SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna müraciət edəcək vətəndaşlar Bakı və Bakıətrafı, o cümlədən Sumqayıt şəhərində yerləşən çoxmərtəbəli binalardan kirayə mənzillər ala bilərlər. 

BAKU.WS-in məlumatına görə, kirayə mənzil layihəsindən faydalanmaq üçün vətəndaşlar müəyyən qaydaları bilməlidir. 

Redaksiyamıza ünvanlanan çoxsaylı müraciətləri nəzərə alaraq qaydalarla bağlı yazı hazırlamaq qərarına gəldik. 

Kirayə üçün müraciət – satmaq öhdəliyi ilə kirayə müqaviləsinin bağlanılması üçün ərizəçinin və gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvlərinin müraciəti gücləndirilmiş elektron imza sertifikatı ilə Elektron Hökümət Portalına (www.e-gov.az) inteqrasiya olunmuş “Elektron İpoteka və Kredit Zəmanət” sistemində (EİKZS) yaradılan elektron kabinet vasitəsilə edilir.

Elektron kabinetdə ərizəçi və gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvləri barəsində zəruri məlumatların (sənədlərin) alınması üçün dövlət və yerli özünüidarəetmə orqanlarına, kredit bürolarına, fiziki və hüquqi şəxslərə Fond tərəfindən sorğu göndərilməsinə razılıqları verilir və ilkin qiymətləndirmənin şərtlərinə uyğun olduqları halda tərəflərindən müvafiq ərizə-anket forması doldurulur. Müraciətlər real vaxt rejimində EİKZS-də qeydiyyata alınır və onlara həmin sistem vasitəsilə qeydiyyat sıra nömrəsi verilir.

İlkin qiymətləndirmə EİKZS-də müvafiq sorğu nəticəsində əldə edilmiş məlumatlar əsasında elektron qaydada həyata keçirilir. İlkin qiymətləndirmə zamanı ərizəçinin və gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvlərinin aşağıdakı tələblərə uyğunluğu yoxlanılır:

  • Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti;
  • Məhkumluğun olmaması;
  • Müraciət anına vaxtı keçmiş öhdəliklərin olmaması;
  • Müraciət anına yaşın 60 yaşdan yuxarı olmaması;
  • Sənədlə təsdiq edilən gəlirlərə malik olması.

Ərizəçi tələblərdən hər hansı birinə və ya bir neçəsinə uyğun olmadıqda, EİKZS vasitəsi ilə ərizəçiyə bu barədə məlumat verilir və ərizə-anket formasının doldurulmasından avtomatik olaraq imtina edilir. Gəlirlərinin nəzərə alınması məqsədilə müraciət edən ərizəçinin ailə üzvü tələblərdən hər hansı birinə uyğun olmadıqda, EİKZS vasitəsi ilə həmin ailə üzvünə bu barədə məlumat verilir və ərizə-anket formasının doldurulmasından avtomatik olaraq imtina edilir.

HANSI YAŞAYIŞ SAHƏLƏRİNİ FONDUN XƏTTİ İLƏ KİRAYƏ GÖTÜRMƏK OLAR?

2013-cü il yanvarın 1-dən sonra inşa edilmiş, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış və ya qabaqcadan qeydiyyata alınmış çoxmənzilli binalarda yerləşən təmirli yaşayış sahələrini və ya mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış binanın paylarla bağlı tərkib hissəsini, həmçinin Fondun fəaliyyəti ilə əlaqədar Fondun mülkiyyətinə keçmiş yaşayış sahələrini Fond ilə kirayə müqaviləsi bağlayıb kirayə götürmək olar.

FONDUN SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏYƏ VERDİYİ YAŞAYIŞ SAHƏSİNİ HANSI QAYDADA MÜLKİYYƏTƏ KEÇİRMƏK OLAR?

Əvvəlcədən müəyyən edilmiş şərtlərə və tələblərə uyğun olan vətəndaşla Fond arasında satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanılır və həmin müqavilə üzrə kirayəçi öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirərsə, kirayə qaldığı yaşayış sahəsi yekunda müfaviq sənədləşmə işləri aparılmaqla kirayəçinin mülkiyyətinə keçir.

