VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Hərdən üzdəniraq, xarici kəşfiyyata işləyən elektron mətbuatda az qala ölkəmizdəki biznesin yarısını mənim adıma yazırlar"

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin "Report"a müsahibəsi:

- Azərbaycandakı ictimai-siyasi, sosial-iqtisadi vəziyyəti necə qiymətləndirirsiz?

- Bir neçə gün öncə, Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 25-ci ilini qeyd etdi. Bu illər ərzində Azərbaycan xeyli inkişaf etdi. Həmin dövrlərə nəzər saldıqda, görürük ki, nə qədər çətinliklər, kataklizmlər olub. İlk baxışda bunları həll etmək mümkünsüz görünüb, heç də asan olmayıb. Müstəqilliyin ilk illərində 1 milyona yaxın qaçqın və məcburi köçkünün olması, ölkəmizə bəzi dövlətlər tərəfindən embarqo qoyulması, neft müqavilələrinin bağlanmasındakı çətinliklər qeyri-müəyyənlik yaratmışdı. Bütün ümidlər o zaman oyandı ki, həmin vaxt hakimiyyətə Heydər Əliyev şəxsiyyəti gəldi. Heydər Əliyevin idarəetmə prioritetləri seçmə ustası olması bizi bu bəladan xilas etdi. Həmin dövrdə elə sahə yox idi ki, orada problem olmasın, əmək haqları aşağı, işıq, qaz yox idi, istehsal sıfıra enmişdi, iş yerləri kütləvi boşalırdı. Təsəvvür edin, bunu birdəfəlik həll etmək necə çətin idi. Heydər Əliyev bir neçə prioritet seçdi, onlardan birincisi atəşkəsə nail olmaq idi. Atəşkəsə nail olmaqla Azərbaycan bir qədər dirçəldi. İkinci addımı qaçqın və məcburi köçkünlərlə bağlı atdı, onların rifahının yaxşılaşdırılmasına çalışdı. Üçüncü isə ölkədəki özbaşınalığın qarşısını aldı. Bununla da ölkədə sabitliyi bərpa etdi.

Sonralar isə islahatlar aparıldı. Sosial sahədə islahat aparmaq çox çətindir, bunun üçün maliyyə vəsaiti lazımdır. Heydər Əliyev daha bir cəsarətli, uzaqgörən, mütərrəqi addım atdı, neft müqavilələrini bağladı. Bu, böyük inqilabi hadisə idi. Bundan sonra Azərbaycana vəsait daxil olmağa başladı. Biz sonradan bəylərin, hakimiyyətdən xəbəri omlayan insanların populist addımlarının əziyyətini çəkdik. Məsələn, onlar deyirdilər ki, Qarabağ əlillərinə dərman pulsuz olmalı, nəqliyyatdan istifadə haqqı ödənilməməlidir. Bu, popilizmdir. Yəni, bazar iqtisadiyyatında avtomobil şəxsi bir şeydir, necə ola bilər, avtobusla mənzilinə gedəsən, pul verməyəsən?! Görün necə də ziddiyətlidir. Aptek də özəldir, oradan pulsuz dərmanı necə almaq olar? Bəziləri bu imtiyazdan istifadə edib qohumlarına dərman alırdı. Heydər Əliyev bu problemləri yoluna qoydu.

2003-cü ildə Heydər Əliyev siyasi kursunun davamçısı İlham Əliyev hakimiyyətə gəldi. Həmin andan bizim prinsipimiz "Sosial sabitlikdən sosial rifaha"dır. Bu, o deməkdir ki, artıq o vaxtlardan iş yerlərinin yaradılmasına başlanıldı. Regionların inkişafı, əmək tutumlu iş yerlərinin yaradılması siyasəti aparılır. Bu istiqamətdə bir sıra dövlət proqramları icra olunub. İlham Əliyevin dövlət qurucluğunun mahiyyətində səbəblə mübarizə aparmaq durur. Yəni, nəticə ilə deyil.
Bu dövr ərzində pensiyalarla bağlı islahatlar aparıldı, hər il yaşayış minumumu əmək haqqının həddi müəyyənləşdi. Bununla da ölkədə vətəndaşların güzəranı yaxşılaşmağa başladı.

- Amma indinin özündə də vətəndaşların bir qismi əmək haqlarının azlığından şikayətlənirlər...

- Sosial siyasətin əsas qanunauyğunluqlarından biri belədir: Tələbatla təminat düz mütənasibdir. İnsan təmin ola-ola adekvat tələbatı da artır. Telefon, fotoaparat 5 il öncə necə idi? İndi necədir? İnsan istəkləri də buna uyğun dəyişir. Yəni, təmin oluna-oluna bu istəklər artır. İnsan heç vaxt nə iləsə qane olmur. 20 il öncə vətəndaşlarla görüşəndə bizdən yalnız işıq, qaz problemlərinin həll olunmasını istəyirdilər. Zaman keçdikcə bu problemlər həll olundu, amma yeni arzular yarandı, yenə nəsə istəyirlər. Əmək haqqı minimumu yaşayış minimumuna uyğunlaşdırılır. 2016-cı il üçün yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 146 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 117 manat məbləğində müəyyən edilib. Diqqət edin, bu, minimumdur. Yaxşı yaşamaq üçün, maaşın sonsuz istəklərimizə çatması üçün nə lazımdır? Bir evdə iki əmək qabiliyyətli insan işləməlidir. Bir müddət öncə, "Kiminsə işdən sonra vaxtı qalırsa, başqa sahədə də işləsin" ifadəmi yanlış istiqamətə yozdular. Əslində, dediyim sosial rifahın yaxşılaşdırılması üçündür. Çox qazanmaq istəyən yaxşı oxumalıdır, savadlı olmalıdır ki, yüksək maaşlı iş tapa bilsin. Yaxşı həkim, müəllim, jurnalist görün nə qədər maaş alır. Baxın, Dövlət Neft Şirkətində nə qədər kasıb ailələrdən ağıllı insanlar işləyirlər...

Əmək Məcəlləsinə də dəyişiklik edilib, əvvəllər iki yerdən artıq yerdə işləmək olmazdı, indi isə elə deyil, vaxtın varsa, istədiyin qədər müəssisədə çalışa bilərsən.
İndi iş üçün müraciət edirlər və dərhal maaşını soruşurlar, amma özünün həmin şirkətə nə verəcəyi bəlli deyil. Savadsız insanlara niyə yüksək maaş verilsin? Dövlət orqanları, şirkətlər savadlı kadr axtarırlar.

Yaxşı yaşayış üçün qənaət də olmalıdır. Dünyada qəbul olunmuş bir aforizm var, o adam varlı deyil ki, o çox qazanır. O adam varlıdır ki, daha qənaətcildir. Bankdan kredit götürürlər, soruşursan, niyə götürmüsən? Deyir, qızıma bahalı telefon almışam. Adama deyərlər, yorğanına bax, ayağını uzat.
Məsələnin başqa tərəfi də var, indi adi suvaqçı ayda 2 min manata qədər pul alır. Amma polis orqanlarında 300 manata gözətçiliyə razıdırlar, suvaqçı işləməyə yox. Bizdə bu tipli peşələrin təbliği zəifdir.

Vəzifəli şəxslərin keçdiyi həyat yoluna diqqət edin, əksəriyyəti fəhləlikdən başlayıb, dözüb işləyib. Axı insan niyə zəhmət çəkməsin ki? Azərbaycanda orta və kiçik sahibkarlar iş yerləri yaradırlar. Bizdə nədənsə pul qazanana, sahibkara, iş yeri yaradana digərləri paxıllıq edir, üstünə düşürlər. Həmin adamlara demək lazımdır ki, bacarırsan, sən də et. Pulu qazanmaq üçün bir sıra keyfiyyətlər lazımdır. Təəsüf ki, bu da hamıda olmur.
Prezident İlham Əliyev də çıxışlarında deyir ki, orta və kiçik sahibkarlığı qorumaq lazımdır, bürokratik əngəllər aradan qaldırılmalıdır. Amma bizim cəmiyyətdə sahibkar haqqında deyilən fikirlərə baxın, təxminən sovet dönəmindəki kimi - qaniçəndir, qolçomaqdır, istismarçıdır. Bir çox hallarda çayxanalarda boş-bekar oturub onun-bunun pulunu sayırlar.

