SİZİN REKLAM BURADA!
055 213 76 73


Havaların istiləşməsi, təbiətin oyanması vəhşi və sürünən heyvanların insanlarla mümkün təmasını intensivləşdirib.

BAKU.WS xəbər verir ki, bəzi rayonlarda vəhşi heyvanlar insan məskənlərinə daxil olub, bəzilərində isə sürünənlər insanlara hücum çəkib.

İlan və əqrəblərin insanlara mümkün hücumu və sancması zamanı rayonlardakı tibbi məntəqələr zərdablarla təmin olunubmu?

Bu sahədə işlərin nə yerdə olmasını dəqiqləşdirmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) müraciət etdik. TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva BAKU.WS-ə bildirdi ki, ilan sancmaları ilə bağlı vaksinlər ayrı-ayrı rayon mərkəzi xəstəxanalarından gələn tələbnamələr əsasında onlara təqdim olunur:

"Bu tələbnamələrdə həmin regionun əhali sayı, coğrafi mövqeyi və mövsüm nəzərə alınır. Çünki bəzi rayonlarda ilan sancmaları daha çox olur. Bu tələbnamələr əsasında aylıq və illik təchizat həyata keçirilir".

Vəhşi heyvanların insan məskənlərinə keçməməsi üçün hər hansı tədbirlər görülübmü?

Bu suala cavab tapmaq üçün AMEA Zoologiya İnstitutunun əməkdaşı Elşad Əsgərova müraciət etdik. O, BAKU.WS-ə bildirdi ki, heyvanların insan məskənlərinə daxil olmasının qaşısını almaq mümkün deyil:

"Çünki insan məskənləri o qədər inkişaf edib ki, dağlar, meşələr, heyvanların yaşaya biləcəyi hər yer işğal olunub. Buna görə insan məskənlərinin ətrafına çəpər çəkmək mümkün deyil ki, heyvanlar gəlib oradan içəri girməsinlər.

Lakin bir məsələ var ki, heyvanlar daha çox insanların məişət tullantıları və qida qalıqlarına gəlirlər. Həmin qalıqlar və tullantıların olduğu zibil yeşikləri vaxtında təmizləndikdə nə tülkü, nə çaqqal, nə canavar, nə də ayı oraya gəlmir. Adətən heyvanlar bu zibil yeşiklərinə gələrək oradan asan qida əldə etməyə çalışırlar.

Meşədə ceyran, cüyür və maral tutmaq elə də asan iş deyil. Amma zibil yeşiyindən gəlib o qalıqları mənimsəmək çox asandır. Əgər bu zibil yeşikləri vaxtında təmizlənsə, qida qalıqları hara gəldi atılmazsa, heyvanların insan məskənlərinə gəlməsinin qarşısını müəyyən qədər almaq olar.

Amma bir məsələ də var ki, inkişaf getdikcə şəhərlər, kəndlər hamısı dağlara doğru gedir. Son dövrlər tikilən turizm obyektəri hamısı heyvanların yaşadığı ərazilərdə salınıb. Bu dərələrdə turizm obyektləri inkişaf etdikcə, heyvanların arealları məhdudlaşır və parçalanır".

Orxan Hüseyn
BAKU.WS