VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

“2040-cı ilə qədər ölkəmizin su ehtiyatlarının 10-15% azalacağı gözlənilir”.

Bu sözləri BAKU.WS-ə açıqlamasında hidroloq Rövşən Abbasov bildirib.

Onun sözlərinə görə, son illərdə Azərbaycanda çaylarda sululuğun azalmasını müşahidə edirik. Bunun 2 əsas səbəbi var. Suya olan tələbatın artması və iqlim dəyişiklikləri:

“Su ehtiyatının azalması həm də, əhalinin və suvarılan ərazilərin artması ilə əlaqədardır. Azərbaycanın su ehtiyatlarının 70%-i xarici ölkələrdən, xüsusən də Türkiyə və Gürcüstandan gəlir. Digər tərəfdən iqlim dəyişiklikləri də çaylarda suyun azalmasına səbəb olur. Ekologiya Nazirliyinin Milli İqlim Məlumatları Mərkəzinin apardığı araşdırmalara görə, ən yaxşı senari ilə 2040-cı ilə qədər su ehtiyatlarımızın 10-15% azalacağı gözlənilir. Ola bilsin ki, 2070-ci ildə bu azalma 20-25 faizə qədər çatsın”.

Hidroloq deyir ki, bu azalmalar həm də Xəzər dənizinin su səviyyəsinə mənfi təsir edir:

“Xəzər dənizinin su ehtiyatının böyük hissəsi Volqa çayından gəlir. Ancaq hazırda Rusiya ərazisində də suya olan tələbat artmaqdadır. Orada yağıntıların azlığı səbəbindən Volqada suyun səviyyəsi aşağı düşüb. Bu da Xəzərin suyunun azalmasına gətirib çıxarır. Bəzi proqnozlara görə, Xəzərdə suyun səviyyəsi daha da azala bilər. Digər mənbələrdə isə Xəzərdə sululuğun artacağı güman olunur. Bu iqlim amillərini indidən söyləmək çox çətindir. Lakin tarixi müahidələrə inansaq görərik ki, Xəzərin səviyyəsində hər zaman eniş və qalxış olub, yenə də olacaq”.

Qeyd edək ki, Kür çayından ölkəyə daxil olan su son 10 ildə 27 faiz azalıb.

BAKU.WS