Azərbaycanda 20 min uşaq niyə təhsilə cəlb edilmir?

Məktəblərdə ən çox yaşanan problemlər şagirdlərin dərslərdə normal davranışlar sərgiləməməsi və təhsildə uğurlu nəticələr göstərməməsidir.
Bu problemlərin əsasında isə uşaqların məktəbə qoyularkən düzgün qiymətləndirilməməsidir. İstər valideyn, istərsə də, müəllimlər tərəfindən problemin birbaşa qaynağı şagirdlərin həyatında önəmli yer tutur.
Bununla yanaşı, bəzi müəllimlərin inklüziv tədris bacarıqlarının zəifliyi öyrənmə prosesində fərqlərin dərinləşməsinə səbəb olur. Eyni zamanda, fiziki məhdudiyyətli şəxslərin təhsilə cəlb olunarkən mövcud problemlərlə üzləşməsi onları usandırır. Bundan başqa, məktəblərdə psixoloji xidmətlərin kifayət qədər yetərli olmaması da, mövcud çətinlikləri daha da dərinləşdirir.
Ekspertlər isə burada problemlərin şaxəli olduğunu deyirlər.
Nervpotoloq, həkim Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, valideyn uşağa gün ərzində diqqət və dəstək göstərməlidirlər. Bu da, şagirdin özünü tək hiss etməməsinə və daha da özgüvəninin artmasına səbəb olacaq.

"Əgər valideyn işləyirsə, günün az bir hissəsini (məsələn, yatmazdan əvvəl 15-20 dəqiqə) uşağa ayırmaq belə onun psixoloji vəziyyətinə müsbət təsir edir. Vacib olan keyfiyyətli vaxtdır, uzun saatlar deyil.
Ailə böyüklərinin dəstəyi – nənə, baba, əmi və ya dayı kimi yaxın ailə üzvlərinin iştirakını təmin etmək. Bu, həm uşağa sevgi, həm də valideynə dəstək deməkdir.
Valideyn uşağa gün ərzində telefonla, qısa səsli mesajlarla belə qayğı göstərə bilər ("Səni düşünürəm", "Dərsini yaxşı oxu"). Bu, uşağın özünü tək hiss etməməsinin qarşısını alır.
Dövlət məktəblərində psixoloq xidməti pulsuzdur. Valideynlər bundan istifadə etməlidirlər.
İctimai təşkilatlar – QHT-lər və bələdiyyələr tez-tez uşaqlar və ailələr üçün pulsuz psixoloji dəstək layihələri həyata keçirirlər. Belə imkanları izləmək faydalıdır.
Onlayn resurslar və dəstək qrupları – Pulsuz webinarlar, YouTube kanalları, valideynlər üçün dəstək forumları mövcuddur. Buradan praktik üsullar öyrənmək mümkündür.
Uşaq psixologiyası və DEHB barədə yazılmış sadə bələdçi kitablar valideynlər üçün əlçatan seçimdir", - deyə ekspert bildirib.
Vüsalə Nuriyeva sonda bu məsələdə ön uğurlu nəticə uşaqların erkən yaşda problemlərinin müəyyən edilməsidir:
"Valideynlər və müəllimlər problemin kökünü vaxtında anladıqda, uşaqlara daha effektiv dəstək göstərmək mümkündür".
Akademik. M.A. Topçubasov Adına Elmi-Cərrahiyyə Mərkəzinin, Xüsusiləşdirilmiş Angioloji Mərkəzin Klinik Psixoloqu Aytəkin Xanhüseynli də BAKU.WS-ə açıqlamasında bildirib ki, valideynlər uşaqlara erkən yaşdan diqqət yetirməlidirlər.

Psixoloqun sözlərinə görə, bəzən valideynlər övladlarının problemli olduğunu qəbul etmək istəmirlər:
"Müraciət zamanı bildirirlər ki, axı mənim övladımın inkişafı əvvəl normal idi, sonradan bu problemlər oldu. Əslində isə bu belə deyil. Problemlər zaman keçdikcə dərinləşir və sonradan həll edilməyən vəziyyətə gəlir", - deyə ekspert bildirib.
Aytəkin Xanhüseynli deyir ki, problemli uşaqla mütləq səbrlə davranmaq lazımdır:
"İlkin olaraq bu uşaqlara səbrli, mehriban, müsbət (yüksək) emosiyalarla yaxınlaşmalısınız. Xüsusi qayğıya ehtiyacı olan hər bir uşaq həssas olur. Onlarla mümkün qədər çox zaman keçirmək lazımdır.
Həm bilik və bacarıqları, davranış qaydalarını öyrətmək üçün, həm ətraf aləmlə əlaqə qurmasına kömək etmək üçün, həm də qayğını hiss etməsi üçün onlarla xüsusi qayğı ilə yanaşmaq lazımdır".
Məsələ ilə əlaqədar tanınmış təhsil eksperti Kamran Əsədov BAKU.WS-ə bildirib ki, müasir dövrdə təhsil siyasətinin əsas məqsədi hər bir şagirdin fərdi xüsusiyyətlərini, sağlamlıq imkanlarını və sosial ehtiyaclarını nəzərə alaraq onların tam şəkildə cəmiyyətə inteqrasiyasını təmin etməkdir. Ekspertin sözlərinə görə, inklüziv təhsil modeli də məhz bu yanaşmadan doğur və onun tətbiqi yalnız pedaqoji deyil, həm də sosial və hüquqi baxımdan mühüm əhəmiyyət daşıyır.