Bir sahibkar kredit götürüb obyekt tikirsə, 10-15 nəfərə iş yeri yaradırsa, bunun nəyi pisdir ki?

Azərbaycanda rüşvətxorla sahibkarı qarışdırırlar. Bəzi məmurların, Akif Çovdarov kimi quldarların əməlləri üzə çıxdı, bilindi ki, bunlar cinayətkar olublar. Zaman keçdi, hər kəs payını aldı, başqa cür də ola bilməzdi.

- Son zamanlar ərzaq məhsullarının qiymətində bahalaşma olub. Bu problemdən çıxış yolu varmı?

- Xaricdən gətirilən mallar bahalaşır. Bunun üçün bazarın xaricdən asılılığını minimuma endirməliyik. Məsələn: Rusiya, İran bunu edib. Hazırda neftin qiyməti aşağı düşüb. Odur ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı sistemli ardıcıl işlər görülür. Məsələn, pambığın istehsalı artırılır, emalı ilə bağlı bir neçə istehsalat müəssisəsi yaradılır. Məqsəd Azərbaycanın daxili bazarını qorumaqdır. Öz məhsularımız olmalıdır, pendiri xarici ölkədən gətirmək eyib deyilmi? Axı bunu özümüz də edə bilərik. Onda qiymətlər artmaz. Əsas məsələ ölkədəki sabitlikdir. Biz bunu qorumalıyıq.

- Jurnalistlərlərlə münasibətiniz necədir?

- Jurnalistlərlə mənim münasibətim çox yaxşıdır. Amma onların bəziləri bu münasibətləri pozurlar, yalan yazırlar, fikirləri konteksdən çıxarırlar, sensasiya yaratmaq xətrinə fikirləri təhrif edirlər. Bəzən sosial şəbəkələrdə, saytlarda anonim, özlərinin təşkil etdiyi, həqiqətdən kənar, hətta təhqiramiz şərhlər yazırlar. Bu, məni ağrıdır. Buna baxmayaraq, bir dəfə də olsun jurnalist həmkarlarımla bağlı məhkəməyə müraciət etməmişəm. Əslində, heç vaxtım da yoxdur. Vallah, hərdən üzdəniraq, xarici kəşfiyyata işləyən, elektron mətbuatda az qala ölkəmizdəki biznesin yarısını mənim adıma yazırlar. Onların fantaziyasına həsədlə yanaşıram, məni bu qədər varlı görmək istədiklərini yüksək qiymətləndirirəm. Yaşadığım bina 70-ci illərdən tikilib, yeni tikili, villa deyil. Heç şəxsi maşınım da yoxdur. Dövlətin verdiyi maşından istifadə edirəm. Vaxtım çatmadığından, rəsmi olaraq bizneslə məşğul olmuram, mənim də qohumların çoxdur. İndi nə edək, onlar da heç bir işlə məşğul olmasınlar? Axı bu hansı qanunda yazılıb?!

-Seçicilərinizlə görüşdə əsasən nədən şikayət edirlər?

- Problemsiz insan yoxdur. Qarabağ əlininə maşın verilib. 10 il keçib, həmin maşın xarab olub. Gəlib deyir ki, təzə maşın verin. Axı hələ də növbədə maşın almayanlar var... Mənzil verilərkən iki uşağı olub, indi uşaqları çoxalıb, deyir ki, yeni mənzil verin. Bəzən nə edirsən, deyirlər, azdır. Amma elə ailələr var ki, problemlərini dilə gətirə bilmirlər. Mən özüm onlara xüsusi diqqət göstərirəm.

- Seçicilərinizə problemlərinin həllində kömək edə bilirsinizmi?

