Bölgələrdən tələbələrin gəlişi Bakıda kirayə mənzilləri bahalaşdırıb

Bölgələrdən tələbələrin gəlişi Bakıda kirayə mənzilləri bahalaşdırıb
Sosial 143

Ali təhsil müəssisələrində dərslərin başlamasına az qalıb. Bu isə o deməkdir ki, Azərbaycanın müxtəlif bölgələrində yaşayan tələbələr kirayə mənzil axtarışı ilə paytaxta üz tutur.

BAKU.WS-in məlumatına görə, daşınmaz əmlak bazarı üzrə ekspert Elnur Fərzəliyev report-a açıqlamasında deyib ki, bölgələrdən tələbələrin gəlişi ilə əlaqədar Bakıda kirayə mənzil qiymətləri artıb:

“İyun-iyul ayları ilə müqayisədə hazırda Bakıda kirayə mənzillərin qiymətində 15-20% artım müşahidə edilir. Yayda 300-350 manata olan mənzillər indi təqribən 400 manata təklif olunur. Kirayə mənzillərə əsas tələbat Yasamal rayonundadır. Çünki ali təhsil müəssisələrinin çoxu bu rayonda yerləşir. Yasamalda ev tapmayan tələbələr hansısa metro stansiyasına yaxın ərazidə ev tapmağa çalışırlar. Bəzən qiymətlər baha olanda tələbələr Bakı ətrafında yerləşən Abşeron, Xırdalan, Masazır kimi ərazilərə üz tutur. Belə olanda həmin tələbənin hər gün ali məktəbə gedib-gəlməsi bir neçə saat vaxt itkisinə səbəb olur".

Onun sözlərinə görə, hazırda bir otaqlı ümumi həyət evinin kirayə qiyməti təqribən 150 manat, iki otaqlılar 200 manatdır: "Köhnə 3-5 mərtəbəli bina evlərində bir otaqlı mənzillər 300-400 manat, iki otaqlılar 400-500 manat, üç otaqlılar isə 500-700 manata təklif ediir. Yeni tikili binalarda kirayə mənzillərin qiyməti daha bahadır. Bu binalardakı bir otaqlı mənzilin kirayə qiyməti təxminən 500 manat, iki otaqlı mənzilin 600 manatdır. Bunun üzərinə kommunal xərcləri də gələndə qiymətlər 10-20% artır. Həyət evlərinin isə kirayə qiymətləri nisbətən ucuzdur”.

E.Fərzəliyev qeyd edib ki, hər il Bakıda ucuz qiymətə kirayəyə verilən mənzillərin sayı azalır, qiyməti isə artır:

“Əsas səbəb Bakıdakı söküntü işləridir. Pilot layihələr üzərindən köhnə çoxmənzilli yaşayış binalarının sökülməsi həmin binalardakı ucuz qiymətə kirayəyə verilən mənzilləri bazardan çıxarır. Həmin binaların sakinləri özləri də söküntü zamanı kirayədə qalmağa məcbur olur. Bir binanın sökülüb yenisinin tikilməsi azı 2-3 il çəkir. Bir-dörd bloklu beşmərtəbəli binada yaşayan altmış ailə həmin ərazidə 60 mənzili kirayəyə götürüb orda 2-3 il qalmalı olur. Söküntü işləri isə davamlı olaraq gedir. Əvvəllər köhnə beşmərtəbəli binalarda bir otaqlı mənzil təqribən 300 manat, iki otaqlı mənzil 400 manata idisə, həmin bina sökülür, yerində daha geniş və tam təmirli bina tikilir və həmin binada bir otaqlı mənzilin kirayə qiyməti 500 manat, iki otaqlının isə 600 manat olur. Bakıda köhnə binaların söküntüsü hələ uzun müddət davam edəcək ki, bu da mərhələli şəkildə ucuz qiymətə olan kirayəlik mənzillərin kirayə bazarından çıxmasına səbəb olacaq”.

Ekspert deyib ki, ümumi həyət evlərinin söküntüsü paytaxtda ucuz kirayə mənzil tapmağı daha da çətinləşdirib:

“Şəhər mərkəzində “Sovetski” və digər ərazilərdə ucuz qiymətə kirayə mənzillər olurdu. Bu ərazilərin bir hissəsi sökülüb. Ali təhsil müəssisələri yaxınlığında, Yasamal rayonu və “Təbriz” küçəsində 100-150 manata ümumi həyət evləri kirayəyə təklif edilirdi. “Təbriz” küçəsi, “Qarabağ” küçəsi və digər paralel küçələrin böyük hissəsi artıq sökülüb. Orda yeni tikili binalar tikildiyinə görə, həmin ərazilərdə ucuz kirayə mənzil tapmaq çətinləşib. Tələbələrin də bölgələrdən gəlməsi kirayə mənzil bazarında qıtlıq və qiymət artımına gətirir. Hər il sentyabr ayında minlərlə tələbənin bölgələrdən Bakıya üz tutması minlərlə mənzilin tələbələr tərəfindən kirayələnməsi deməkdir. Nəzərə alaq ki, tək tələbələr deyil, Bakı sakinlərinin də bir hissəsi kirayədə qalır. Şəhərdə yaşayan yeni ailə qurmuş gənc cütlüklər də kirayə mənzil tapmaqda çətinlik çəkir. Köhnə evlərin davamlı olaraq sökülməsi insanların ucuz mənzil tapmasına çətinlik yaradır. Artıq məcburən bir otaqda 3-4, bəzən 5 tələbə yaşayır ki, kirayə pulunu ödəyə bilsinlər. Bu il ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayı daha çox oldu. Bu da qiymətin daha çox artmasına gətirib”.

E.Fərzəliyev hesab edir ki, bu problemlərin həlli üçün addımlar atılmalıdır: "Ya ali təhsil müəssisələri bölgələrə köçürülməlidir ki, həmin ərazilərdə də kirayə mənzil bazarı inkişaf etsin, tələbələr üçün kirayə mənzil tapmaq rahat olsun, ya da tələbələr üçün yataqxanalar tikilməlidir. Çünki həm ali təhsil müəssisələrin və fakültələrin sayı, həm də tələbələrin sayı artır. Amma onların yaşaması üçün kirayə mənzillər günbəgün tükənir. Bu da ciddi problemlərə gətirib çıxaracaq. Bir otaqda çox sayda tələbənin qalması onların dərs oxuyarkən bir-birinə mane olmasına və nəticədə təhsillərində geriləməsinə səbəb ola bilər”.

Son xəbərlər