20 ballıq sistem dəyişdirilə bilərmi? - VACİB AÇIQLAMA

20 ballıq sistem dəyişdirilə bilərmi? - VACİB AÇIQLAMA
Açıqlama
Sosial 100

Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq olunan cərimələr müəyyən edilərkən ölkənin iqtisadi göstəriciləri nəzərə alınır.

BAKU.WS-in məlumatına görə, minimum əməkhaqqı, orta aylıq əməkhaqqı, yaşayış minimumu və istehlak səbəti kimi meyarlar cərimələrin məbləğinin müəyyənləşdirilməsində əsas rol oynayır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc BAKU.WS-ə açıqlamasında bildirib ki, insan həyatı üçün ciddi təhlükə yaradan, ağır yol-nəqliyyat hadisələrinə səbəb ola biləcək qayda pozuntuları həm yüksək məbləğdə cərimə, həm də yüksək cərimə balı ilə qiymətləndirilməlidir:

"Bununla yanaşı, texniki xarakter daşıyan və təhlükəsizliyə ciddi təsir göstərməyən xətalara görə daha yumşaq yanaşma tətbiq edilməlidir. Belə hallarda həm cərimə məbləği, həm də bal sistemi daha aşağı səviyyədə olmalıdır.

Eyni zamanda, yol hərəkətinin təşkilində sürücüləri çaşdıran bəzi məqamlar da aradan qaldırılmalıdır. Xüsusilə magistral yollarda sürət həddinin qısa məsafədə 90 km/saatdan 60 km/saata endirildiyi hissələr sürücülərin bilmədən qayda pozmasına səbəb olur. Belə halların minimuma endirilməsi üçün yol nişanlarının yerləşdirilməsi və sürət məhdudiyyətlərinin tətbiqi yenidən nəzərdən keçirilməlidir.

Cəza mexanizmi ilə yanaşı, sürücülərin təşviq olunmasına yönəlmiş sistem də yaradılmalıdır. Məsələn, sürücü uzun müddət – üç və ya altı ay ərzində heç bir qayda pozuntusuna yol verməzsə, onun cərimə balının müəyyən hissəsi silinə və ya azaldıla bilər. Bu yanaşma sürücüləri qaydalara daha məsuliyyətlə əməl etməyə həvəsləndirər".

AQC sdəri əlavə edib ki, ölkədə sürücünün əvvəlki davranışları nəzərə alınmalıdır:

"Əgər sürücünün indiyədək ciddi qayda pozuntusu olmayıbsa və bu, sistem üzərindən görünürsə, bəzi hallarda cərimə əvəzinə xəbərdarlıqla kifayətlənmək mümkündür. Əsas məqsəd sürücünü cərimələmək deyil, onun təhlükəsiz sürücülük vərdişlərini formalaşdırmaq və yol hərəkəti qaydalarına əməl etməsini təmin etmək olmalıdır.

Hazırda tətbiq olunan 20 ballıq limitin 30 bala çatdırılması daha məqsədəuyğundur. Mövcud sistemdə bir çox sürücü qısa müddətdə bal limitini dolduraraq sürücülük vəsiqəsini itirmək riski ilə üzləşir. Bal limitinin artırılması isə həm daha ədalətli yanaşma formalaşdırar, həm də sürücülərin birdəfəlik xırda pozuntular səbəbindən ağır nəticələrlə üzləşməsinin qarşısını ala bilər".

Orxan Hüseyn

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər