Sosial mənzillərə qeydiyyat başlayır: QİYMƏTLƏR- 5 min manatdan başlayır

Sosial mənzillərə qeydiyyat başlayır: QİYMƏTLƏR- 5 min manatdan başlayır
Sosial 55131

Sosial evlər almaq üçün "Güzəştli mənzil” elektron sistemi may ayından işə düşəcək və güzəştli mənzillərə sahib olmaq  istəyən minlərlə insan üçün elektron müraciətlərin qəbulu o vaxtdan başlanacaq.

BAKU.WS Lent.az-a istinadən evsiz ailələrin marağını nəzərə alaraq sosial mənzillərə sahib ola biləcək şəxslərin siyahısını, qiymətləri, şərtləri, tələb olunan sənədləri təqdim edir:

Güzəştli mənzil nədir?

Güzəştli mənzil dedikdə mənzilin qiymətinin bazar qiymətindən aşağı olması nəzərdə tutulur və eyni zamanda vətəndaşlara ödənişi uzunmüddətli kredit alaraq etmək imkanı yaradılır. Mənzil sahibi olmaq istəyənlərə İpoteka Fondunun güzəştli kreditindən yararlanaraq 3 ildən 30 ilədək ödəniş etmək imkanı yaradılacaq. Həmçinin güzəştli mənzillər tam təmirli vəziyyətdə, mətbəx mebeli ilə təchiz olunmuş şəkildə sahibinə təqdim olunacaq.

Qeyd edək ki, sosial evlərin birinci kompleksinin tikintisi üçün Bakı şəhər, Yasamal rayonunda 11,6 hektar ərazi ayrılıb. Yasamal yaşayış kompleksi 29 yaşayış binasından ibarət olacaq. Bu isə 1843 mənzil deməkdir. Mənzillər 1, 2 və 3 otaqlı olacaq. Bu layihədə dördotaqlı mənzil nəzərdə tutulmayıb. 

Bununla yanaşı, 960 nəfərlik orta təhsil müəssisəsinin, 240 nəfərlik uşaq bağçasının tikintisi planlaşdırılır. Ümumi ərazinin 3,5 hektar hissəsi yaşıllıq olacaq. İlk sosial mənzillərin 2018-ci ilin yay aylarında təhvil verilməsi gözlənilir. 12  on iki mərtəbəli 1 bloklu, 17 doqquz mərtəbəli 2 bloklu bina tikilir. 1 otaqlı mənzillərin ölçüsü 31 kvadrat, ikiotaqlı mənzillər 51-58 kvadrat, üçotaqlı mənzillərin ölçüsü isə 69-70 kvadratdan başlayır.

Sosial evləri kimlər ala bilər?

Xatırladaq ki, dövlət başçısının müvafiq fərmanı ilə təsdiq olunmuş Qaydaya əsasən aşağıdakı kateqoriyalara aid olan şəxslər güzəştli mənzil əldə etmək hüququna malikdirlər.

Gənc ailənin üzvü olan aşağıdakı şəxslər:

1)    şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

2)    Milli Qəhrəman (özü, əri/arvadı, övladları);

3)    məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

4)    ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs;

5)    ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;

6)    fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

7)    idman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer);

Bununla yanaşı, yaşından və ailə vəziyyətindən asılı olmayaraq, aşağıdakı şəxslər də güzəştli mənzil əldə etmək hüququna malikdirlər:

1)    elmlər doktoru elmi dərəcəsi olan şəxs;

2)    ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs;

3)    ən azı 3 il hərbi xidmətdə olan (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları ("Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla);

4)    ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs.

Gələcəkdə bu kateqoriya şərtlərinin genişləndiriləcəyi gözlənilir.

Gənclər haqqında qanuna görə, gənc ailə dedikdə, yaşları 35-ə qədər olan iki şəxsin nikahı nəticəsində yaranan ailə nəzərdə tutulur. Bundan başqa, yaşı 35-ə qədər olan, himayəsində uşaq olan tək valideyn də gənc ailə sayılır.

Qiymətlər...

