkədə işləməsini tələb edir, lakin təhsildən sonra hər kəs ölkəyə qayıtmır. Sizcə, bu şərtin yenilənməsinə ehtiyac varmı?
- 2008-2015-ci illərdə müəyyən ixtisaslar üzrə hökumətlərarası təqaüd proqramı mövcud idi. Lakin oraya gedən tələbələrin çoxu geri qayıtmadığı üçün məcburi qayıtma şərti qoyuldu. Fəlsəfi baxımdan düzgün yanaşma budur ki, dövlət investisiya qoyur, kadrlar yetişdirir və bu kadrlar ölkəyə qayıtmalıdır. Lakin məzun olduqdan dərhal sonra beş illik məcburiyyət, fikrimcə, düzgün deyil. Məsələn, bu il 300-dən çox tələbə magistr təhsili üçün xaricə göndərilib. Onların illik təhsil haqqı və yaşam xərclərini nəzərə alsaq, dövlət hər tələbə üçün 40-50 min dollar sərf edir. Birillik təhsillə onları dərhal beşillik əmək fəaliyyətinə məcbur etmək, həmin tələbələrin insan kapitalı kimi formalaşmasına əngəl ola bilər. Məncə, tələbələrə müəyyən qədər möhlət verilməlidir. Müəyyən şərtlər qoyulmalıdır ki, onlar təhsilini başa vurduqdan sonra qlobal universitetlərdə və ya beynəlxalq şirkətlərdə təcrübə toplaya bilsinlər. Məsələn, Oksford Universitetində birillik təhsil alan tələbə məzun olduqdan sonra akademik və ya elm adamı kimi iş təklifi alırsa, onu dərhal beşillik məcburiyyətlə ölkəyə qaytarmaq əvəzinə, 2-3 il həmin universitetdə təcrübə toplamasına imkan verilməlidir. Eyni yanaşma "Google", "Amazon", NASA kimi qlobal şirkətlərdə təcrübə qazanan tələbələrə də tətbiq oluna bilər. Bu, həm onların təhsilindən maksimum fayda götürülməsini təmin edər, həm də ölkəyə qayıtdıqda daha yüksəksəviyyəli kadr kimi töhfə verə bilərlər. Yəni, beşillik məcburiyyətin dərhal tətbiqi problemli sahəmizdir.
- Rəqəmlərə baxsaq, bakalavr təhsili üzrə hər il cəmi 125 gənc bu proqramdan yararlana bilir. Sizcə, bu sayın artırılmasına ehtiyac varmı?
- Bakalavr pilləsində rəqabət çoxdur. Bizim kimi cəmiyyətlərdə ailələr üçün universitet təhsili övladlarının 11 illik məktəb həyatının ən vacib nəticəsidir. Onlar bu mərhələyə çox ciddi hazırlaşır və abituriyentlə birlikdə məqsədyönlü şəkildə addım-addım irəliləyirlər. Nəticədə ortaya kifayət qədər iddialı namizədlər çıxır və onların arasından cəmi 125 nəfəri seçmək, doğrudan da, asan iş deyil. Əgər düzgün yanaşma tətbiq olunarsa, bu 125 nəfərlik kvota əslində kifayət qədər əhəmiyyətli rəqəmdir. Amma büdcə imkan versə, sayın artırılması da heç kimə zərər verməz. Məni say deyil, daha çox seçim prosesi narahat edir. Çünki əsas məsələ neçə nəfərin seçilməsi yox, kimin və necə seçilməsidir. Ola bilər ki, 125 nəfəri 300-ə qədər artıraq, amma həmin 300 nəfərdən yalnız 30-u dörd il ərzində proqramın məqsədlərinə real şəkildə töhfə versin. Bu səbəbdən, burada əsas diqqət kəmiyyətə deyil, keyfiyyətə yönəlməlidir.
- Seçilən ixtisas və universitetlərin 70 faizinə yalnız 12 illik təhsil və ya beynəlxalq proqram diplomu olanlar müraciət edə bilirlər. Sizcə, bu kriteriya düzgündürmü?
- Düzgün deyil. Çünki belə olan halda sosial ədalətlilik aradan qalxır. Ən önəmli məsələlərdən biri də odur ki, biz xaricdə təhsil təqaüdü baxımından abituriyentlərə şans vermək istəyirik, amma həmin abituriyentləri 11 illik təhsil sistemi ərzində vermədiyimiz imkanlarla sınağa çəkirik. Bu isə, açıq desək, həm məntiqsiz, həm də bir qədər absurd görünür. Bizdə hələ 12 illik təhsil sistemi yoxdur, dərsdənkənar sosial bacarıqlar, 21-ci əsr üçün vacib sayılan tənqidi düşünmə, oxuduğunu anlama kimi bacarıqlar məktəblərdə yetərincə formalaşmır. Amma məhz bu bacarıqlara sahib olmayan gəncləri təqaüdlü təhsil üçün seçməyə çalışırıq.
