SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda avtomobil sürücüləri 10 gündən çoxdur ki, maye qazın yoxluğundan şikayət edirlər.

BAKU.WS xəbər verir ki, bəzi yerlərdə yaranan növbə ucbatından yollarda böyük tıxaclar da müşahidə olunub. Sürücülər isə maye qaz tapmaqda çətinliyin son dövrlər müşahidə edildiyini vurğulayıblar. 

Mövcud durumu araşdırmaq üçün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədova müraciət etdik.

O, BAKU.WS-ə açıqlamasında mövcud durumdan mətbuat vasitəsilə xəbərdar olduğunu və maye qazla bağlı çatışmazlıq məsələsini araşdırıldığını dedi: “Bildirmək istəyirəm ki, maye qazı istehsal edən Neft emalı zavodunun fəaliyyətində hər hansı azalma yoxdur. Zavod tam normal rejimdə işləyir. Lakin bazarda LPG kimi tanınan maye qaz Azərbaycanın kimya sənayəsində istifadə olunmur, yalnız yanacaq kimi istifadə edilir. Qeyri-neft sektorun inkişafı ilə əlaqədar Sumqayıtda yeni müəssisələr yaradılıb.

Ölkə rəhbərliyinin göstərişi ilə bu müəssisələrin üzərinə xam malla təchiz etmək öhdəsi qoyulub. Buna görə də, SOCAR xam malın böyük hissəsini bu müəssəsilərə ötürür ki, emal olunsun”. 

SOCAR rəsmisi əlavə edib ki, şirkətlər maye qazı təkcə yerli bazardan deyil, ixrac yolu ilə əldə etməyə də səy göstərməlidir. “Qaldı ki, bunun yanacaq kimi təchizatına, şirkətlərin maye qazı SOCAR-ın zavodlarından götürməsi şərt deyil.

Şirkətlər bunu başqa vasitələrlə, idxal və ya başqa yollarla əldə edə bilər. Dövlətin də bu istiqamətdə bəzi addımları da olub. Cənab Prezident İlham Əliyev propan və butan qazlarını Əlavə Dəyər Vergisindən (ƏDV) azad edib”, - deyə İbrahim Əhmədov qeyd edib. 

Dövlət Neft Şirkətinin nümayəndəsi həmçinin deyib ki, SOCAR olaraq təchizatçı şirkətlərlə istehlakçıların marağını tam təmin etmək üçün çıxış yolları axtarılır və bəzi alternativ variantlar təklif olunub: “Məndə olan məlumata görə, şirkətlər hələlik bunu idxal etmirlər. Çünki bu, onlara bir az baha başa gəlir. Azərbaycanın daxili bazarında bu maddələr yanacaqdoldurma məntəqələrinə ucuz qiymətə satılırdı. Dövlət tərəfindən satışın qiyməti tənzimlənirdi. Həmin şirkətlər həmin aşağı qiymətə maye yanacağı gətirməyə çətinlik çəkirlər. Bu şirkətləri də birmənalı qınamaq olmur. Obyektiv səbəblərdən yaranan bir vəziyyətdir.

Biz də SOCAR olaraq təchizatçı şirkətlərlə istehlakçıların marağını tam təmin etmək üçün çıxış yollarını axtarmaqdayıq. Özümüz də alternativ olaraq yollar təklif edirik. Bunlardan əsası alternativ maye qaz yanacağıdır. Hansı ki, LPG-dən daha üstün olan sıxılmış təbii qazı (CNG) təklif edirik. Biz onun təchizatını bir neçə yanacaqdoldurma məntəqəsinə təmin etmişik. 2019-cu ilin sonuna kimi CNG məntəqələrinin sayını 21-ə çatdıracağıq.

Bu, LPG-dən daha üstündür, çünki daha təhlükəsizdir, onun alışma riski aşağıdır. Onun təchizatında heç bir problem yaranmayacaq. Çünki bu, sadəcə təbii qazdır və birbaşa sıxlaşdırılır. Bir çox istehlakçılar bu yanacaq növünə keçməyə meyl göstərirlər. Bir çoxları artıq buna keçid də ediblər. Çünki satışlar əvvəlki illə nisbətdə 30 dəfə artıb. Təbii ki, təchizatçı şirkətlərin də mövqeyini nəzərə alaraq başqa təklif və variantlar olarsa, bunu da nəzərdən keçirəcəyik”. 

Orxan Hüseyn
BAKU.WS