Azərbaycanın özəl klinikalarında fantastik əməliyyat qiymətləri
Türkiyədə tətildə olan Kamal Əsgərovun vəziyyəti qəfil pisləşir. Görmə problemləri yaranan Kamal həkim qəbulunda olur. Ona dərhal göz əməliyyatı keçirməsə ömürlük görmə qabiliyyətini itirəcəyini deyirlər. Kamala türk cərrahı məsləhət görürlər. Türkiyədə həmin əməliyyatı 2000-3000 avroya edildiyini bildirirlər.
Şikayətçi BAKU.WS-ə bildirib ki, həkimlər Kamal Əsgərovun Bakıdan gəldiyini biləndə ona bildirirlər ki, həmin cərrah 3 gündən sonra Bakıya özəl klinikaların birinə gedəcək və 10 gün müddətinə orada əməliyyatlar təşkil olunacaq. Vətəndə rahat şəkildə əməliyyat oluna biləcəyinə sevinən Kamal dərhal Bakıdakı özəl xəstəxana ilə əlaqə saxlayır. Xəstəxanadan türk həkimin qəbuluna düşmək və əməliyyat olunmaq istədiyini bildirir. Bakıdakı özəl klinikadan aldığı cavab isə onu şoka salır. Xəstəxanadan bildirirlər ki, həmin həkimin əməliyyatları 30 min manata başa gələcək. Əslində bu təkcə göz əməliyyatı ilə bağlı deyil. Bakıda və bölgələrdə fəaliyyət göstərən özəl klinikalar tez-tez xarici mütəxəssisləri ölkəyə dəvət edir və müxtəlif əməliyyatlar təşkil edir. Yerli mütəxəssislərə nisbətən xarici həkimlərin əməliyyatları fantastik qiymətlərə edilir. Həm də, ölkəmizə gələn xarici mütəxəssislərin çoxu əməliyyatın nəticəsinə zəmanət belə vermirlər. Bu səbəbdən də, insanların çoxu Azərbaycanda deyil, İranda, Türkiyədə və digər xarici ölkələrdə müayinə və müalicə olunmağı üstün tuturlar. Tibb eksperti, professor Adil Qeybulla BAKU.WS-ə açıqlamasında bildirib ki, burada əsas səbəb özəl sahəyə edilən basqılardır.
"Azərbaycanda dövlət özəl sektora müdaxilə edə bilmir. Bazar iqtisadiyyatında özəl sektorda qiymətlər ancaq bazar münasitəblərilə, azad rəqabətlə tənzimlənməlidir. Əgər belə hallar varsa, bunlar təkcə özəl sektordakı özbaşınalıqlardan qaynaqlanmır. Ölkədə özəl sektora olan vergilərin çoxluğundan, sahibkarlara qarşı basqılardan qaynaqlanır. Dərmanların bahalanmasından qaynaqlanır. Nəzərə alaraq ki, Azərbaycanda dərman məmulatları və istifadə olunan avadanlıqlar çox bahalaşıb. Əgər Azərbaycanda azad rəqabət olsa, qiymətlər getdikcə enər, keyfiyyət qalxar”, - deyə Adil Qeybulla bildirib. Onun sözlərinə görə, burada çıxış yolu, Azərbaycan iqtisadiyyatının liberallaşmasında, özəl sektora maddi, texniki dəstək göstərilməsində, vergi sisteminin yüngülləşdirilməsidir. "Özəl sahə inkişaf etməsə vergi də yığmaq mümkün olmayacaq. Bütün neqativlər də yaranmış vəziyyətdən qaynaqlanır”. Səhiyyə Nazirliyindən BAKU.WS-ə bildirdilrə ki, özəl xəstəxanalarda qiymət məsələsinə müdaxil edilmir. Qurum yalnız özəl klinikalarda keyfiyyətə nəzarət edir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən BAKU.WS-ə bildirilib ki, özəl klinikalar dövlət tərəfindən tənzimlənmir. Özəl klinikalar bazar iqtisadiyyatına uyğun olaraq, tələb-təklif əsasında qiymətləri müəyyən edir. Ziya Babayev BAKU.WS
Oxşar xəbərlər
Ucar rayon Mərkəzi Xəstəxanasında qalmaqal: "Başınıza oyun açacam" (VİDEO)
Ucar rayon Mərkəzi Xəstəxanasında yenidən qalmaqal yaşanıb. Bu barədə rayon sakini Nurlan Tağıyev BAKU.WS-ə məlumat verib. Onun sözlərinə görə, həyat yoldaşı a...