Azərbaycana gələn turistlər necə davranmalıdır? - ARAŞDIRMA

Bakıya turist kimi gəlmiş üç əcnəbi şəxsin Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin görüntüləri sosial şəbəkələrdə paylaşması Azərbaycanda böyük rezonans doğurub.
Cəmiyyətin kəskin narazılığına səbəb olmuş bu hadisə ölkəyə gələn turistlərin necə davranmalı olduqları bağlı düşünməyə vadar edir.
Azərbaycan hökuməti xarici ölkə vətəndaşları üçün viza rejimini sadələşdirib ki, ölkədə turizm sektoru inkişaf etsin. Amma bu o demək deyil ki, vətənimizə ayaq basan əcnəbilər xalqımızın milli dəyərlərini ayaqları altına atmalıdır. Bəs bu məsələlər necə tənzimlənməlidir?
BAKU.WS xəbər verir ki, report mövzunu turizm bazarı üzrə ekspertlərlə müzakirə edib.
Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, Azərbaycan Ekoturizm Assosiasiyasının icraçı direktoru Samir Dübəndi deyir ki, belə hallara qarşı qanun çərçivəsində ən sərt tədbirlər görülməli, milli dəyərlərə hörmətsizliyə sıfır tolerantlıq tətbiq olunmalıdır: "Bu, təkcə etik məsələ deyil, normativ öhdəlikdir. Azərbaycan qanunvericiliyi turistlərdən yerli qanunlara, adət-ənənələrə və müqəddəs məkanların qaydalarına hörmət etməyi tələb edir. Hadisənin kadrlarında turistlərin yanında bələdçiyə bənzər şəxsin görünməsi diqqət çəkir. "Turizm haqqında" qanuna əsasən, ekskursiya bələdçilərinin sertifikatlaşdırılması hazırda könüllüdür. Halbuki hotellər üçün "ulduz" kateqoriyasının alınması qanunla məcburidir. Bu asimmetriya məsuliyyət zəncirində boşluq yaradır".
Onun sözlərinə görə, burada diqqət çəkən məqam odur ki, "Turizm haqqında" qanunda turist davranışları ayrıca göstərilməsə də, sənəd onların səfər etdikləri ölkənin qanunlarına, ictimai davranış normalarına, mədəni irsə və adət-ənənələrə hörmətlə yanaşmalarını birbaşa tələb edir: "Bu müddəa beynəlxalq sənədlərdə – xüsusilə də BMT-nin Ümumdünya Turizm Təşkilatının (UNWTO) Turizmin Qlobal Etika Məcəlləsində daha geniş və konkret şəkildə ifadə olunub. Beynəlxalq çərçivə turistlərin hər bir ölkənin qanunlarına və adətlərinə hörmət etməsini açıq şəkildə tələb edir".
Ekspert çıxış yolu kimi mərhələli şəkildə bələdçilərin icbari sertifikatlaşdırmaya keçirilməsini, etik davranış modulunun imtahanlarda yoxlanmasını və müqəddəs məkanlarda çoxdilli məlumat lövhələri ilə qısa brifinqlərin tətbiqini təklif edir: "Hər turdan əvvəl 60–90 saniyəlik davranış brifinqi operatorların daxili prosedurlarına inteqrasiya olunmalıdır. Bu, həm milli dəyərlərin qorunmasına, həm də turizm sektorunun reputasiyasının yüksəldilməsinə xidmət edər".

Azərbaycan Turizm Peşəkarları Təşkilatının rəhbəri Ceyhun Aşurov isə hesab edir ki, turistlərin milli dəyərlərə hörmətsiz davranışları yalnız cəza tədbirləri ilə həll olunmamalıdır.
Onun sözlərinə görə, bəzən turistlər fərqində olmadan milli-mənəvi dəyərlərimizi məsxərəyə qoyurlar: "Şəhidlər xiyabanı, atributlarımız və simvollarımız xalqımız üçün ən həssas məsələlərdir. Buna görə də gələn turistlər mütləq məlumatlandırılmalı, təbliğat aparılmalıdır. Azərbaycan qonaqpərvərliyi ilə seçilən ölkədir, lakin bu qonaqpərvərlik dəyərlərə hörmətsizlik qarşısında susmaq demək deyil. Əlbəttə ki, turistlərə qarşı aqressiya göstərmək olmaz. Bu, yanlış təəssürat yarada, ölkənin imicinə zərbə vura bilər. Biz səbirli, təmkinli və maarifləndirici mövqedən çıxış etməliyik".
Ekspertin fikrincə, turizm şirkətləri və bələdçilər də bu məsələdə xüsusi məsuliyyət daşıyır: "Turistlər ölkəyə gəldiyi andan onlara milli dəyərlər və qaydalar barədə məlumat verilməlidir. Əgər maarifləndirmə aparılarsa, bu cür xoşagəlməz halların qarşısını almaq daha asan olar.
Bu məsələdə xarici təcrübəni də öyrənmək olar. Məsələn, İtaliyada Vatikan və yaxud Florensiyada tarixi kilsələrə giriş zamanı turistlərə davranış qaydaları barədə yazılı xəbərdarlıq edilir, uyğun geyim tələblərinə əməl olunmayan ziyarətçilərə giriş qadağan olunur. Yaponiyada isə məbəd və məzar komplekslərinə daxil olan turistlər üçün girişdə çoxdilli lövhələr, bələdçilərin qısa brifinqləri vasitəsilə qaydalar aydın şəkildə izah olunur. Birləşmiş Ərəb Əmirliklərində ictimai yerlərdə etik normaları pozanlar qanunla ciddi cəzalandırılır və turistlərə bu barədə əvvəlcədən məlumat verilir".
Bir sözlə, son hadisə bir daha göstərdi ki, turistlərin milli dəyərlərə hörmətsiz davranışlarına qarşı qanuni tədbirlər labüddür, lakin sərt yanaşmalar qonaqları qorxutmaq üçün deyil, qaydalara əməl olunmasını təmin etmək üçün tətbiq edilməlidir.
Oxşar xəbərlər
Taksilərlə bağlı YENİ AÇIQLAMA
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bu ilin yanvar-iyul aylarında taksi fəaliyyəti ilə məşğul olmaq üç...