Misal: Siz Fond ilə 15 il müddətinə kirayə müqaviləsi bağlayırsız. Kirayə verilən yaşayış sahəsinin alış qiyməti 100 000 manat təşkil edir. Qabaqcadan aylıq ödənişin 12 mislini (100 000 manat alış qiyməti) / 180 ay = aylıq ödəniş 555,55 manat * 12 ay qabaqcadan ödəniş = 6666,67 manat) ödədikdən sonra sizin 14 il ərzində hər ay 555,55 manat (100 000 manat alış qiyməti – 6666,67 manat 12 ay qabaqcadan ödəniş = 93333,33 manat qalıq borc / 168 ay = 555,55 manat aylıq ödəniş) ödəniş etmək öhdəliyiniz qalır. Alış qiymətinin qalıq hissəsinin tam məbləğini ödədiyinizdən sonra Fond Sizə kirayə götürülmüş yaşayış sahəsinin mülkiyyətinizə keçirilməsi üçün qeydiyyat orqanına təqdim edilməsi məqsədilə müvafiq sənədləri təqdim edir.

SATMAQ ÖHDƏLİYİ İLƏ YAŞAYIŞ SAHƏLƏRİNİN KİRAYƏYƏ VERİLMƏSİ NƏ ÜÇÜN LAZIMDIR?

Şəxsi vəsaiti yaşayış sahəsinin dəyərini birbaşa ödəməyə imkan verməyən, habelə ipoteka kreditinin tələblərini qarşılamağa imkanı olmayan insanları yaşayış sahəsini əldə etmək və ya yaşayış şəraitini yaxşılaşdırmaq imkanları ilə təmin etməkdir.

MİSAL: Ailə alış qiyməti 120 000 manat olan yaşayış sahəsi almaq istəyir. Lakin şəxsi vəsaiti buna kifayət etmir. Bu halda ailə 25 il müddətinə gələcəkdə mülkiyyətə keçməsi məqsədilə yaşayış sahəsini kirayə götürə bilər və bunun üçün cəmi 12 aylıq ödənişi qabaqcadan Fondun hesabına ödəməlidir. Aylıq ödəniş mənzilin alış qiymətinin kirayə müqaviləsi müddətindəki ayların sayına nisbətində müəyyən edilir. Bunun üçün ailə hər ay 400 manat (120 000 manat / 300 ay = 400 manat aylıq ödəniş) ödəmək şərtilə, ilkin olaraq 4800 manat (12 ay * 400 manat aylıq ödəniş) ödəyir.

KİRAYƏ ALINAN YAŞAYIŞ SAHƏSİNİN MAKSİMAL ALIŞ QİYMƏTİ NƏ QƏDƏR OLA BİLƏR?

Fondun şərtlərinə və tələblərinə əsasən Sizin kirayə müqaviləsi üzrə aylıq ödənişinizin maksimal məbləği kredit tarixçənizin, gəlirlərinizin və xərclərinizin təhlili əsasında müəyyən edilir (müsbət, qənaətbəxş və ya mənfi kredit tarixçəsi ola bilər). Gəlirlər və xərclər arasında hesablanan fərq nəticəsində yaranan xalis gəlirin məbləğinin əvvəlcədən müəyyən olunmuş 100 faiz həddində aylıq ödənişin maksimal məbləği müəyyən edilir və buna uyğun olaraq Sizə müvafiq alış qiyməti ilə yaşayış sahəsini seçmək imkanı verilir.

FOND SATMAQ ÖHDƏLİYİ İLƏ KİRAYƏ MÜQAVİLƏSİNƏ HANSI HALDA VAXTINDAN ƏVVƏL BİRTƏRƏFLİ QAYDADA XİTAM VERƏ BİLƏR?

Aylıq ödənişlər 60 gün və daha çox müddətdə ödənilmədikdə;

Kirayə müddətində kirayəçi vəfat etdikdə və kirayə müqaviləsi üzrə hüquq və vəzifələr kirayəçinin vərəsələrinə keçmədikdə;

Yaşayış sahəsi məhv olduqda və ya zədələnmə nəticəsində yaşayış sahəsi öz birbaşa təyinatı üzrə istifadə edilə bilməyəcək dərəcədə dəyişdikdə (bu hal baş verdikdə əldə olunan sığorta ödənişi kirayə müqaviləsi üzrə alış qiymətinin kirayəçi tərəfindən ödənilmiş hissəsi ilə alış qiymətinin ödənilməli olan qalıq məbləğinin nisbətinə müvafiq olaraq Fond ilə kirayəçi arasında bölüşdürülür);

Kirayəçi yaşayış sahəsini Fondun icazəsi olmadan üçüncü şəxsin istifadəsinə verdikdə, həmçinin kirayə müqaviləsi üzrə üzərinə götürdüyü digər vəzifələri icra etmədikdə.

Orxan Hüseyn
BAKU.WS