Azərbaycanda tikiləcək sosial mənzillərdə aylıq ödəniş elə müəyyən olunacaq ki, bu məbləğ oxşar evlərin aylıq kirayə haqqından artıq olmasın. Mənzil İnşaatı Dövlət Agentliyinin inşa etdiyi binalardakı evlər bazar qiymətindən aşağı müəyyən olunacaq. 

İqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, 1 otaqlı mənzil üçün aylıq ödəniş təxminən 150-160 manat, 2 otaqlılar üçün 200-210 manat, 3 otaqlılar üçün isə 310-320 manat, ilkin ödəniş 10 faiz olacaq. Bu o deməkdir ki, əgər mənzilin qiyməti 50 min manatdırsa, o zaman 5 min manat ilkin ödəniş lazım olacaq.

MİDA-nın direktoru Samir Nuriyev açıqlamalarından birində bildirib ki, mənzillərin qiyməti orta bazar qiymətindən 20-25 faiz aşağı olacaq: "Ev almaq istəyənlər 4%-lik kreditlə 30 ilədək aylıq ödənişə mənzil sahibi ola biləcəklər. İlkin olaraq 10% ödəmək lazımdır.  Çalışacağıq ki, birotaqlı mənzillərin qiyməti 130-150 manatdan yuxarı olmasın".

Ödəniş necə həyata keçiriləcək?

Təsdiq olunmuş qaydalara əsasən, sosial mənzillərin həm nağd qaydada, həm də 3 ildən 30 ilədək müddətdə İpoteka Fondunun güzəştli ipoteka sistemi vasitəsilə satışı nəzərdə tutulur. 

Ödəniş üçün mənzil sahiblərinə 3 seçim təqdim olunacaq. Birincisi, İpoteka Fondunun güzəştli ipoteka kreditindən yararlanaraq ödənişi etmək. İkincisi, həmin şəxs öz vəsaiti hesabına nağd pulla ödənişi edə bilər. Üçüncü seçim isə vətəndaş artıq nə vaxta ipoteka krediti götürübsə, yenidən həmin kreditdən götürə bilmədiyi üçün hansısa bir bankdan, maliyyə kredit təşkilatından kredit alaraq mənzil əldə edə bilər.

Sosial mənzilləri almaq üçün necə qeydiyyata düşmək olar?

Qeydiyyat "güzəştli mənzil” elektron sistemi vasitəsilə aparılacaq. Bildirək ki, hazırda "Güzəştli mənzil” elektron sisteminin əsasnaməsinin hazırlanması istiqamətində işlər davam etdirilir. "MİDA” MMC-nin sərəncamında olan mənzillərin güzəştlə əldə edilməsini təmin etmək məqsədilə mayın 1-dən etibarən "Elektron hökumət” portalında (www.e-gov.az) çalışacaq "Güzəştli mənzil” sistemi 2 pilləli olacaq:

1-ci mərhələdə sözügedən elektron sistem vətəndaşın müraciətinin qeydiyyata alınmasını, onun müvafiq kateqoriyaya aid olduğu təsdiqləndikdə vətəndaşın şəxsi elektron kabinetinin yaradılmasını təmin edəcək. Elektron kabinetə sahib olmuş vətəndaş güzəştli mənzil almaq hüququnu əldə edir.

2-ci mərhələdə vətəndaş satışa çıxarılan mənzillər barədə KİV-də elanlarla tanış ola biləcək, şəxsi elektron kabineti vasitəsilə də bildirişlər alacaq, mənzillərin yerləşdiyi yaşayış kompleksi, binalar və mənzillərin interyeri ilə virtual tanış olmaq və seçim etmək imkanını əldə edəcək.

Mayın 1-də "Güzəştli mənzil” sistemi fəaliyyətə başladıqdan sonra "MİDA” MMC-nin nümayəndələri "ASAN xidmət” mərkəzlərində müvafiq kateqoriyalara aid vətəndaşlara şəxsi elektron kabinetin yaradılması ilə bağlı informasiya dəstəyi göstərəcəklər.

