SİZİN REKLAM BURADA!
055 213 76 73



Emin Topçubaşov – məşhur bir nəslin nümayəndəsi, ömrünün 17 ilini ANS-ə həsr edən televiziya mütəxəssisi, Qarabağ qazisi... ANS-çilərin bütün nəsli onu yaxşı tanıyır. Onu həmişə sakit, nəzakətli, təmkinli görmüşük. Amma hər zaman da bizdən bir qədər uzaqlığını, kədərini, tənhalığını hiss etmişik. Bəli, Emin tənhadır...
 
1993-cü ildə AzTv-nin operatoru kimi yollandığı Qarabağ müharibəsindən "nəsibini alıb”. Mərmi partlayışı onu ömürlük şikəst qoyub. Başına gələnlər, problemlər onu həyata küsdürüb və beləcə öz problemlərinə başqasını ortaq etməmək üçün təkliyi seçib. 1999-cu ildən isə özünün dili ilə desək ANS onun ailəsinə çevrilib. Çətinə, dara düşəndə hər zaman köməyinə çatan insanlar olub burda. Həyatda yeganə təsəllisi olan anasını itirəndə də bu dərdi daşımağa ANS-çilər kömək edib... "ANS bağlanan gün mən ikinci dəfə yetim qaldım. Amma indi mənə kömək olacaq heç kimim yoxdur”, -deyir Emin.
 
Azərbaycan Demokratik Cümhuriyyətini yaradan Topçubaşovun nəvəsi indi bu ölkədə işsiz, çarəsiz və lazımsızdır. Həm də səhətində yaranan ciddi problemlər onun həyata olan bütün ümidlərini alt-üst edib. ANS-də heç kəs onun peşəkarlığına şübhə etməyib. İstər rejissor olduğu dövrdə, istərsə də kamera və digər avadanlıqların ona həvalə edildiyi dönəmdə... İşinin öhdəsindən layiqincə gəlib və halal əmək haqqını qazanıb. ANS-in bağlandığı ilk vaxtlarda hamı kimi o da gözləyib, 25 illik tarixin bir anda silinəcəyinə inanmayaraq kanalın açılacağını gözləyib. İndi isə döydüyü hər qapıdan əliboş qayıdır. Deyir, müraciət etdiyim kanallarda mənə yer yoxdur. Orda mənim nə bacardığımı soruşan belə yoxdur.
 
"Bizə yaşı 45-i keçmiş adam lazım deyil. Hələ üstəlik də sağlamlığı məhdud olan biri” – Eminin iş istədiyi yerlərdən aldığı cavablar əsasən belə olur. Onun kimi ANS-çilərin sayı yüzlərlədir. Axı ANS-də yalnız jurnalistlər, aparıcılar çalışmırdı. Texniklər, işıqçılar, dekoratorlar, montajçılar, operatorlar, qrimçilər, səs rejossorları, efir mühəndisləri, sürücülər, xadimələr, inzibatçılar və digər bu kimi yüzlərlə insan 3 aydır işsizdir. Və onların heç birinin adına saytların "daha bir ANS-çi iş tapdı” tipli xəbərlərində rast gələ bilməzsiniz. Çünki onların iş tapması elə də asan deyil. Nəzərə alsaq ki, ölkədə cəmi 10 televiziya mövcuddur, onların isə maddi vəziyyəti heç də yaxşı deyil ANS-in bağlanması ilə işsiz qalan bu insanların hansı vəziyyətə düşdükləri aydın olar. Operatorlar ANS TV, ANS ÇM radiosu və ANSPRESS-də ümumilikdə 1000-dən çox insan çalışırdı.
 
Kanal bağlanandan bu günə qədər yeni iş tapanları isə barmaqla saymaq olar. Bəli, ANS-in aparıcıları, müxbirləri işsiz qalmaya bilər. Çünki istənilən bir televiziya rəhbəri bu əməkdaşı öz heyətinə qatmaqda maraqlıdır. Ən azı bir nəfər zəif əməkdaşı çıxarıb yerinə ANS-çi götürəcək. Amma neçə nəfər?! Axı heç bir televiziya ölçüsüz , onların maddi imkanları sonsuz deyil... İşsiz qalan insanların problemi təkcə özlərinin deyil. Bu, onların ailəsinin, həyat yoldaşının, uşaqlarının da çətinlik yaşaması deməkdir. Bir sözlə, işsizlərin sayı ədədi silsilə ilə artırsa, narazıların sayı həndəsi silsilə ilə çoxalır... Xüsusilə ölkədə bütün sahələrdə çətinliyin yaşandığı, iş yerlərinin ixtisar olduğu bir şəraitə əlavə işsizlər – narazılar kütləsi kimə lazımdır?! Çıxılmaz durumda olan bir çox ANS-çi kimi Emin Topçubaşov da hələ ümid edir ki, bu sual ətrafında ciddi düşünənlər olacaq və ona heç kəsə möhtac olmadan öz halal pulunu qazanıb yaşamaq imkanı veriləcək.
 
Teref.info
BAKU.WS