Övladı Bakı məktəblərində oxuyan valideynlərə ŞAD XƏBƏR

Övladı Bakı məktəblərində oxuyan valideynlərə ŞAD XƏBƏR
Sosial 802

Bakıda məktəblilərin təhlükəsiz və rahat daşınmasını təmin edən "2School" layihəsi çərçivəsində "Məktəbli avtobusları" xidməti getdikcə daha çox məktəbi əhatə edir. Layihə hazırda paytaxtın bir sıra ümumtəhsil müəssisələrində uğurla fəaliyyət göstərir.

Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, xidmət 6, 8, 20, 23, 132-134, 189-190 nömrəli məktəbləri, həmçinin Elitar Gimnaziya, Landau School, SABAH.school və Bakı Beynəlxalq Təhsil Kompleksini əhatə edir.

Hazırda sistem çərçivəsində təxminən 150 avtobus gündəlik olaraq şagirdlərin daşınmasını təmin edir. Ümumilikdə 1200-ə yaxın məktəbli hər gün bu nəqliyyat vasitələrindən istifadə edir.

Qurumdan verilən məlumata görə, "2School" layihəsinin məqsədi təkcə şagirdlərin daşınması deyil, həm də paytaxtdakı tıxac yükünün azaldılması və şagirdlərin təhlükəsiz gediş-gəlişinin təmin olunmasıdır.

Layihənin növbəti mərhələsində xidmətin Bakı şəhərinin digər ərazilərində yerləşən məktəblərdə də tətbiqi planlaşdırılır. İlk mərhələdə prioritet paytaxtın mərkəzi hissələrində yerləşən təhsil ocaqları olacaq.

Qeyd edək ki, valideynlər övladlarını bu sistemə tam rəqəmsal şəkildə - "2School" mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçirə bilirlər. Qeydiyyat zamanı uşağın dərs cədvəli daxil edilir və sistem avtomatik olaraq uyğun avtobus marşrutunu təyin edir.

Banu Hüseynli

Son xəbərlər