Bayram öncəsi ət 36 MANATA - Ekspertdən bazarla bağlı diqqətçəkən AÇIQLAMA
Qurban bayramı yaxınlaşdıqca bazarlarda qurbanlıq heyvan və ət qiymətləri yenidən gündəmə gəlib. Tələbatın artması fonunda vətəndaşlar qiymətlərdə ciddi bahalaşmanın olub-olmayacağı ilə maraqlanırlar.
Mövzu ilə bağlı BAKU.WS-ə danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bayram ərəfəsində iri və xırdabuynuzlu heyvanların qiymətində ənənəvi artım müşahidə olunur:
"Adi günlərlə müqayisədə Qurban bayramı öncəsi bazarda canlanma yaranır. Bu dövrdə həm fermerlər, həm də satış prosesində iştirak edən vasitəçilər daha çox qazanc əldə etməyə çalışırlar".
Ekspertin sözlərinə görə, qiymət artımının qarşısını qismən almaq məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yarmarkalar təşkil olunur, bəzi marketlərdə isə endirim kampaniyaları keçirilir. Lakin bu addımlar bazardakı ümumi bahalaşmanı tam dayandırmağa kifayət etmir:
"Bu tədbirlər daha çox lokal xarakter daşıyır. Qiymətlərin sürətlə artmasının qarşısını müəyyən qədər alsa da, bayram günlərində bahalaşma yenə də qaçılmaz olur".
Vüqar Oruc qeyd edib ki, Azərbaycanda daxili istehsal mövcud tələbatı tam ödəmədiyi üçün xaricdən diri heyvan və ət idxalı davam edir. Son illər idxal məhsullarının bazardakı payı da artıb.
Onun sözlərinə görə, qiymət artımından ən çox qazanan tərəf isə fermerlər deyil, vasitəçilər olur:
"Bazarda tranzit satışla məşğul olan şəxslər daha böyük gəlir əldə edirlər. Yerli məhsullara üstünlük verilsə də, idxal olunan ətlər də bazarda geniş yer tutur".
Ekspert hazırda mal ətinin kiloqram qiymətinin 18-24 manat arasında dəyişdiyini bildirib. Onun sözlərinə görə, Qurban bayramı ərəfəsində qiymətlərdə təxminən 10 faizə qədər artım ola bilər:
"Quzu ətinin qiyməti hazırda 30 manat civarında olsa da, bəzi hallarda 35-36 manata qədər yüksələ bilər. Qoyun ətinin kiloqramı isə hazırda 20-23 manat arasında dəyişir".
İqtisadçı əlavə edib ki, vətəndaşlar əsasən yerli ətə üstünlük versələr də, ölkənin istehlak tələbatını yalnız daxili istehsal hesabına qarşılamaq mümkün deyil. Buna görə də idxal məhsulları bazarın əsas hissələrindən biri olaraq qalır. Xaricdən gətirilən mal-qara əti yerli məhsullarla müqayisədə orta hesabla 2 manat daha ucuz satılır.
Oxşar xəbərlər
"Yuxunu da müalicə edirik" – pulmonoloq peşəsinin görünməyən tərəflərindən danışdı
Rusiyalı pulmonoloq-somnoloq Dmitri Duykin peşəsinin çətinlikləri, pandemiya dövründə yaşadıqları və xəstələrin ən qeyri-adi davranışları barədə danışıb. BAKU.W...