Burun spreyi eşitmə və təzyiq riski yarada bilər
Soyuqdəymə, qrip və allergiya zamanı burun tutulmasınırr aradan qaldırmaq üçün istifadə edilən burun spreyləri bir çox insan üçün sürətli həll yolu hesab olunur.
BAKU.WS-in məlumatına görə, lakin həkimlər xəbərdarlıq edir ki, bu preparatlardan nəzarətsiz və uzunmüddətli istifadə ciddi sağlamlıq riskləri yarada bilər.
Mütəxəssislərin sözlərinə görə, burun boşluğu ilə orta qulaq arasında birbaşa anatomik əlaqə var. Bu səbəbdən damar daraldıcı təsirə malik spreylər selikli qişada quruluq və şişkinlik yaradaraq qulaqda təzyiq hissi, tutulma, küy və hətta müvəqqəti eşitmə zəifləməsinə səbəb ola bilər. Bəzi hallarda xəstələr qulaqda doluluq hissi və eşitmənin azalması şikayəti ilə həkimə müraciət edirlər.
Bununla yanaşı, bu tip spreylərin tərkibində olan maddələr yalnız burun nahiyəsinə deyil, ümumi qan dövranına da təsir göstərə bilər. Xüsusilə yüksək qan təzyiqi olan insanlarda arterial təzyiqin artması, ürəkdöyünmənin sürətlənməsi və baş ağrısı kimi hallar müşahidə edilə bilər. Ürək-damar xəstəliklərindən əziyyət çəkənlər, yaşlılar və hamilə qadınlar risk qrupuna daxildir.
Həkimlər bildirirlər ki, burun spreylərindən 5-7 gündən artıq istifadə etmək "rebound" effekti yarada bilər. Yəni preparatın təsiri bitdikdən sonra burun daha güclü tutulur və insan yenidən sprey istifadə etməyə məcbur qalır. Bu isə dərman rinitinə və xroniki burun problemlərinə gətirib çıxara bilər.
Mütəxəssislər tövsiyə edir ki, burun spreylərindən yalnız həkim məsləhəti ilə istifadə olunsun, uzunmüddətli tətbiqdən çəkinilsin və alternativ olaraq duzlu su məhlullarına üstünlük verilsin. Əgər qulaqda təzyiq, küy və ya eşitmə zəifləməsi yaranarsa, vaxt itirmədən lor-həkimə müraciət etmək vacibdir.
Unutmaq olmaz ki, uzun müddət davam edən burun tutulması başqa xəstəliklərin əlaməti ola bilər. Problemi müvəqqəti aradan qaldırmaq əvəzinə, əsas səbəbi araşdırmaq sağlamlıq üçün daha doğru yanaşmadır.
Oxşar xəbərlər
İftardan dərhal sonra siqaret çəkməyin fəsadları açıqlanıb
Ramazan ayında oruc tutan bir çox insan iftar süfrəsindən qalxan kimi siqaretə üz tutur. BAKU.WS-in məlumatına görə, mütəxəssislər isə xəbərdarlıq edir ki, gün...