Dərmandan mütəmadi istifadə edənlərə qiymətlərlə bağlı VACİB AÇIQLAMA

Dərmandan mütəmadi istifadə edənlərə qiymətlərlə bağlı VACİB AÇIQLAMA
Açıqlama
Sosial 108

"Azərbaycanda dərman qiymətlərinin yüksək olmasının əsas səbəbləri idxaldan asılılıq, məhdud bazar və logistika xərcləridir".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.

AQC sədri həmçinin deyib ki, ölkədə yerli dərman istehsalı çox zəifdir və daxili tələbatı ödəmək gücündə deyil:

"Nəticədə bazar əsasən xaricdən gətirilən dərmanlar hesabına formalaşır. Bu isə həm nəqliyyat, həm də gömrük xərclərinin qiymətlərə əlavə olunmasına səbəb olur.

Dərman bazarı məhdud sayda şirkətin nəzarətindədir və bazarda söz sahibi olan bu şirkətlər qiymətlərin formalaşmasına birbaşa təsir göstərirlər. Bu da real rəqabəti zəiflədir və qiymətlərin ucuzlaşmasının qarşısını alır".

Vüqar Oruc son dövrlər atılan bəzi addımları müsbət qiymətləndirib:

"Yerli istehsalın təşviqi, elektron resept sisteminin tətbiqi və ucuz alternativ dərmanların əlçatanlığı qiymətlərin tənzimlənməsinə kömək edə bilər. Eyni zamanda, gömrük rüsumlarının və əlavə xərclərin azaldılması da vacib addımlardan biridir.

Problem təkcə qiymətlərlə məhdudlaşmır, dərmanların keyfiyyəti də ciddi suallar doğurur. Bəzi vətəndaşlar Azərbaycanda satılan dərmanların qonşu ölkələrdəki analoqlardan daha az effektiv olduğunu düşünür və bu səbəbdən dərmanları xaricdən almağa üstünlük verirlər".

Bu baxımdan, AQC sədri dərman satışının və keyfiyyətinin dövlət tərəfindən daha ciddi nəzarətdə saxlanılmasının, dərmanların tərkibi və təsir imkanlarının laborator müayinələrlə yoxlanılmasının vacibliyini vurğulayıb:

"Mövcud şərtlər fonunda Azərbaycanda dərmanların bahalı olması qaçılmazdır və problemin həlli üçün kompleks islahatlara ehtiyac var".

Orxan Hüseyn

Son xəbərlər