Digər tərəfdən, iki tələbəni götürsək, hər ikisi eyni universitetə qəbul olub, akademik nəticələri də bənzərdir. Əgər hər ikisi seçim meyarlarına uyğun gəlirsə, sənədləri qəbul olunur və müsahibə mərhələsinə dəvət alır. Məhz bu mərhələdə bəzən qəribə situasiyalar yaşanır. Bu tələbələrin universitetə qəbul olmaq üçün çəkdikləri əziyyət, göstərdikləri akademik səylər bəzən münsiflər heyətinin subyektiv dəyərləndirmələrindən asılı olur. Məsələn, bir tələbənin ailəsinin maddi imkanı zəif olub, heç bir dərsdənkənar fəaliyyətlə məşğul ola bilməyib. Digəri isə əksinə, ailəsinin dəstəyi ilə rəsm kurslarına gedib, hətta xaricdə sərgilərdə iştirak edib. Və ya biri basketbol topu almağa belə çətinlik çəkib, digəri isə rahat şəkildə idman zalında məşq edib, müəllimlə çalışıb. Müsahibədə "boş vaxtını necə keçirirsən?" sualına biri "heç nə ilə", digəri "basketbolla məşğul oluram" cavabını verəndə artıq balans pozulur. Əlbəttə, bu bacarıqlar dərsdənkənar fəaliyyət, yaradıcılıq, sosial çeviklik yeni nəsil gəncliyin formalaşmasında çox vacibdir. Amma bu, hər kəsin bərabər imkanlara malik olduğu anlamına gəlmir. Onların qiymətləndirilməsinin münsiflərin 15-20 ballıq subyektiv dəyərləndirməsinə bağlanması şəffaflıq suallarını qaçılmaz edir. Təqaüd proqramının şəffaflığı ilə bağlı konkret iddiam və ya ittihamım yoxdur. Sadəcə, narahatlığım var.
- Sizcə, sosial ədaləti bərpa etmək üçün prosedurlar sadələşdirilməli, yoxsa çətinləşdirilməlidir? Yəni, qəbul cavabında hansı meyarlar əsas götürülməlidir?
- Prosedurların sadələşdirilməsi namizədlərin sayını artırmaq deməkdir. Amma namizədlərin çoxalması eyni zamanda seçimin daha da çətinləşməsi anlamına gəlir. Əslində, proqram çərçivəsində təqdim olunan universitetlər və ölkələr təhsil keyfiyyətinə görə kifayət qədər yüksək səviyyəlidir. Onlar dünya universitetləri reytinqlərinin zirvəsində qərarlaşan, qəbul prosesi çox çətin olan ali məktəblərdir. Bu baxımdan, həmin universitetlərə qəbul ala bilən tələbələr arasından seçim aparmaq, proqramın sağlam və dayanıqlı şəkildə davam etməsi üçün daha məntiqli yanaşmadır. Lakin burada başqa bir problem də var. Xüsusilə bakalavr pilləsində elə universitetlər və ixtisaslar var ki, demək olar, heç kim oraya getmək istəmir. Bəzən bir-iki istisna hal olur, amma ümumilikdə nə müraciət edən var, nə də həmin xətlə xaricdə təhsil alan. Bu səbəbdən, bakalavr səviyyəsində təqdim olunan ölkələr və proqramlar daha məqsədyönlü şəkildə şaxələndirilməlidir. Yəni, əgər doğrudan da müəyyən universitetlərə qəbul ola biləcək potensiallı tələbələr yetişibsə, həmin qapılar onlara açılmalıdır. Əksinə, biz hazırda "çətinləşdirmək" adı altında seçim meyarlarını elə bir formaya salmışıq ki, bu, sosial ədalətsizlik yaradır. 12 illik təhsil tələbi buna nümunədir. Azərbaycan hələ 12 illik təhsilə keçmədiyi üçün, bu tələbi əsasən beynəlxalq məktəblərdə oxuyan, özəl təhsil alan şagirdlər qarşılayırlar. Nəticədə, bu qrup abituriyentlər üçün əlavə üstünlük, yəni sosial avantaja çevrilir. Halbuki, əslində çətinləşdirmə sosial ədaləti artırmaq üçün edilməlidir, məhdudlaşdırmaq üçün yox. Məsələn, ABŞ kimi 12 illik təhsil sistemi tələb etməyən ölkələrin universitetləri niyə bakalavr səviyyəsində siyahıya daxil edilmir? Rusiyada yerləşən universitetlərlə ABŞ-nin ali məktəblərini yan-yana qoymaq mümkündür, amma biz əvəzində daha çox Britaniyanın 12 illik təhsil əsaslı universitetlərini təqdim edirik. Bundan başqa, siyahıya elə universitetlər də daxildir ki, onların qəbul nəticələri dövlət proqramının qalibləri açıqlanandan sonra bəlli olur. Belədirsə, bu universitetləri siyahıya salmağın nə mənası var?
Məsələn, Türkiyə və Almaniya kimi ölkələrin universitetləri adətən nəticələri avqust ayında elan edirlər. Amma biz onları da proqrama daxil edib oraya tələbə seçməyə çalışırıq. Nəticədə, bu, seçimi asanlaşdırmaq yox, əksinə, prosesi daha da qarışıq və çətin edir. Yəni, bizim istəyimiz prosedur çətinliyi deyil, təhsil keyfiyyəti baxımından çətinlik olmalıdır.
- Rizvan bəy, bəzi ölkələrdə imtahan nəticələri ilə yanaşı, sosial-iqtisadi faktorlar da nəzərə alınır. Bizdə belə bir sistem tətbiq edilə bilərmi?
- Əlbəttə, proqram çərçivəsində tələbələrin maliyyə təminatı məsələsi həssasdır. Burada ciddi problem təqaüdün dərhal dayandırılması ilə bağlıdır. Məsələn, birinci yarımillikdə tələbənin kəsiri varsa, onun təqaüdü dərhal kəsilir. Bu yanaşma həmişə düzgün deyil. Çünki bəzi universitetlərdə birinci semestrdə yaranan kəsir ikinci semestrdə və ya yay dövründə əlavə dərslər götürməklə aradan qaldırıla bilər. Yanvarda birinci semestr bitir, əgər kəsir varsa, tələbə ikinci semestrdə bütün təhsil xərclərini öz hesabına ödəməli olur. Amma qəbul olunan universitetlərin yarımillik təhsil haqları çox vaxt ailələr üçün böyük maliyyə yüküdür. Tələbələri tədris ilinin ortasında belə sərt bir sınaqla üz-üzə qoymaq doğru deyil.
- Müsahibə mərhələsində abituriyentlərə mane olan ən böyük problemlərdən biri məktəblərdə dərsdənkənar fəaliyyətlərin yetərli olmamasıdır. Dövlət məktəblərində dərsdənkənar fəaliyyətlər və "soft skill"lərin inkişafı üçün hansı infrastruktur boşluqları var?
- Əzbərçi təhsil sistemi istər-istəməz bizi dərsdənkənar bacarıqlardan uzaqlaşdırır. Ailələr də, uşaqlar da bu bacarıqların nə qədər önəmli olduğunu dərk etməkdə çətinlik çəkirlər və haqlıdırlar. Çünki sistem elə qurulub. Orta məktəbdə və hətta ali təhsil üçün qəbul imtahanlarında tələb olunan əsas bacarıq yüksək bal toplamaqdır. Bu isə repetitorluğun inkişafına gətirib çıxarır. Yəni, dərsdənkənar bacarıqlardan daha çox, repetitorluq ön plana çıxır. Təbii ki, bu, təşviq ediləcək bir model olmalıdır. Məktəblərdə yumşaq bacarıqları inkişaf etdirən klubların təkmilləşdirilməsi bunun bir hissəsidir. Eyni zamanda kurrikulum və dərs vəsaitlərində də dəyişiklik edilməli, əzbərçi modeldən bacarıq əsaslı modelə keçid yolları tapılmalıdır.
- Sizcə, hər ölkənin iqtisadi vəziyyəti və yaşayış dəyəri nəzərə alınaraq diferensial (ölkəyə uyğun) təqaüd sistemi tətbiq edilməlidirmi?
- Mütləq diferensial yanaşma tətbiq olunmalıdır. Yəni, təqaüd miqdarı müəyyən edilərkən fərqli ölkələrdəki yaşam xərcləri nəzərə alınmalıdır. Təbii ki, hazırkı məbləğ müəyyən edilərkən bu faktorlar nəzərə alınıb, amma qeyd etmək lazımdır ki, bu, 2022-ci ildə tətbiq olunan məbləğ əsasında hazırlanıb və yenilənməsinə ehtiyac var. Xüsusilə hansı ölkələrdə həyat xərcləri daha çox artıbsa, həmin ölkələr üçün təqaüd miqdarlarının yenidən nəzərdən keçirilməsi vacibdir. Bu, proqramın həm ədalətli, həm də realist olmasını təmin edəcək.
Oxşar xəbərlər
Ən çox əziyyət çəkən bürclər açıqlandı
Astroloqların fikrincə, bəzi bürclər emosional həssaslıqları və həyatdakı çətinliklərə qarşı dərin yanaşmaları səbəbindən digərlərindən daha çox əziyyət çəkirlə...