Müraciət edən insan ilk növbədə qeyd edilən kateqoriyaya uyğun olduğunu təsdiqləyən sənədlərini təqdim etməlidir. Bəlli müddət ərazində yoxlama aparılacaq və vətəndaşın  müvafiq kateqoriyaya aid olduğu təsdiqləndikdən sonra ona virtual kabinet yaradılacaq. Bu, onun güzəştli mənzil əldə etmək hüququnu təsdiq edən bir faktdır. Vətəndaş yenə elektron sistem vasitəsilə ünvan, bina, mənzil və mərtəbə seçimi edərək qərarını bildirəcək. Mənzili seçdikdən sonra  ödəniş rüsumunu seçəcək. Qeydiyyat Asan Xidmət mərkəzləri tərəfindən aparılacaq.

Bununla belə, Bakıda 1,3 və 5 saylı ASAN Xidmətlərdə və eləcə də Sumqayıt ASAN Xidmətdə artıq sosial evlər ilə bağlı bütün suallara aydınlıq gətirilir. Sosial ev almaq istəyənlər sözügedən xidmətlərə müraciət edə bilərlər.

Agentlikdən bildirilib ki, sosial mənzillərlə bağlı sifarişlər qəbul edildikdə onların nə vaxt edildiyi nəzərə alınacaq. Üstünlük ilk növbədə müraciət edənlərə veriləcək. Elan verildikdən sonra ilk növbədə müraciət edənlər daha böyük üstünlük əldə edəcəklər.

Hansı sənədlər lazımdır?

Güzəştlə mənzil əldə etmək hüququ olan vətəndaşlar tərəfindən təqdim olunmalı sənədlərin siyahıları dəqiqləşdirilib.

"MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququna malik olan şəxslər tərəfindən "Güzəştli mənzil” elektron sistemində qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

1. GƏNC AİLƏNİN ÜZVÜ OLAN ŞƏXSLƏR ÜÇÜN

("Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü bəndinə əsasən gənc ailə dedikdə yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideyn nəzərdə tutulur.)

1.1. Şəhid ailəsinin üzvü (əri/arvadı, övladları) tərəfindən təqdim edilməli sənədlər

əri/arvadı olduqda:

* Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş Şəhid ailəsinin statusu haqqında vəsiqənin notarial qaydada təsdiq olunmuş surəti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.2-ci bəndinə əsasən Şəhid ailəsinin statusu haqqında vəsiqə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələri tərəfindən verilir.);

* Şəhid olmuş ərin/arvadın ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

övladları olduqda:

* Müraciət edənin valideyninin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş Şəhid ailəsinin statusu haqqında vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Şəhid olmuş valideynin ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

2.2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları) tərəfindən təqdim edilməli sənədlər

özü olduqda:

* "Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

əri/arvadı olduqda:

Milli Qəhrəman sağ olduqda:

* "Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

Milli Qəhrəman vəfat etdikdə:

* "Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Milli qəhrəmanın ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

övladları olduqda:

* "Azərbaycanın Milli Qəhrəmanı” adının vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olumuş surəti;

* Müraciət edənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

1.3. Məcburi köçkün və ya ona bərabər tutulan şəxs tərəfindən təqdim edilməli sənədlər

* Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş, seriya və nömrəsi olan Məcburi köçkün statusu haqqında vəsiqənin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

1.4. Ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi növündə xidmət keçən şəxs tərəfindən təqdim edilməli sənədlər

dövlət qulluğunda qulluq edən şəxs:

* Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzindən dövlət qulluğunda qulluq müddəti göstərilməklə və hal-hazırda dövlət qulluğunda işləməsinə dair verilən arayış;

* İş yerindən arayış;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

dövlət qulluğunun xüsusi növündə qulluq edən şəxs:

* Dövlət qulluğunun xüsusi növündə qulluq müddəti göstərilməklə iş yerindən arayış;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

1.5. Ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs tərəfindən təqdim edilməli sənədlər

* Dövlət ümumtəhsil məktəbində staj müddəti göstərilməklə iş yerindən arayış;

* Əmək kitabçasının təsdiq olunmuş surəti (hər səhifədə "əsli ilə düzdür" yazılmaqla imzalı və möhürlü);

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

1.6. Fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs tərəfindən təqdim edilməli sənədlər

* Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş və ya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında nostrifikasiyadan keçmiş diplomun notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

1.7. İdman sahəsində xüsusi xidmətləri olan şəxs (fəxri bədən tərbiyəsi və idman xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, II və ya III yer) tərəfindən təqdim edilməli sənədlər

* Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyindən müraciətedənin idman sahəsində xüsusi xidmətlərini əks etdirən arayış;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edən evli olmadıqda – uşağının və ya uşaqlarından birinin doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti.

