Azərbaycanda ölüləri xortladacaq yas xərcləri - İslam təmtəraqa nə deyir?

Azərbaycanda ölüləri xortladacaq yas xərcləri - İslam təmtəraqa nə deyir?
Foto
Sosial 113

İllər əvvəl bir ailədə, bir mahalda insan öləndə, qonşular yığılarda, dünyasını dəyişən şəxsin yaxınlarına həyan olardı.

Ölünü dəfn etmək üçün hər kəs əlindən gələni edirdi. Şəriət qaydalarına uyğun dəfn mərasimi keçirilərdi. Sonradan ehsan üçün hər kəs ailəyə dəstək üçün maddi durumuna uyğun olaraq köməklik edərdi. Kimi yağ, qənd, çay gətirərdi, kimisi də pul verərdi. Son dövrlər isə bu adət-ənənə tamam unudulub.

Əvəzində isə ölü sahibi daha ağır duruma düşür. Əvvəlcə qəbr yeri və dəfn üçün pul tapır. Daha sonra ehsan vermək üçün borca düşür. Hər kəs çalışır ki, qohum-əqrabadan geri qalmasın. Dəbdəbəli məzar daşları, bol süfrəli ehsan üçün hətta borca belə girənlər olur. Bəs şəriət nə deyir?

Bu və digər suallara cavab tapmaq üçün ilahiyyatçı Fərid Abdullah ilə əlaqə saxladıq.

Ekspert BAKU.WS-ə açıqlamasında bildirdi ki, İslamda qəbir sadə olmalı, israf və təmtəraqdan uzaq tutulmalıdır. 

"Bahalı və dəbdəbəli qəbir daşları nəinki müstəhəbb deyil, əksinə, israfa girə bilər və riya qorxusu da vardır. Məqsəd öyünmək deyil, ibrət almaqdır. Mərhum üçün əlamət sayıla biləcək tərzdə qəbirin olmasının maneəsi yoxdur", deyə ilahiyyatçı bildirib.

Bəs zəngin ehsan süfrəsi şəriətdə bəyənilirmi? Şəriətə görə ehsanda nələr verilə bilər?

 Fərid Abdullah deyir ki, ümumiyyətlə, belə bir zərurət yoxdur ki, hökmən yemək verilməlidir:

"Əksinə, adət belə olub ki, kənardan insanlar mərhumun ailəsinə baş çəkiblər, təsəlli veriblər, hətta lazım olacaq azuqə gətiriblər. Yas mərasimlərinin əsas məqsədi ibrət almaq, xeyir işə vəsilə olmaqdır. Nəinki ev sahibi ağır xərclərin içinə girsin və təmtəraqlı mərasim keçirsin. Bu, İslam ruhiyyəsinə ziddir".

Ziya SƏCCAD

Son xəbərlər