- Təbii ki, köməklik göstərirəm. Seçicimlə görüşdən sonra onun qanuni istəyinə kömək etmək olur. Bəzən ağır vəziyyətdə olub, işi düzəlməyən üçün, hətta zəng edib dövlət qurumlarına deyirəm ki, xalamoğlu gəlir, ona kömək edin. İşdə otağımda başımın üstündə Qurani Kərim var, əməllərimdə Allahdan və qanunlardan qorxuram, haqq adamıyam, kiminsə haqqına heç vaxt girmərəm. İnsanlara daim kömək etməyə çalışıram. Bunu qəbuluma gələnlər yaxşı bilir.

- Məmurlarla münasibətiniz necədir?

- Məmurlarla münasibətim yaxşıdır. Zəhmətkeş məmurlar çoxdur, amma təəssüflər olsun, məmurların içində harınlaşanı da var. Prezident İlham Əliyevin "Məmur vətəndaşın xidmətçisidir" ifadəsini yaddan çıxardanlar da az deyil. Onların vəzifədə ömrü uzun olmur, əvvəl-axır çıxdaş olurlar.

- Dostluq etdiyiniz məmurlar varmı?

- Dostluq etdiyim məmur yoxdur. Dostluq məsələsində çox həssas, ehtiyatlıyam. Hörmət etdiyim məmurlar var, məsələn, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov hörmət etdiyim məmurlardandır. O, uşaqla uşaq, böyüklə böyük kimidir. Həmişə də xalqın içindədir. Hörmət etdiyim insanlardan biri də Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovdur. Bu cür məmurların qarşısında baş əyirəm, xüsusi hörmətim var. Amma harınlamış məmurlar var ki, heç deputatların telefonlarına cavab vermirlər. Deputat xalqın nümayəndəsidir axı, onlar dərdini bizə danışır, biz də ona uyğun köməklik göstəririk. Bəzi məmurlar var, ona deputat belə, 3-4 gün zəng edir, cavab vermir. Ona qarşı bizdə şəxsi nifrət oyanır. Bu, deputata qarşı belə edirsə, deməli, sadə vətəndaşı heç saymır. Belə məmurlar gec-tez cəzalarını alırlar. Vəzifə bu gün var, sabah yoxdur. Elə insan tanıyıram ki, işdən çıxarılandan sonra oğluna toy edib, amma stollar boş qalıb, kimsə getməyib. Yaxşı olar ki, məmurlar sadə olsunlar, vətəndaşlarla işləsinlər.

- Hadi müəllim, işdən sonra nə ilə məşğul olursuz?

- Vaxtilə bağda işləyərdim, amma indi işim çox olur deyə, evə gec gedirəm. Daha çox yazı-pozu ilə məşğulam.

- Hətta işdən sonra da?

- Xüsusi dincəlmirəm. Evdə 5-10 dəqiqə dincələ bilərəm, bekar qala bilmirəm. İstirahət vaxtımı nəvələrimlə və ya bağda keçirirəm. Vaxtım olanda Lənkərana gedirəm, qohum-əqrəbayla görüşürəm.

- Lənkəranda-ata yurdunuzda sizin üçün nostalji nə var?

- Çox şey var. Uşaqlıq illərim, əziyyətli günlərim Lənkəranla bağlı olub. 2013-cü ilin avqustunda Lənkəranda çörək zavoduna getdim, həmin vaxt rəsmi əmək fəaliyyətinə başlamağımın 50 illiyi tamam olurdu. O dövrün adamlarından bir neçəsini tapdım, çay içdik, söhbət etdik, fəhləliyimi yada saldım. Orada işləyənlərdən biri dedi ki, birlikdə kisə daşımışıq. Dedi, sonra siz "İspalkom"un sədri oldunuz, küçədə qarşılaşanda kənarlaşmaq istədim, amma siz mənlə görüşdünüz. Həmin an yadıma düşdü. Anam sağ olanda Lənkərana daha çox gedirdim. Lənkəran doğma yurddu...

- Necə oldu ki, fəhləlikdən vəzifələrə yüksəldiniz?