"Təhlil göstərir ki, müxtəlif bilik və bacarıqlara malik şagirdlərin, o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqların sağlam həmyaşıdları ilə eyni sinifdə oxuması bərabər təhsil hüququnun təminatıdır. Bu, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun 5-ci maddəsində təsbit olunan "təhsil almaq hüququnun bərabərliyi" prinsipinə tam uyğun gəlir. Həmçinin həmin Qanunun 14.1-ci maddəsində qeyd olunur ki, sağlamlıq imkanları məhdud şəxslərin təhsili dövlət tərəfindən təmin edilir və onların digər uşaqlarla birgə oxuması üçün xüsusi şərait yaradılmalıdır. Bu yanaşma hüquqi cəhətdən inklüziv təhsilin dövlət öhdəliyi olduğunu təsdiqləyir", - deyə ekspert bildirib.
Statistik məlumatlar göstərir ki, Azərbaycanda 40 mindən çox sağlamlıq imkanları məhdud uşaq mövcuddur. Lakin onların yalnız təxminən yarısı ümumi təhsil məktəblərinə cəlb edilib.
Kamran Əsədov deyir ki, bu məsələnin müsbət və mənfi tərəfləri mövcuddur:
"Bu rəqəmlər həm problemin mövcudluğunu, həm də görülən işlərin nəticəsini nümayiş etdirir. Müsbət tərəflərdən biri odur ki, belə təhsil mühitində sağlamlıq imkanları məhdud olan uşaqlar sosial bacarıqlarını inkişaf etdirir, ünsiyyət dairəsi genişlənir və özünü təcrid olunmuş hiss etmir. Sağlam uşaqlar isə tolerantlıq, empatiya, köməksevərlik kimi dəyərləri mənimsəyirlər. Təcrübə göstərir ki, belə mühitdə böyüyən uşaqlar sonrakı həyatlarında daha güclü sosial adaptasiya və əmək bazarında rəqabət qabiliyyətinə malik olurlar. UNICEF-in hesabatında qeyd olunur ki, inklüziv təhsilin tətbiq olunduğu ölkələrdə sosial inteqrasiyanın göstəriciləri ənənəvi modeldən iki dəfə yüksəkdir.
Amma mənfi tərəflər də mövcuddur. Məktəblərin çoxunda hələ də fiziki infrastruktur bu modelə tam cavab vermir. Pandus, lift, xüsusi avadanlıqlar, tibbi dəstək otaqları və fərdi tədris materialları hər yerdə mövcud deyil. Bununla yanaşı, müəllimlərin inklüziv tədris bacarıqlarının zəifliyi öyrənmə prosesində fərqlərin dərinləşməsinə səbəb olur. Nəticədə bəzi sağlam uşaqların öyrənmə tempi ləngiyir, sağlamlıq imkanları məhdud uşaqlar isə gözlənilən nəticəni əldə edə bilmir. Bu da göstərir ki, qanunla müəyyən olunan öhdəliklərin icrasında hələ də boşluqlar qalmaqdadır".
Ekspert deyir ki, dünya təcrübəsi inklüziv təhsil modelində yüksək nəticə verir:
"Finlandiya, Norveç, Kanada kimi ölkələrdə inklüziv təhsil modeli yüksək nəticə verir. Məsələn, Kanadada hər inklüziv sinifdə köməkçi müəllim olur və fərdi tədris planı hazırlanır. Norveçdə isə məktəblərdə universal dizayn prinsipi tətbiq edilir, yəni bütün məktəb binaları elə layihələndirilir ki, heç bir uşaq əlavə dəstəyə ehtiyac duymadan orada sərbəst hərəkət edə bilsin. Azərbaycan bu istiqamətdə müəyyən addımlar atır, lakin müqayisə göstərir ki, beynəlxalq təcrübədən daha çox istifadə etmək, xüsusilə köməkçi müəllimlərin sistemli şəkildə hazırlanması vacibdir.
Hesab edirəm ki, müxtəlif bilik və bacarıqlara malik uşaqların eyni sinifdə təhsil alması yalnız pedaqoji yanaşma deyil, həm də sosial bərabərlik prinsipinin həyata keçirilməsidir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə gördüyü işlər təqdirəlayiqdir, çünki bu addımlar həm hüquqi, həm sosial, həm də pedaqoji baxımdan müsbət nəticələr verir. Amma davamlı olaraq müəllimlərin peşəkar hazırlığı gücləndirilməli, məktəblərin infrastrukturu əlçatan edilməli, diferensial tədris metodları tətbiq olunmalıdır. Bu dəyişikliklər baş verdikdə təhsil sistemimiz daha ədalətli və inklüziv olacaq, bütün uşaqlar bərabər imkanlarla keyfiyyətli təhsil alacaq. Bu isə gələcəkdə daha tolerant, sosial ədalətə sadiq və inkişaf yönümlü cəmiyyətin formalaşmasına mühüm töhfə verəcək".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Bakıda gün ərzində neçə avtobus fəaliyyət göstərir? - RƏSMİ AÇIQLAMA
"Bakı şəhərinin inzibati ərazisində avtobusla müntəzəm sərnişin daşımaları xidməti 27 daşıyıcı tərəfindən təqdim edilir. Hazırda gündəlik sərnişindaşıma fəaliyy...