2. AİLƏ VƏZİYYƏTİNDƏN VƏ YAŞINDAN ASILI OLMAYARAQ DİGƏR ŞƏXSLƏR ÜÇÜN

2.1. Elmlər doktoru elmi dərəcəsi olan şəxs tərəfindən təqdim edilməli sənədlər

* Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən verilmiş və ya Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında nostrifikasiyadan keçmiş diplomun notarial qaydada təsdiq olunmuş surəti (Elmlər doktoru diplomu keçmiş SSRİ dövründə verildiyi halda – həmin diplomun notarial qaydada təsdiq olunmuş surəti);

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edən evli olduqda – müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edən evli olduqda – müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edən evli olmadıqda – müraciətedənin ailə vəziyyətinə dair arayış.

2.2. Ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs tərəfindən təqdim edilməli sənədlər

* Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzindən dövlət qulluğunda qulluq müddəti göstərilməklə və hal-hazırda dövlət qulluğunda işləməsinə dair verilən arayış;

* İş yerindən arayış;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edən evli olduqda – müraciət edənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edən evli olduqda – müraciət edənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edən evli olmadıqda – müraciət edənin ailə vəziyyətinə dair arayış.

2.3. Ən azı 3 il hərbi xidmətdə olan, həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulardan başqa), həmçinin ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları ("Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı, 41.0.7-ci, 41.0.8-ci, 41.0.10-cu, 42.0.3-cü, 42.0.4-cü və 42.0.5-ci maddələrində nəzərdə tutulan hallarda ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular istisna olmaqla) tərəfindən təqdim edilməli sənədlər

ən azı 3 il hərbi xidmətdə olan Azərbaycan Respublikasının hərbi qulluqçuları:

* İş yerindən hərbi xidmətdə qulluq müddəti göstərilməklə verilən arayış;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edən evli olduqda – müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edən evli olduqda – müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edən evli olmadıqda – müraciətedənin ailə vəziyyətinə dair arayış.

Ən azı 3 il xidmətdə olub ehtiyata və istefaya buraxılmış Azərbaycan Respublikasının hərbi qulluqçuları:

* Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə hərbi xidmətkeçmə müddəti və tərxis olunma maddəsi göstərilməklə verilmiş hərbi xidmətkeçmə haqqında arayış;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edən evli olduqda – müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edən evli olduqda – müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edən evli olmadıqda – müraciətedənin ailə vəziyyətinə dair arayış.

2.4. Ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs tərəfindən təqdim edilməli sənədlər

* Daxili işlər orqanında xidmət keçmə müddəti və xüsusi rütbəsi göstərilməklə iş yerindən verilən arayış;

* Müraciət edənin şəxsiyyət vəsiqəsi;

* Müraciət edən evli olduqda – müraciətedənin ərinin/arvadının şəxsiyyət vəsiqəsi;

* Müraciət edən evli olduqda – müraciətedənin nikah haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq olunmuş surəti;

* Müraciət edən evli olmadıqda – müraciətedənin ailə vəziyyətinə dair arayış.

Təqdim olunacaq sənədlərin müvafiq qurumlar tərəfindən yoxlanılması müddətini minimuma endirərək vətəndaşların rahatlığını təmin etmək məqsədilə aidiyyəti məlumat bazalarının "Güzəştli mənzil” sistemi ilə inteqrasiyası üçün tədbirlər görülüb.

Sözügedən sənədlər güzəştlə mənzil əldə etmək hüququ olan şəxslərin kateqoriyaları üzrə qruplaşdırılaraq Agentliyin tabeliyində olan "MİDA” MMC-nin internet səhifəsində yerləşdirilib.  Sözügedən kateqoriyalarla və hər bir kateqoriya üçün tələb olunan sənədlərin siyahıları ilə www.mida.az "internet-saytı”nın ana səhifəsində müvafiq olaraq "GÜZƏŞTLİ MƏNZİLİ KİM ALA BİLƏR?” və "TƏLƏB OLUNAN SƏNƏDLƏR” keçidləri vasitəsilə də tanış olmaq mümkündür.

