4 aydan çoxdur bu ağacı kəsmirlər - Uşaq bağçasındakı təhlükə - FOTO
Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi, 39 ünvanında yerləşən 22 saylı körpələr evi-uşaq bağçasının həyətində aşmaq üzrə olan iki ağac aylardır, uşaqlara təhlükə yaradır.
BAKU.WS-ə uşaq bağçası tərəfindən daxil olan müraciətdə qeyd olunur ki, təhlükəli vəziyyətdə olan ağacın kəsilməsi üçün 23 sentyabr 2019-cu ildə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsinə müraciət olunub.
Məlum məsələdir ki, hər bir qurum daxil olan müraciətləri adətən növbəlilik prinsipi üzrə araşdırır. Əsasən də bununla bir neçə işçi məşğul olur. Amma elə uşaq bağçası kimi qurumlar var ki, buradan hansısa müraciət daxil olduqda bunu xüsusi hallara daxil etməyə ehtiyac yaranır.
Lakin biz bunun şahidi olmuruq. Müraciət 23 sentyabrda daxil olsa da, bir ağaca baxmaq və onun haqqında rəy çıxarmaq 17 gün vaxt çəkib. 10 oktyabrda İdarə tərəfindən rəy çıxarılıb ki, bağça ərazisində təhlükəli vəziyyətdə olan bir ədəd Qovaq ağacı götürülməli, Safora ağacı budanmalı və iki ədəd ting əkilməlidir.
Məktubda hətta o da qeyd olunur ki, qərar 10 gün ərzində icra olunmalıdır və nəticəsi barədə də məlumat verilməlidir.
Bu məktub uşaq bağçası ilə yanaşı Nəsimi Rayon İcra Hakimiyyətinə, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə və Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə də göndərilib.
Qərar Yaşıllaşdırma Təsərrüfatı Birliyinin təyinatı ilə 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən həyata keçirilməli imiş.
İndi isə nəticə maraqlıdır, hə? Nəticə budur ki, ağacın kəsilməsi haqqında rəy veriləndən sonrakı 125 gündür, həmin təhlükəli ağac hələ də yerindədir. Qərarın icrası isə yuxarıda adlarını sadaladığım qurumların marağında deyil.
Təsəvvür edin ki, Dövlət Ekspertiza İdarəsinin göndərdiyi rəyi Yaşıllaşdırma Təsərrüfatı Birliyində bu yaxınlarda görüblər. Ən azından bizə deyilən söz bu idi.
Həmçinin bizə deyildi ki, ağaclar növbəlilik prinsipi ilə kəsildiyi üçün hələlik uşaq bağçasına növbə çatmayıb.
Yaşıllaşdırma Təsərrüfatı Birliyinin dediyi budur ki, öncə aşmış ağacları götürürlər. Onların yanaşmasına görə, bu 4 ay ərzində hər gün onlarla ağac aşıb və uşaq bağçasına növbə çatmayıb.
Gərək oradakı ağac da aşaydı və hansısa faciə baş verəydi? Belə çıxır ki, onda ağacı tez gəlib götürəcəkdilər. Çünki onların yanaşmasında növbədə birinci aşmış ağaclardır.
Əslində isə risk və təhlükənin miqyası ölçülməlidir. Uşaq bağçasına hər gün onlarla uşaq gəlib-gedir. O ağac uşaqlardan birinin üstünə aşsaydı, kim məsuliyyət daşıyacaqdı?
Bu, açıq sualdır. Məncə, cavabı məlumdur.
Bu arada, son 1 həftədə adlarını yuxarıda qeyd etdiyimiz qurumlara hər gün mütəmadi olaraq müraciət edilməsinə baxmayaraq, hələ də ağacın kəsilməsi üçün briqada ayrılmamışdı. Hər gün “sabah briqada göndərəcəyik” deyərək günləri beləcə yola verirdilər.
Nəhayət, bu gün bu yazı hazırlanmamışdan öncə briqadanın mütləq göndəriləcəyini bildirdilər. Hətta briqada rəhbəri də bizə bu sözləri bildirdi:
“Narahat olmayın, bu gün gələcəyik”.
Deyə bilərsiniz ki, əgər kəsəcəklərsə, onda bu yazını daha niyə yazırdınız? Çünki problem təkcə 22 saylı körpələr evi-uşaq bağçasındakı ağacla bağlı deyil. Ortada bir məsuliyyətsizlik var və eyni problemlə, bəlkə də, hazırda başqaları da üzləşir. Bu yazı həm də onların səsinin aidiyyəti qurumlara çatdırılması üçündür.
Oxşar xəbərlər
“Kristal Abşeron” ağac kəsiminə görə cərimələndi
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı daxil olan şikayəti yerində a...