Dövlət Komitəsinin sədri beynəlxalq konfransda çıxış edib

Dövlət Komitəsinin sədri beynəlxalq konfransda çıxış edib
Foto
Sosial 10

Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman dini idarə rəhbərləri Şurasının 7-ci Görüşü çərçivəsində "İslam dünyasının mədəni irsində Seyid Yəhya Bakuvi zirvəsi: Mötədil dəyərlər və müasir çağırışlar" mövzusunda I Beynəlxalq konfrans keçirilib.

BAKU.WS xəbər verir ki, konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türk Dövlətləri Təşkilatı çərçivəsində mənəvi-mədəni inteqrasiyanın və dini sahədə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Bizim bir ailəmiz var, o da Türk dünyasıdır" fikrinin bu sahədə əsas prinsip olduğunu diqqətə çatdırıb.

Komitə sədri TDT-yə üzv ölkələrin dini məsələlərə məsul dövlət qurumları rəhbərlərinin Şuşada keçirilən Birinci Görüşünü əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm addım kimi qiymətləndirib. Müasir dövrdə islamofobiya, dini radikalizm və yad ideoloji təsirlərə qarşı birgə mübarizənin, xüsusilə gənclərin maarifləndirilməsinin vacibliyini qeyd edib. TDT-yə üzv ölkələrin dini məsələlərə məsul dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün yekunu kimi Şuşada qəbul edilmiş Kommünikenin məhz bu hədəflərə çatmaq üçün yol xəritəsi olduğunu deyib. R.Məmmədov qeyd edib ki, bu baxımdan dövlət-din münasibətləri müstəvisində qarşıda duran strateji vəzifələrin reallaşdırmağın əsas yolu müasir tələblərə cavab verən ixtisaslı kadrların yetişdirilməsidir. Ölkəmizdə savadlı mütəxəssislərə olan tələbatın ödənilməsi və ilahiyyat elminin akademik inkişafının təmin edilməsində Azərbaycan İlahiyyat İnstitutu xüsusi rola malikdir.

R.Məmmədov, eyni zamanda türk-islam sivilizasiyasının zəngin irsindən danışaraq Seyid Yəhya Bakuvinin ümumtürk mənəvi irsindəki xüsusi rolunu vurğulayıb. Bildirib ki, Bakuvi irsinin qorunması və təbliği xalqlarımızın mənəvi birliyinin möhkəmləndirilməsinə xidmət edir. Komitə sədri, həmçinin Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən "Seyid Yəhya Bakuvi adına təqaüd"ün təsis edildiyini, gələn ildən etibarən isə Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Seyid Yəhya Bakuvinin irsinə həsr olunmuş beynəlxalq simpoziumun keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Dövlət Komitəsinin sədri vurğulayıb ki, bu mənəvi irsin işığında TDT platformasında həyata keçirilən birgə fəaliyyət, Bakuvi kimi ümumtürk simvollarının irsinin qorunub yaşadılması ortaq tarixi məsuliyyətdir. O, bugünkü müzakirələrin türk dünyasının mənəvi birliyinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər