Azərbaycanda yeni xəstəlik təhlükəsi
Səhiyyə naziri Oqtay Şirəliyev "Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” əmr imzalayıb.
Nazirliyin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əmrdə bildirilib ki, Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə insan orqanizminin yoluxması gənə dişləməsi, yoluxmuş heyvanların qanı və digər bioloji mayelərlə sıx təmas nəticəsində baş verir. Son zamanlar respublikanın həmsərhəd dövlətlərində Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib.
Bununla əlaqədar Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin direktorlarına tapşırılıb ki, Krım-Konqo hemorragik qızdırma xəstəliyi barədə tibb işçilərinin məlumatlılığı artırılsın, şübhəli xəstələr dərhal təcrid olunmaqla, onlar barədə məlumat Respublika Taun Əleyhinə Stansiyasına verilsin, şübhəli xəstələrdən götürülmüş nümunələr oraya çatdırılsın.
Əmrə əsasən, tibb müəssisələrində əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi tapşırılıb.
Bakı şəhər Baş Səhiyyə İdarəsinin rəisinə Kliniki Tibbi Mərkəzin yoluxucu şöbəsində və 1 nömrəli Uşaq yoluxucu xəstəliklər xəstəxanasında Krım-Konqo hemorragik qızdırma xəstəliyinə şübhəli xəstələrin hospitallaşdırılmasını təmin etmək tapşırılıb.
Əmrdə qeyd olunub ki, Respublika Sanitariya – Karantin Müfəttişliyi sərhəd-keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Krım-Konqo hemorragik qızdırma xəstəliyi yayılmış ölkələrdən gələn insanlar üzərində tibbi müşahidələrin təmin edilməsi üçün tədbirlər görsün.
Eyni zamanda, İnnovasiya və Təchizat Mərkəzi tərəfindən Krım-Konqo hemorragik qızdırma xəstəliyinin laborator diaqnostikası, profilaktikası və müalicəsi üçün tələb olunan preparatların ehtiyatı yaradılmalıdır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda 7 milyon insan risk altında - RƏSMİ AÇIQLAMA
Azərbaycanda 7 milyon insan malyariya xəstəliyinin riski altında yaşayır. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epide...