Bakı bulvarı Bibiheybət və Zığa qədər uzanacaq? - RƏSMİ CAVAB
"Burada müasir şəhər parklarının rolu prizmasından yanaşma, düşünürəm ki, önəmli olardı. Müasir şəhər parkları sadəcə yaşıllıqların salındığı istirahət məkanı anlayışından kənara çıxır və özlüyündə müasir şəhərsalmada şəhər parklarının çox müxtəlif istiqamətlərdə fərqli funksiyaları meydana çıxır. Bu parklar şəhərin yaşıllıq infrastrukturunu təşkil edir, müxtəlif iaşə xidmətlərinin göstərildiyi ictimai məkanlar şəbəkəsi kimi çıxış edir".
BAKU.WS xəbər verir ki, bunu Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sədri Xanlar Ağalarov "Report" İnformasiya Agentliyi və "ARB" telekanalına geniş müsahibə zamanı deyib.
Onun sözlərinə görə, insanların sağlamlığının və aktiv həyat tərzinin elementi kimi rolu var. Eyni zamanda, şəhərin ekoloji və iqlim dayanıqlılığı ilə bağlı önəmli funksiyasını yerinə yetirir:
"Son dövrlərdə şəhərsalma nöqteyi-nəzərindən şəhər parklarının xüsusi önəmi onların şəhərin müxtəlif hissələri arasında bağlantı, əlaqələndirmə və müəyyən bir ictimai dəhliz kimi funksiyaları önə çıxır.
Bildiyimiz kimi, Bakı bulvarının tarixi artıq 117 illik bir dövrü əhatə edir. 1909-cu ildə bulvar salındıqda onun ərazisi indikindən dəfələrlə məhdud ərazidə və miqyasda fəaliyyət göstərirdi. Keçən müddət ərzində, növbəti onilliklər ərzində müasir şəhər parklarına xas olan funksiyaların Bakı bulvarında ardıcıllıqla bərqərar olduğunu demək mümkündür. Təbii ki, Bakı bulvarının bugünkü miqyasda, görkəmdə, ictimai funksiyalara uyğun formalaşması müstəqillik illərinə təsadüf edib. İlk olaraq 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin müvafiq fərmanı ilə Bakı bulvarına milli park statusu verilib və o artıq respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisi statusu əldə edib. Daha sonra ərazinin institusional idarəetməsi ilə bağlı mexanizmlər formalaşdırılıb, müvafiq fərmana uyğun olaraq Dənizkənarı Bulvar İdarəsi yaradılıb. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Bakı bulvarına daim xüsusi yanaşması və diqqəti ilə ərazinin genişləndirilməsi, daha da gözəlləşdirilməsi, abadlaşdırılması ilə bağlı çoxsaylı layihələr həyata keçirilib.
2012-ci ildə mövcud Bakı bulvarı indiki Dövlət Bayrağı Meydanı və Bayıl istiqamətində, Su İdmanı Sarayı istiqamətində, 2015-ci ildə isə indiki Ağ Şəhər bulvarı istiqamətində genişləndirilib. Bakı şəhərinin Baş Planında onun ərazisinin uzadılması ilə bağlı əks olunan planlar tarixinin davamı və şəhərimizdə son illər yaşıllıq sahələrinin artırılması ilə bağlı mövcud yanaşmanın tərkib hissəsidir.
Bu mənada Bakı bulvarının rolu gələcək perspektivdə necə dəyişə bilər? Nəzərə almaq lazımdır ki, Bakı bulvarının yeri və forması da unikaldır. Çünki şəhərin mərkəzində olduqca uzun ərazini əhatə edən bir ictimai məkandır. Bulvar ərazisinin Zığ və Bibiheybət kimi şəhərin kifayət qədər uzaq nöqtələrini birləşdirən bir ictimai məkana çevrilməsi Bakıda bulvarın sadəcə son təyinat nöqtəsi kimi deyil, şəhərin daxilində böyük bir ictimai dəhliz, yaşıllıq zolağına çevrilməsi mənasına gəlir".
Xanlar Ağalarov bunun şəhərin Xəzər dənizi ilə bağlılığı nöqteyi-nəzərdən böyük əhəmiyyəti var:
"Bakının həm tarixi, iqtisadiyyatı, kimliyi də Xəzər dənizi ilə bağlı olub. Xəzər dənizinin sahili boyu bulvarın və bu yaşıllıq zolağının perspektiv olaraq genişləndirilməsi o deməkdir ki, Bakı şəhərinin Xəzər dənizinə olan çıxışı bilavasitə böyük bir ictimai məkan vasitəsilə təmin ediləcək. Bunun həm də ekoloji və iqlim dayanıqlılığı nöqteyi-nəzərindən çox böyük əhəmiyyəti var. Müasir şəhərsalmada mavi və yaşıl infrastruktur su hövzələrinin və yaşıllıq ərazilərinin yanaşı yerləşməsinin ekoloji dayanıqlılığa böyük təsirləri var. Həmin zolağın genişləndirilməsi ərazinin mikroiqliminə, istilik, havanın təmizliyi ilə bağlı göstəricilər, ərazinin biomüxtəlifliyi, insanların yaşıllıq və təbiət ərazilərinə çıxışının daha da asanlaşdırılması kimi məsələlərə öz təsirini göstərəcək.
Son olaraq bir məqamı da vurğulamaq yerinə düşərdi ki, dediyiniz kimi Bakı şəhərinin Baş planında müxtəlif istiqamətlərdə şəhərimizin inkişaf etdirilməsi ilə bağlı prinsiplər və yanaşmalar öz əksini tapır. Buradakı yanaşmalardan biri də şəhərimizin polisentrik inkişaf prinsipinə uyğun olaraq, yəni çox mərkəzli inkişafın dəstəklənməsi ilə gələcək inkişafının təmin edilməsidir. Bununla bağlı təbii ki, şəhərimizin bu istiqamətdə inkişaf etdirilməsi, onun ərazisindəki böyük ictimai məkanlara da eyni təsirini göstərəcək.
Genişlənən Bakı bulvarı yalnız vahid mərkəzdə cəmləşmiş hansısa infrastruktur, xidmətlər vasitəsilə deyil, şəhərin çox böyük ərazisini əhatə edən müxtəlif infrastruktur klasterləri və cəlbetmə nöqtələri vasitəsilə insanlara əlçatanlığı artırmış olacaq. İnsanlar artıq milli parkın və Bakı Bulvarının təqdim etdiyi bu və ya digər xidmətlərə, infrastruktura əlçatanlığı onların uzun məsafə qət etməsi ilə deyil, bilavasitə yaşadıqları ərazilərdən daha yaxından əlçatanlığının təmin edilməsi məsələsini ortaya çıxarır".
Oxşar xəbərlər
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
Sentyabrın 25-də Bakının bəzi ərazilərində qaz olmayacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, təmir-qu...