Bakının mərkəzi yolunda PROBLEM - Avtobuslar bu hala salır?
Bakının mərkəzi hissəsində yerləşən 28 May küçəsində yenidən yol problemləri müşahidə olunur.
BAKU.WS-in məlumatına görə, 2024-cü ilin avqust ayında aparılan əsaslı təmir işləri nəticəsində K. Səfərəliyeva küçəsindən Puşkin küçəsinədək olan, təxminən 500 metrlik hissə yenilənib.
Lakin 2025-ci ilin noyabrına olan vəziyyət göstərir ki, küçənin Puşkin istiqamətinə yaxın hissəsində asfalt səthində dalğalanmalar yaranıb.
Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, bu deformasiyaların əsas səbəbi avtobusların intensiv şəkildə dayanması, hərəkətə başlaması və kəskin əyləcləməsidir:
"Şəhərin digər dayanacaqlarında da oxşar vəziyyət müşahidə olunur və bu, asfaltın belə yüklənmələrə davam gətirə bilməməsindən irəli gəlir. Problemin uzunmüddətli həlli üçün dayanacaq və kəsişmə nöqtələrində asfalt əvəzinə yüksək möhkəmliyə malik sement-beton örtük tətbiq edilməlidir.
Sement-betonun bir sıra üstünlükləri var. Yükdaşıma qabiliyyəti daha yüksəkdir, temperatur və təzyiq dəyişmələrinə daha davamlıdır, avtobus marşrutlarında uzunömürlülüyü təmin edir".
Ekspert vurğulayıb ki, bu yanaşma şəhərin dayanacaq nöqtələrində tez-tez baş verən təmir ehtiyacını azaldar və ümumilikdə yol infrastrukturunun ömrünü artırar.
"Bakıda bəzi yollar yenicə təmir olunsa da, marşrut dayanacaqlarında qısa müddətdə çöküklər yaranır. Bu, texnoloji yanaşmanın düzgün seçilməməsindən qaynaqlanır. Yüklü hissələrdə sement-beton tətbiqi bu problemi minimuma endirə bilər", - deyə Rauf Ağamirzəyev qeyd edib.
Orxan Hüseyn
Oxşar xəbərlər
Məktəbəqədər təhsilə cəlb olunmanın artırılması modelləri
Azərbaycanın təhsil sistemində ən həssas sahələrdən biri məktəbəqədər təhsildir. Son onilliklərdə bu sahədə həm infrastruktur, həm də idarəetmə səviyyəsində cid...