"Dünya ölkələrində böhran səbəbindən işsizliyin kəskinləşdiyi, eləcə də Avropa İttifaqında işsizliyin 9,6 faizə yüksəldiyi halda, Azərbaycanda bu göstəricinin MDB məkanında ən aşağı səviyyəyə - 4,9 faizə enməsinə nail olunub".
 
BAKU.WS-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümov YAP-ın saytına müsahibəsində deyib. Nazir bildirib ki, gənclərin məşğulluğu sahəsində də ölkəmizdə mühüm işlər görülüb və son 5 ildə ölkədə 15-29 yaşda gənclər arasında işsizlik səviyyəsi 11,8%-dən 9,7%-dək, 15-24 yaşda isə 14,9%-dən 13,5%-dək azalıb: "Aparılan təhlillər ölkənin əmək bazarındakı sabitliyin növbəti illərdə də davam edəcəyini qeyd etməyə əsas verir. Xüsusən sahibkarlığın dəstəklənməsinə, qeyri-neft sektorunun genişlənməsinə yönələn mühüm tədbirlər əmək bazarında müsbət meylləri daha da gücləndirəcək".
 
S.Müslümov bildirib ki, işsizliyin aradan qaldırılması sahəsində Nazirlik tərəfindən də məqsədyönlü işlər aparılır: "Nazirliyin məşğulluq orqanları tərəfindən cari ilin 11 ayında 27146 nəfər işsiz və işaxtaran vətəndaş münasib işlə, 1600 nəfərə yaxın şəxs ödənişli ictimai işlərlə, əmək birjaları vasitəsilə 3774 nəfər şəxs müvəqqəti xarakterli işlərlə təmin edilib. İşçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və əmək bazarının tələblərinə uyğunlaşdırılması üçün qeyd olunan dövrdə 3977 nəfər şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,3 faiz və ya 404 nəfər çoxdur. Habelə 100 min nəfərə yaxın gəncə gələcək peşə və ixtisas seçimində köməklik üçün peşəyönümü məsləhətləri verilib. Ümumiyyətlə, məşğulluq orqanları tərəfindən peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunanların sayı son on ildə 2,5 dəfədən çox artıb".
 
BAKU.WS