Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib

Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
Foto
Sosial 41

Bu ilin yanvar-iyun aylarında Heydər Əliyev Beynəlxalq Aeroportu 3,334 milyon sərnişinə və 26,781 reysə xidmət göstərib.

Bu barədə BAKU.WS-ə Bakı aeroportundan məlumat verilib.

Məlumata əsasən, onlardan 2,960 milyona yaxını beynəlxalq istiqamətlər üzrə səyahət edib: "İlk yarımilliyin diqqətçəkən nəticələrindən biri transfer sərnişinlərinin sayında qeydə alınan artım olub. Bu müddət ərzində hava limanı vasitəsilə 275 mindən çox transfer sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 40 %-dən çox artım deməkdir".

Heydər Əliyev Beynəlxalq Aeroportunun marşrut şəbəkəsi də genişlənməyə davam edib. Hazırda hava limanında tam xidmət göstərən, aşağıbüdcəli və hibrid biznes modelinə malik ümumilikdə 40 aviaşirkətin fəaliyyət göstərməsi sərnişinlərə geniş seçim imkanı yaradır. "Air Serbia" və "FlyOne Asia" aviaşirkətlərinin fəaliyyətə başlaması marşrut şəbəkəsinin daha da genişlənməsinə töhfə verib. Hazırda hava limanından 76 istiqamət üzrə müntəzəm reyslər həyata keçirilir.

Ən çox tələbat olan beynəlxalq istiqamətlər İstanbul, Moskva, Tbilisi, Ankara və Dubay olub. Reyslərin sayına görə aparıcı xarici aviadaşıyıcılar sırasında "Turkish Airlines", "Israir", "Ajet", "Aeroflot" və "flydubai" yer alıb.

Sərnişin daşımaları ilə yanaşı, Azərbaycanın hava məkanında uçuşların intensivliyi də yüksəlib. "Azəraeronaviqasiya" HHİ (AZANS) tərəfindən ilin ilk altı ayında ölkənin hava məkanında 180 mindən çox uçuşa aeronaviqasiya xidməti göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 % çoxdur. Tranzit uçuşların sayı isə 14,4 % artaraq 143 mini ötüb. Dövrün ən yüksək sutkalıq göstəricisi 9 may tarixində qeydə alınıb. Həmin gün Azərbaycanın hava məkanında 1,271 hava gəmisinə xidmət göstərilib.

Tranzit uçuşlarda "Turkish Airlines", "Singapore Airlines", "Lufthansa", "Cathay Pacific", "British Airways", "Thai Airways", "Air France", "KLM", "Korean Air" və "Aerologic" kimi dünyanın aparıcı aviaşirkətlərinin üstünlük təşkil etməsi Azərbaycanın hava məkanına və göstərilən aeronaviqasiya xidmətlərinə beynəlxalq etimadın artdığını nümayiş etdirir.

İlk yarımilliyin nəticələri göstərir ki, Azərbaycan aviasiyası dəyişən qlobal şəraitə çevik uyğunlaşaraq inkişafını davam etdirir. Transfer sərnişinlərinin artması, marşrut şəbəkəsinin genişlənməsi, yeni aviadaşıyıcıların bazara daxil olması və hava məkanından istifadənin artan intensivliyi ölkənin regional aviasiya və aeronaviqasiya mərkəzi kimi rolunu daha da gücləndirir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər