Dayanacaqlarda sıxlıq və gecikmələrin əsas səbəbi nədir? – Ekspert AÇIQLADI

Dayanacaqlarda sıxlıq və gecikmələrin əsas səbəbi nədir? – Ekspert AÇIQLADI
Açıqlama
Sosial 119

Bakı sakinlərinin ictimai nəqliyyatdan ən çox şikayət etdiyi məqamlardan biri dayanacaqlarda yaşanan sıxlıq və avtobusların gecikməsidir. Bəs bu vəziyyətin əsas səbəbləri nədir?

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev BAKU.WS-in sualını cavablandırıb.

Ekspert bildirib ki, dayanacaqlarda əhali sıxlığının bir neçə səbəbi var:

"Əgər böyük şəhərdən danışırıqsa, bu təbiidir, çünki şəhər yüklənir. Keçən ildən etibarən avtobus zolaqları çəkilib və bu da əvvəlki illərlə müqayisədə avtobusların daha sürətli hərəkətinə şərait yaradıb. Hazırda avtobusla bir məntəqəyə çatmaq, avtomobillə getməkdən daha sürətlidir. Bundan başqa, avtopark da yenilənir. Bu il üçün müəyyən say elan olunub".

Ekspertin sözlərinə görə, sərnişindaşınmadakı yük təkcə avtobusların üzərində olmamalıdır:

"Yük digər nəqliyyat vasitələri arasında bölünməlidir. Bu məqsədlə artıq dövlət proqramı təsdiqlənib. Burada əsas məqam metronun inkişafı, yeni xəttlərin tikintisi və yerüstü tramvay xəttlərinin bərpasıdır.

Bundan əlavə dəmir yolu nəqliyyatında bu ilin sonunadək gündəlik hədəf 50 min daşınmadırsa, növbəti 5 il ərzində bu rəqəmin 250 minə çatdırılması mümkündür. Bu isə dəmir yolu nəqliyyatının paytaxtda daha aktiv istifadəsinə yönəlmiş strateji məqsəddir".

Rauf Ağamirzəyev piyada infrastrukturunun da təkmilləşdirilməsinin vacibliyini vurğulayıb:

"Piyada yollarına və səki infrastrukturuna baxış keçirilməli, lazım gəldikdə yenidən qurulmalıdır. Çünki bu sahədə ciddi problemlər var. Piyada, ictimai nəqliyyat və velosiped yolları arasında fiziki maneələr olmamalıdır. Vətəndaş özü qərar verməlidir ki, hansı nəqliyyat növündən istifadə etsin və onun ən son düşünəcəyi vasitə fərdi avtomobil olmalıdır".

Xatırladaq ki, bu istiqamətdə artıq dövlət səviyyəsində də addımlar atılır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2025-ci il tarixli 456 nömrəli Sərəncamı ilə təsdiqlənmiş "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın tədbirlər planına əsasən, Bakı şəhərində piyadaların maneəsiz hərəkətinin təmin edilməsi məqsədilə səkilərin vəziyyətinin araşdırılması, panduslarla birlikdə yenidən qurulması və zəbt olunmuş hissələrin aradan qaldırılması üzrə zəruri tədbirlər Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib.

Sonda Rauf Ağamirzəyev qeyd edib ki, Bakı azsaylı şəhərlərdən biridir ki, burada "rəqəmsal əkiz" aləti mövcuddur:

"Bu alət müxtəlif mənbələrdən toplanmış datalar əsasında simulyasiya aparır. Layihələrin icrası nəticəsində mövcud nəqliyyat şəbəkəsində hansı dəyişikliklərin baş verəcəyini təhlil edərək ən effektiv variantı təklif edir. Bu eyni zamanda data əsaslı qərarlar verilməsinə imkan yaradır. Hər hansı bir layhənin icrasında risklər minumuma enir".

Şahanə Xankişiyeva

Son xəbərlər