"Bir mərtəbə dedilər, üçünü tikdilər" - Bakının mərkəzində tikinti özbaşınalığı

Bir mərtəbə dedilər, üçünü tikdilər - Bakının mərkəzində tikinti özbaşınalığı
Foto
Sosial 45

Bakının Nəsimi rayonu ərazisində yerləşən Zorge parkında aparılan tikinti işləri ətrafında gərginlik artır. Tanınmış memar Elçin Əliyev sosial şəbəkə hesabında paylaşım edərək, parkın ərazisində qanunsuz tikinti və sənədlərin saxtalaşdırılması ilə bağlı ciddi ittihamlar irəli sürüb.

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, memar dövlət qurumlarını aşkar qanun pozuntularına reaksiya verməməkdə günahlandırıb.

E.Əliyev qeyd edib ki, ərazidəki məlumat lövhəsində binanın cəmi birmərtəbəli olacağı göstərilsə də, hazırda faktiki olaraq üçüncü mərtəbənin inşasına başlanılıb:

"Bakı sakinlərinin sevimli parkının ərazisində ortamərtəbəli bina ucalır. Məlumat lövhəsində cəmi bir mərtəbə göstərilsə də, artıq zirzəmi və birinci mərtəbədən sonra üçüncü mərtəbə tikilir. Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti və Nəsimi rayonunun baş memarı mənə şəxsən binanın yalnız birmərtəbəli olacağını bildirmişdilər".

Memar, həmçinin məlumat lövhələrindəki rəqəmlərin qısa müddətdə şübhəli şəkildə dəyişdirildiyini diqqətə çatdırıb:

- Ölçülər: Əvvəlcə 33×19 metr göstərilsə də, sonradan 33.2×19.8 metrə çatdırılıb.

- Hündürlük: İlkin olaraq 5.7 metr qeyd edilsə də, daha sonra sənəddə 6.6 metrə qədər artırılıb.

Elçin Əliyev Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsini və Bakı Şəhər İcra Hakimiyyətini cinayət işi başlamaq əvəzinə sükut nümayiş etdirməkdə ittiham edib. O, 13.12.2024 tarixli (№38731) dövlət ekspertizası rəyi və 13.06.2025 tarixli (№ETİ-36/25) tikintiyə icazə sənədlərinin qanuniliyini sual altına alaraq, bu sənədlərə hansı əsasla dəyişiklik edildiyinin açıqlanmasını tələb edib.

Son xəbərlər