COVID-2019 həyatımızda nəyi dəyişib? - Həkimdən açıqlama
"COVID-19 pandemisindən sonra həyatımızda bir çox şey yarımçıq qaldı və dəyişdi. Bu dəyişikliklər həm şəxsi, həm sosial, həm də iqtisadi sahələri əhatə etdi".
Bu barədə Kliniki Tibbi Mərkəzinin Torakal Cərrahiyyə Şöbəsinin müdiri Fəhmin Əmirov BAKU.WS əməkdaşı ilə söhbəti zamanı bildirib.
Həkim düşünür ki, pandemiyadan ən çox təsirlənən işçi qrupu səhiyyə işçiləri olub.
"Onlar bəzən fasiləsiz və çətin şəraitdə risk altında işləmək məcburiyyətində qaldı. Bu isə onların səhhətlərinə, psixikalarına və ailə münasibətlərinə neqativ təsir etdi", - deyə Fəhmin Əmirov bildirib.
Həkimin sözlərinə görə, pandemiya səbəbilə bir çox xəstəliklərin diaqnozu və müalicəsi gecikdi:
"Həkimlər və digər səhiyyə işçiləri bütün gücünü, vaxtını, enerjisini bu xəstəliyə ayırdığı üçün planlı həkim müraciəti və profilaktik tədbirlər pandemiya dövründə yarımçıq qaldı, bu da bəzən ciddi sağlamlıq problemlərinə səbəb oldu.
Məsələn onkolojik xəstələrin müalicəsi ləngidi, radyodiaqnostik prosedurlar məşğul olduğu üçün onkolojik xəstələrin diaqnostikası gecikdi, planlı cərrahiyyələr bir müddət təxrə salındı, digər xəstəliklər səbəbilə diaqnostika və müalicələrdə ciddi əksikliklər oldu və s".
Pandemiyadan sonra insanlar arasında fiziki ünsiyyət azaldı.
Həkim deyir ki, qapanmalardan sonra insanlar arasında canlı görüşlər azaldı və insanlar sanki özlərinə qapanmağa öyrəşdilər:
"Bir çox görüşlər, tədbirlər, toylar, yığıncaqlar, məclislər ya təxirə salındı, ya da virtual olaraq keçirildi.
Hələ də bu alışqanlığın təsirindən çıxa bilməyən bəzi insanlar əvvəlki kimi geniş sosial ünsiyyətdə olmaqdan çəkinir.
Bu bizim sosiyal həyatımızın pandemiyadan necə təsirləndiyini göstərir. Təhsil müəssisələri müvəqqəti bağlandı və bir çox şagird, tələbə və müəllim üçün uzaqdan təhsil forması həyatın ayrılmaz hissəsinə çevrildi.
Bənzər təhsil forması hələ də tamamilə bərpa olunmayıb və bir çox məktəb və universitetlər hibrid formatda dərs keçməyə davam edir.
Pandemiyadan sonra bir çox iş yerləri uzaqdan iş rejiminə keçdi və bu, bəzi yerlərdə hələ də davam edir. Ofislərə tam qayıtma prosesləri yavaş gedir, bəzi müəssisələrdə tamamilə uzaqdan iş modeli qalıcı olmağa davam etdi".
Fəhmin Əmirovun sözlərinə görə, pandemiyanın gətirdiyi stress və qeyri-müəyyənlik bir çox insanda psixoloji təsir buraxdı:
"Sosial izolyasiya, qorxu və gələcəyə olan qeyri-müəyyənlik bəzi insanlarda depressiya və narahatlıq pozuntularına səbəb oldu.
Beynəlxalq səyahətlər pandemiyadan sonra yaxın keçmişə qədər tam olaraq bərpa olunmamışdı. Sərhədlərdən keçmək üçün tələblər dəyişdi və bəzi ölkələr hələ də sərt məhdudiyyətlər tətbiq edir.
Pandemiya bir çox sahədə dərin iz buraxdı və bəzən hələ də bu təsirlərlə yaşamağa davam edirik. Həyatımızın tamamilə əvvəlki vəziyyətə qayıtması zaman ala bilər və bəzi dəyişikliklər isə daimi ola bilər".
Fəhmin Əmirovun sözlərinə görə, COVID-19 bir çox problemlərlə yanaşı, bəzi sektorlarda inkişafa səbəb oldu:
"Bəzi sektorlarda canlanma və müsbət dəyişikliklər oldu. Məsələn pandemiyada təhsil və iş məsələləri onlayn iştrak ilə həyata keçdiyindən, videokonfranslar, onlayn təhsillər, onlayn iş görüşmələri pandemiyadan sonra da ənənəvi hala çevrildi.
Bu həm texnologiyanın inkşafına səbəb oldu həm də insanların texnoloji biliklərini, xüsusən orta və yaşlı nəsli texnologiyaya yaxınlaşdırdı.
Eyynilə səhiyyə sistemində də tele-tibb, rəqəmsal səhiyyə, elektron sağlamlıq qeydləri, onlayn resept kimi yeniliklər nəticəsində müsbət dəyişikliklər baş verdi.
Həm də maska taxmaq, şəxsi gigyena kimi vərşişlər formalaşaraq gələcək dövrlər üçün bu mövzuda daha diqqətli və təfəkkürlü bir nəsil olduq.
Həm də bu dövrdə peyvəndin nə qədər önəmli bir vasitə olduğunu bir daha xatırlamış olduq, bu isə gələcəkdə əmələgələbiləcək epidemiya, pandemiyalarda bizə işıq tutacaq.
Karantin və sənaye fəaliyyətlərinin azalması hava kirliliyinin azalmasına və ekaloji vəziyyətin yaxşılaşmasına səbıb oldu.
Karantin müddətində bu xəstəlik üzərində daha dərindən araştırmalar aparılaraq dünyəvi miqyasda stsistikalar, nəticələr və araştırmalar mübadilə edildi, tibbi ədəbiyyatlar zənginləşdi.
Bir qrup iş insanı evdə uzun müddət vaxt keçirdiyi zaman ailə üzvlərinin alışqanlıqlarına, xasiyyətlərinə, rutinlərinə, dayanıqlığına və səbrinə bir daha diqqət yetirərək ailələrini təkrar tanımaq fürsəti əldə etdi, ailə bağları gücləndi.
Bir qrup insan isə həyət evlərinin bina evindən daha konforlu, daha izolyasiya olunmuş, daha ekolojik sağlam və daha lazımlı olduğu qərarına gələrək rayonlara, kəndlərə və həyət evlərinə köçərək pandemiyanın müsbət mənada qazananları oldu".
Həkim deyir kiI, bütün bunlara nəzər yetirdiyimizdə COVID-19 pandemiyasının daha çox mənfi, qismən müsbət təsirlərini görürük.
Ziya SƏCCAD
Oxşar xəbərlər
Bakıda daha bir küçədə mikromobillik imkanları genişləndirilir
Daha bir küçədə mikromobillik imkanları genişləndirilir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən verilən məlumata görə, görülən işlər çərçivəsində Kövkəb Səf...