Bakıda ən ucuz evlər bu rayonda satılır

Bakıda ən ucuz evlər bu rayonda satılır
Sosial 818

Hazırda paytaxtın daşınmaz əmlak bazarında ciddi durğunluq müşahidə olunur. Bazarın istər mənzil, istərsə də həyət evləri ilə bağlı seqmentlərində alıcı qıtlığı özünü göstərməkdədir. Realtorlar bu tendensiyanı müxtəlif səbəblərlə izah edir.

BAKU.WS xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ceyhun Əhmədov bildirib ki, bazarda müşahidə edilən alıcı qıtlığı qiymətlərə də ciddi təsir göstərib:

"Həyət evlərindən danışırıqsa, burada ümumiyyətlə durğunluq hökm sürür. Əvvəllər Bakıya yaxın olan Masazır, Xırdalan, Biləcəri kimi qəsəbələrdə ev tapmaq müşkül məsələ idisə, hazırda situasiya tamam fərqlidir.

Satışlar kəskin surətdə azalıb. Bunun isə özlüyündə bir neçə səbəbi var. Əvvəla, yay aylarıdır, ona görə də, alıcılıq qabiliyyəti aşağı düşüb. Bu, ötən illər də belə idi.

Lakin başlıca səbəb, artıq bir çox insanın şəhərə yaxın və mərkəzi ərazilərdən mənzil almağa üstünlük verməsidir. Hər kəs iş yerinə, təhsil aldığı universitetə yaxın yerdə yaşamaq istəyir. Nəzərə alsaq ki, paytaxt yollarında tıxaclar gündən-günə intensivləşir, o zaman müştəriləri daha yaxşı başa düşmək olar”.

Ekspert hazırda Bakının bəzi yerlərində ev və torpaq qiymətlərinin kəskin surətdə ucuzlaşdığını diqqətə çatdırıb:

"Əvvəllər Bakının Sabunçu, Suraxanı, Binəqədi kimi rayonlarında həyət evləri intensiv formada satılırdı. Lakin hazırda vəziyyət kəskin dəyişib. Bu həm də tətbiq olunan yeni qaydalarla bağlıdır.

Artıq heç kim natamam sənədləri olan torpağı alıb ev tikmək istəmir. Çünki tikilən evə kommunal xətlərin çəkilməsi demək olar ki, mümkünsüzdür. Digər tərəfdən, son vaxtlar qanunsuz şəkildə zəbt olunmuş torpaq sahələrində aparılan tikinti işlərinin qarşısı sərt şəkildə alınır.

Bu baxımdan paytaxtda yaxın olan rayon və qəsəbələrdə torpaqların və evlərin əvvəlki qiymətlərindən olduqca aşağı təklif olunur. Siyahıya yenə Sabunçu, Suraxanı və Binəqədi rayonları başçılıq edir. Hazırda Abşeronda və Sabunçu rayonunda ucuz evlər tapmaq daha asandır”.

Oxşar xəbərlər

Son xəbərlər