- Ona görə ki, işləyirdim, əziyyət çəkirdim. Burada əsas rol oynayan həm də tərbiyədir. Bizim ailədə belə bir fikir vardı: Sən təhsil almasan, ac qalacaqsan. 4 saat işləməli idim, amma 8 saat işləyirdim. Qismət də əsasdır. Məndə zəhmətlə qismət birlikdə oldu. Fəhlə işlədiyim vaxtlarda bir dəfə bazar günü işdəydim, evə getməmişdim. Lənkərana yeni birinci katib təyin olunmuşdu. İsa Məmmədov idi. O da müəssisələri gəzirdi. Bizim zavodun həyətində məni gördü. Əynimdə də fəhlə xalatı vardı. Mənimlə zavodu gəzdi, nə vardısa-elmi-praktik, pis-yaxşı hər şeyi danışdım ona. Bildiyimə görə o mənimlə sonradan daha ətraflı maraqlanıb. Həmin hadisədən on gün sonra Komsomolun ikinci katibliyinə tövsiyə olundum.

- Yəni, vəzifə yüksəlişində qohumluq əlaqələrindən istifadə etməmisiz, eləmi?

- Yox, İsa Məmmədov naxçıvanlı idi, nə əlaqə ola bilərdi ki?! Zəhmət çəkirdim, ona görə yüksəldim. Bir dəfə tədbirlərin birində mənə söz verdilər, çıxış etdim, xoşlarına gəldi. Mən bu cür addım-addım irəli getmişəm, deyilənə görə çalışqan, bacarıqlı olmuşam.

- Avtomobil idarə edirsiz?

- Xeyli vaxtdır, maşın sürmürəm. Sonuncu dəfə qəza oldu, o qəzadan sonra daha maşın idarə etmədim. Qəza ölümlə nəticələnə bilərdi, sağ qaldım, əlim bir neçə yerdən sınmışdı, ondan sonra qorxdum.

- Həkimə tez-tez müraciət edirsiz?

Həkimə nadir hallarda gedirəm, həkimlə də, dərmanla da aram yoxdur. Hərdən həyat yoldaşım bəzi dərmanları verir. Heç bilmirəm, nədir, amma içirəm. Yaşla müəyyən narahatlığım yaranır. Buna baxmayaraq, daim idmanla məşğul oluram.

- Sizi ən çox yoran nədir?

- Məni ağrıdan mənəviyyatsız, yalan danışan simasız adamlar olur. Nə edəsən, cəmiyyət adamıyıq, məclislərdə oluruq, xeyirdə-şərdə bir masa arxasında oturmalı olursan, eləsi var, söhbət edir, mənəviyyatdan danışır. Amma mən onu yaxşı tanıyıram, bilirəm ki, necə adamdır, yalançıdır, usta yaltaqdır, bərbəzəkli danışır. O zaman yoruluram, pis oluram, 3-4 gün özümə gələ bilmirəm. Belə şeyləri kimsə ilə bölüşmək də olmur. Ona görə də az adamla ünsiyyətdə oluram. Deputat Hüseynbala Mirələmovla 64 ildir ki, dostam, məktəbdə bir masada oturmuşuq, Milli Məclisin iclaslarında da bir masada otururuq. Səmimiyik, sevincimizi, kədərimizi belə bilirik. Dostluq budur.

- Övladlarınız nə işlə məşğuldur?

- Bizim ailədə ələbaxımlılıq yoxdur. Oğlumun biri hüquq üzrə fəlsəfə doktorudur, Ədliyyə Nazirliyində şöbə müdiri, o biri oğlum isə Fövqəladə Hallar Nazirliyində çalışır. Böyük qızım göz həkimi, kiçik qızım isə ingilis dili üzrə fəlsəfə doktorudur, Xarici Dillər Universitetində müəllimədir. Mən onların həyatından razıyam.Mənim oğlanlarım 14 yaşlarından işləyirlər, zəhmətlə bu yerə gəlib çıxıblar. Mən onlar üçün pul xərcləmirəm, sadəcə, uğurlarına sevinirəm. Artıq nəvələr də böyüyür, 9 nəvədən böyüyün 23, sonbeşiyin 1 yaşı var. 
 
BAKU.WS