Bakıda ucuz torpaq sahəsini haradan almaq olar? - QİYMƏTLƏR VƏ ƏRAZİLƏR
"Bakıda torpaq sahələrinin qiymətləri son illərdə davamlı şəkildə artmaqdadır. Hazırda əmlak bazarında təqdim olunan nisbətən ucuz torpaq elanlarının əhəmiyyətli hissəsi kənd təsərrüfatı təyinatlı torpaqlardır".
Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, bu torpaq sahələrinin əksəriyyətində yaşayış evi tikintisinə icazə verən hüquqi status və ya təyinat dəyişikliyi ilə bağlı müvafiq sənədlər mövcud olmur:
"Təcrübə göstərir ki, torpaq almaq istəyən bəzi vətəndaşlar qiymətin cəlbedici olmasına üstünlük verərək hüquqi məsələləri ikinci plana keçirirlər. Nəticədə isə sonradan ciddi problemlərlə üzləşirlər. Torpaq sahəsi alınarkən onun təyinatı mütləq yoxlanılmalıdır. Yaşayış evinin tikintisi üçün yalnız yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan sahələrin alınması məqsədəuyğundur.
Əks halda, kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilən tikililərin rəsmiləşdirilməsi çətinləşir və ya ümumiyyətlə mümkün olmur. Belə evlər qanunsuz tikili hesab oluna, gələcəkdə çıxarışın alınması, alqı-satqı və digər hüquqi əməliyyatlar zamanı problemlər yarada bilər.
Hazırda Bakı və Abşeron yarımadasında nisbətən münasib qiymətə torpaq tapmaq mümkün olan ərazilər sırasında Zirə, Digah, Türkan və Güzdək qəsəbələri göstərilir. Bu ərazilərdə torpaq sahələrinin qiyməti sahədən, yerləşmədən və sənədləşmə vəziyyətindən asılı olaraq təxminən 3500 manatdan başlayaraq 5 min manata qədər dəyişə bilir.
Bundan əlavə, Ramana, Bina, Binə və Hövsan qəsəbələrində də torpaq bazarında müəyyən təkliflər mövcuddur. Həmin ərazilərdə bəzi torpaq sahələri 5-10 min manat aralığında satışa çıxarılsa da, yaşayış təyinatlı və tam sənədli torpaqların qiyməti adətən daha yüksək olur.
Əvvəlki illərlə müqayisədə Bakıda və ətraf qəsəbələrdə yaşayış təyinatlı torpaqları aşağı qiymətə tapmaq getdikcə çətinləşir. Qiymətə təsir edən əsas amillər torpaq sahəsinin yerləşdiyi ərazi, infrastruktur təminatı, kommunikasiya xətlərinin mövcudluğu, yaşayış məhəllələrinə yaxınlıq, magistral yollara çıxış və bəzi hallarda dənizə yaxınlıq kimi amillərdir. Məhz bu faktorlar torpaq bazarında qiymət fərqlərinin formalaşmasında həlledici rol oynayır".
Orxan Hüseyn
Oxşar xəbərlər
Şuşada tarixi yaşayış binası təmir ediləcək - 1,4 MİLYONLUQ LAYİHƏ
Şuşa şəhərində yerləşən tarixi yaşayış evinin əsaslı təmiri və bərpası ilə bağlı satınalma müsabiqəsi elan edilib. BAKU.WS-in məlumatına görə, müsabiqə Şuşa Şə...