Çimərliklərdə uşaqlarınızı gözləyən böyük TƏHLÜKƏ

Çimərliklərdə uşaqlarınızı gözləyən böyük TƏHLÜKƏ
Sosial 347

Yay aylarında valideynlərin ən sevdiyi istirahət formalarından biri övladlarını dənizə aparmaqdır. Dəniz havası, duzlu su, qumda oynamaq – bütün bunlar ilk baxışda sağlamlıq üçün faydalı görünə bilər. Xüsusən uşaqlar üçün… Lakin yay istisində çimərliklər təkcə istirahət deyil, eyni zamanda gizli və ciddi təhlükə mənbəyinə çevrilə bilər. 

Bəs uşaqları çimərlikdən gələn təhlükələrdən necə qorumaq olar?

Məsələ ilə bağlı pediatr Vaqif Qarayev BAKU.WS-ə açıqlama verərək bildirdi ki, normalda dəniz suyunun tərkibində infeksiya olmamalıdır. Üstəlik dəniz havası balacalar üçün çox faydalıdır:

"Son günlər az qala hər gün mətbuatdan oxuyuram ki, dənizə tullantılar atılır. Bu da elə infeksiya deməkdir. Ötən dəfə rəsmi qurum məlumat yaymışdı ki, fikan ərazidə çimərliyə getməyin. Üzərindən yarım saat keçmədi ki, gördüm ki oradan paylaşım ediblər. Hər dəfə qurumları qınamağın tərəfdarı deyiləm. Düzdür çimərliklərə indi nəzarət edilməməlidir, il boyu monitorinq aparılmalıdır. Dənizin suyu özü-özümü təmizləyəndir. Əhalinin günahı odur ki, hansı çimərliyə gəldi çimməyə gedirlər. Çox adam qadağalara məhəl qoymur". 

"Əslində çimərlik, dəniz suyu, havası, qumu uşaqlar üçün faydalıdır. Bu uşaqların sümük-əzələ sisteminə, immunitetin güclənməsinə çox faydalıdır. Bir şərtlə ki, düzgün saatda gedilsin. Saat 11:00-dan, 17:00-a qədər dənizə getmək olmaz. Son günlər saat 09:00-da havanın temperaturu 40 dərəcə olur. Deməli bu saatda da çıxmaq olmaz. Buna görə də vaxtı seçmək insanın özündən asılıdır. Elə vaxt seçməlisən ki gün vurmasın. Son günlər günvurma ilə bağlı çox sayda zənglər, şikayətlər var. Sonra da valideyn deyir ki, uşaq istədi, apardım. Axı olmaz", - deyə həkim vurğulayıb. 

Pediatr daha sonra çimərlikdə qarpız yeyənlərə xəbərdarlıq etdi:

"İsti havada kəsilən qarpız 30 dəqiqə ərzində yeyilməlidir. Əgər çox qalırsa tərkibindəki bakteriyaların sayı 1/10 artır. Çünki şirindir və bakteriyalar da şirniyyatı sevir. Dənizə gedən valideynlər isə qarpızı kəsirlər və bütün günü uşaqlara yedirirlər. Soruşanda da deyir ki, gün vurmayıb, amma izhal problemi var. Bu da qarpızdandır. Mən demirəm yeməsinlər, elə çimərliyin ləzzəti qarpızdır". 

Vaqif Qarayevin sözlərinə görə, dənizdən qayıtdıqdan sonra uşaqda baş ağrıları, başgicəllənmə, ürəkbulanma və halsızlıq varsa bu günvurmanın ilkin əlamətləridir. Bu zaman mütləq həkimə müraciət edilməlidir:

"Ağır hallarda huşun itməsi olur. Son günlər rast gəlinir. Heç olmasa çimərlikdə çətirlərdən istifadə edilməlidir. Axşam saat 5-də, birbaşa qızmar günəş altında dənizin kənarında olmaq çox təhlükəlidir. Şüa birbaşa uşağın başına düşür. Yayda dənizə gedən uşaqlarda dəri yanıqlarına da tez-tez rast gəlinir. Dəri piqmentinin qaralması əlbəttə ki xeyirdir. Bu immuniteti gücləndirir, amma yetər ki normal qaydada olsun".

Son olaraq pediatr qeyd edib ki, küləkli havada da uşaqları dənizə aparmaq olmaz. Söhbət tək boğulmaqdan getmir. Çünki orada rütubət var və küləkli havada da bu rütubət artır. Uşaqlar çox asanlıqla soyuqdəyməyə məruz qalırlar. 

Banu Hüseynli

Son xəbərlər