"MİDA” MMC-nin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşların aidiyyəti sənədlərinin qəbuluna "Güzəştli mənzil” elektron sisteminin əsasnaməsi təsdiq olunduqdan sonra başlanılacaq. Sənədlərin qəbulunun başlanmasının tarixi barədə əlavə məlumat veriləcək.

Hazırda mənzil sahibi olanlar sosial ev ala bilərmi?

İqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, mövcud qanunvericilik mənzilə sahib olanların sosial evlərə müraciətini məhdudlaşdırmır. Bu isə o deməkdir ki, adına ev olanlar sosial mənzil almaq üçün müraciət edə bilərlər.

V. Bayramovun sözlərinə görə, kreditin olması da sosial mənzilə sahib olmaq üçün problem deyil. Krediti olanlar da sosial mənzil ala bilərlər. Sadəcə bu zaman aylıq kredit ödənişləri xərc olaraq müraciət edən şəxsin gəlirindən çıxılır. Əgər müraciət edənin gəliri bütün öhdəlik və xərc çıxıldıqdan sonra sosial evə müraciətə imkan verirsə, o zaman bu, mümkündür.

Rayonlarda qeydiyyatda olanlar Bakıda sosial ev üçün müraciət edə bilərmi?

Dəfələrlə rayonlarda qeydiyyatda olanların Bakıda inşa edilən sosial mənzillərə müraciət etmək hüququnun olub-olmaması ilə bağlı suallar ünvanlandığını vurğulayan Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan qanunvericiliyində belə məhdudiyyətlər yoxdur və rayonda qeydiyyatda olan vətəndaşlarımız da sosial mənzil almaq üçün müraciət edə bilər. Məsələn, sosial mənzil almaq istəyən şəxs Tərtər rayonunda yaşayırsa və Bakıda mənzilə müraciət etmək istəyirsə, o zaman burada heç bir məhdudiyyət olmayacaq. Güzəşti olan hər bir şəxs qeydiyyat yerindən asılı olmayaraq, Bakıda inşa edilən mənzillərə müraciət edə bilər.

Daha 4 min sosial mənzil tikiləcək

Güzəştli mənzillərlə bağlı ikinci layihəni gerçəkləşdirmək üçün Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində 20 hektar torpaq sahəsi "MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamına verilib. Bu ərazi "MİDA” MMC-yə güzəştli mənzil tikintisi üçün ayrılmış ikinci torpaq sahəsidir.

Ayrılmış torpaq sahəsində çoxmənzilli yaşayış binalarının tikintisini təmin etmək məqsədilə ilk növbədə ərazinin "Şəhərsalma əsaslandırılması”nın hazırlanması işinə başlanılacaq. Ərazidən şəhərsalma normalarına uyğun şəkildə səmərəli istifadə olunmasını təmin edəcək bu sənəd yaşayış massivinin həcm-planlaşdırma və funksional həllini əsaslandıracaq. Hazırlanacaq "Şəhərsalma əsaslandırılması”na uyğun olaraq növbəti mərhələdə yaşayış evlərinin və digər sosial məqsədli tikililərin eskiz layihələri və işçi sənədləri hazırlanacaq, habelə mühəndis-kommunikasiya təminatı sisteminin və yol-nəqliyyat infrastrukturunun yaradılması işi planlaşdırılacaq.

Agentlikdən bildirilib ki, Hövsanda ayrılmış ərazi iki dəfə böyük olduğundan, orda təxminən 4 min mənzil tikintisi nəzərdə tutulur.

Statistik göstəricilərə əsasən, Bakıda güzəştli mənzillərə tələbat çox olduğu üçün ikinci layihə də paytaxtda həyata keçiriləcək. Ancaq "Güzəştli mənzil” layihəsi bütün ölkəni əhatə etməlidir. Yaxın gələcəkdə Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonları, eləcə də digər rayon  mərkəzlərində güzəştli mənzillərin tikintisi nəzərdə tutulur.

Son xəbərlər