SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərbaycan Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Əmək pensiyaları haqqında” Qanun iki mühim istiqaməti əhatə edir".

BAKU.WS xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov feysbuk hesabında yazıb. 

O bildirib ki, həmin istiqamətlər, maddi yardımların pensiyaların tərkibinə daxil edilməsi və qulluq əlavəsi alan şəxslərin pensiyasının gələn ilin 1 yanvarından indeksasiya olunmasıdır:

"Vahid indeksasiya sistemi bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əmək haqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Qanunvericilik əvvəlki illərdə bütün əmək pensiyalarının indeksasiyasını nəzərdə tutmadığı üçün belə dəyişikliklərə ehtiyac var idi. Digər tərəfdən, pensiyaları indeksasiyaya cəlb olunmayan şəxslərin əmək haqları isə 3-5 ildən bir artırılırdı ki, nəticədə qulluq əlavəsi alan şəxslərin pensiyasında artımlar hiss olunmurdu. Onların pensiyaları indeksasiya olunmadığı üçün bu həmin vətəndaşlarımızın bu imkandan da faydalanmasına imkan vermirdi. Yeni dəyişikliklər qəbul olunandan sonra həmin vətəndaşlarımız bu hüquqdan istifadə edə biləcəklər. Məsələn, 2001-2011-ci illərdə on illik indeksasiya faizi 98.0 faiz olub. Bu müddətdə dövlət qulluqçusunun pensiyasında 69.0, hakimlərdə 25, hərbi qulluqçularda 59, xüsusi rütbəlilərdə 81, ədliyyə işçilərində 69 faiz artım qeydə alınıb.

Göründüyü kimi, əgər həmin vətəndaşlarımız da bu müddətdə vahid indeksasiya sistemindən istifadə etsəydilər, pensiya məbləğlərində daha çox artım qeydə alınardı. Yeni dəyişikliklər məhz həmin vətəndaşlarımıza bu imkandan faydalanmağa şərait yaradacaq. Bu baxımdan, yeni dəyişikliklər ilə qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyası əvvəlki metoda nisbətən indi daha çox artacaq, onların sosial rifahına müsbət təsir göstərəcək.

Deputat onu da qeyd edib ki, yeni dəyişikliklər qəbul olunandan sonra 2023-cü ilin ilk ayında bütün növ əmək pensiya məbləğlərində artımlar olacaq:

"Bu il minimum əmək haqqı məbləğində artım olduğu üçün orta aylıq əmək haqqında əvvəlki illərə nisbətən daha yüksək faizli artım qeydə alınacaq. Bu ilin ilk 10 ayında orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar təxminən 15 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq".

"Digər tərəfdən, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın da (200 manat və ya qulluq əlavəsi alan şəxslərə ödənilən pensiya məbləğinin 10%-i miqdarında) 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur. Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək. Qeyd edək ki, xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarına daxil edildikdən sonra yekun məbləğ orta aylıq əmək haqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Məsələn, 400 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği yeni ildən 416.7 manat (400+200/12) qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq. Bu o deməkdir ki, 400 manat pensiya alan vətəndaşımızın pensiyası gələn ay 62 manat artacaq".

BAKU.WS