Bakıda bir çox avtobus marşrutları bağlanacaq
Ötən gün Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sərnişindaşıma ilə məşğul olan "Xalıq Faiqoğlu" şirkətinə məxsus 18, 96, 16 nömrəli marşrut xətlərinin bağlanması barədə qərar verib.
Qərarda göstərilir ki, buna səbəb sözügedən marşrut xətlərinin Nəqliyyatın Ümumi Konsepsiyasında nəzərdə tutulan şərtlərə və tələblərə cavab verməməsi, həmçinin təkrarlanan marşrut xətləri olması ilə bağlıdır. Lakin mediada yayılan məlumatlara görə, qərarla razılaşmayan şirkətin rəhbərliyi BNA-nı şirkətə qarşı qərəzli olmaqda, "BakuBus"ın inhisarçı maraqlarını qorumaqda, yüzlərlə şəxsi işsiz qoymaqda ittiham edib.
Məsələ ilə əlaqədar Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova milli.az-a bildirib ki, burada heç bir qərəzli yanaşmadan və ya kiminsə maraqlarını qorumaqdan söhbət gedə bilməz: "Bakıda problemlərdən biri budur ki, eyni istiqamət üzrə marşrut xətlərinin sayı çoxdur və orada sərnişinlərin daşınması tam təmin olunub. Daha yaxşı marşrut xəttində, məsələn, elə "BakuBus" vasitəsilə sərnişin daşınması tam təmin oluna bilər. Digər problem isə ondan ibarətdir ki, elə qəsəbə və kəndlər var ki, Bakıdan ora yalnız bir marşrut xətti fəaliyyət göstərir və avtobusların sayı da azdır. Sərnişinlərin sayı isə çox olduğundan daşınma ilə bağlı, xüsusilə də pik saatlarda böyük problem və narazılıqlar yaranır. Biz bu problemlərin həlli üçün üst-üstə düşən marşrut xətlərində sərnişin üçün daha rahat olanını saxlamaq şərtilə digər xətləri ləğv etmək qərarına gəldik. Daşıyıcıya isə heç bir məhdudiyyət qoyulmur ki, avtobuslarından digər marşrut xətlərində istifadə etməsin. Lakin xətdən çıxarılan marşrutların avtobusları da tələblərə cavab vermir. Bəli, bəlkə də elə marşrut xətləri var ki, orada avtobuslar daha bərbad durumdadır. Amma biz o xətləri ləğv edirik ki, onların sıradan çıxarılması sərnişinlər üçün o qədər də böyük problem yaratmasın. Amma biz eyni vəziyyətdə olan və qəsəbədən gələn avtobusları xətdən çıxarsaq, o zaman problem yaşanacaq. Onda həmin qəsəbə üçün alternativ marşrut xətti açılmalıdır. Bu da 1 günün, 5 günün işi deyil. Bunun üçün bir neçə dövlət qurumundan razılıq alınmalıdır, avtobuslar gətirilməlidir, onlar tələbələrə və standartlara cavab verməlidir, mütəxəssislər işləri razılaşdırmalıdır və s. işlər görülməlidir".
N.Allahyarovanın sözlərinə görə, ləğv edilmiş sözügedən marşrut xətlərinin sahibinə çatışmazlıqların aradan qaldırılması üçün vaxt verildiyini, lakin əvəzində heç bir iş görülmədiyini deyib: "Agentlik təxminən 5 aya yaxındır ki, yaradılıb. Bu müddət ərzində həmin marşrutun sahibinə dəfələrlə müraciət olunub ki, işlərinə düzəliş eləsin. Əgər 5 ay ərzində sahibkar sərnişinlərə xidmət göstərən avtobuslarında çatışmazlıqları aradan qaldırmırsa, işində düzəliş etmirsə, bu, artıq onun problemidir. Biz onlara vaxt verdik və bu müddət ərzində də heç bir dəyişiklik olmadı. Hətta onlar tələbləri yerinə yetirsəydilər belə, eyni xətt üzərində olduqlarına görə həmin marşrutlar ləğv ediləcəkdi. Yəni eyni istiqamətdə yollarda avtobus yüklənməsinin şahidi oluruq. Halbuki, bəzi ərazilərdə sərnişin yüklənməsi baş verir".
O qeyd edib ki, sahibkara avtobuslarını işlətmək üçün alternativ təkliflər də verilib, lakin o razılaşmayıb: ""Xaliq Faiqoğlu" şirkətinin rəhbərliyinə sözügedən 3 marşrut xətti ləğv olunmazdan əvvəl bir neçə alternativ xətt təklif olunmuşdu. Amma nədənsə sahibkar rentabelliyi əsas gətirərək onlardan imtina etdi. Əslində, hər hansı marşrut xətti bağlandıqda bizim daşıyıcılara alternativ xətt təklif etmək kimi borcumuz və öhdəliyimiz yoxdur. Avtobuslar tələblərə cavab vermirsə, xətdən uzaqlaşdırılacaq. Amma buna baxmayaraq, sözügedən sahibkara müəyyən xətlər təklif etmişik. O isə imtina edib. Yəni burada hər hansı qəsd-qərəzlikdən və monopoliyadan söhbət gedə bilməz. "BakuBus"la bağlı monopoliya məsələsi ortaya atılıb.
Əvvəla, "BakuBus" hansısa şəxsin yox, dövlətin şirkətidir. Sərnişinlər isə bu şirkətin xidmətindən razıdır. Ona görə də burada monopoliyadan söhbət gedə bilməz. Monopoliya o zaman ola bilər ki, vətəndaş digər xidmətlərdən istifadə etmək istəyir, lakin biz yalnız bir xidmət təklif edirik. Sərnişinlərdən hansı şirkətlə bağlı müsbət rəy gəlirsə, digərləri də ya öz xidmətini onun səviyyəsinə qaldıracaq, ya da xətdən çıxarılacaq".
BNA sözçüsü çox yaxın zamanlarda tələblərə cavab verməyən başqa marşrutların da bağlanacağını istisna etməyib: "Biz digər işləri də görəcəyik. Əgər o biri sahibkarlar onların da marşrut xətlərinin əllərindən alına biləcəyindən narahatdırlarsa, bilsinlər ki, yay aylarında nəqliyyatın hərəkətinin sıx olmadığı vaxtlarda tələblərə cavab verməyən digər daşıyıcılarla da bağlı sərt tədbirlər görüləcək".
Qeyd edək ki, bundan əvvəl 63 saylı marşrut xətti ləğv edilmişdi. Yəni bu vaxta kimi optimallaşdırma işləri çərçivəsində 4 marşrut xətti ləğv olunub.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda bu marşrut xətti ləgv olundu - SİYAHI
Aparılan otimallaşdırma və təkmilləşdirmə işləri ilə əlaqədar olaraq Bakı Nəliyyat Agentliyində (BNA) şəhər nəqliyyatında müntəzəm sərnişindaşıma sahəsində xidm...