"O Səs Türkiyə"-nin FIRILDAQLARI: İstedadlar necə məhv edilir?

O Səs Türkiyə-nin FIRILDAQLARI: İstedadlar necə məhv edilir?
Şou-biznes 8776

Qardaş ölkədə keçirilən "O Səs Türkiyə" mahnı müsabiqəsi Azərbaycanda da böyük maraqla izlənilir. Türkiyənin ən reytinqli yarışmasında iştirak edən həmyerlilərimizin sayı isə ildən-ilə artır.

Müsabiqənin əsas məqsədi Türkiyənin ən istedadlı səsini tapıb xalqa təqdim etməkdir. Düzdür, həmin səs tapılır. Amma təəəssüf ki, qalib olan "o səs"in sonrakı taleyi elə də ürəkaçan olmur. Yarış müddətində bu iştirakçılar böyük populyarlıq qazansa da, veriliş bitən kimi sanki onlar qeybə çəkilirlər. Bəs səsləri ilə həm Türkiyəni, həm Azərbaycanı, həm də digər ölkələri fəth edən iştirakçılar musiqi fəaliyyətini niyə davam etdirmir? Nə üçün onların məşhurluğu kəpənək ömrü qədər olur?

BAKU.WS publika.az-a istinadən "O Səs Türkiyə" mahnı müsabiqəsinin qaliblərini yada salaraq, onların hazırda nə işlə məşğul olduğunu araşdırıb.

"O Səs Türkiyə 2012"-nin qalibi Oğuz Berkay Fidan

2012-ci ildə ilk dəfə efirə çıxan "O Səs Türkiyə" müsabiqəsinin münsif heyətinə Murad Boz, Hadisə, Mustafa Sandal və Hülya Avşar kimi məşhur simalar daxil idi. "O Səs Türkiyə"-nin ilk mövsümünün çempionu Murad Bozun komadasından Oğuz Berkay Fidan olmuşdu. Oğuz Berkayın yarışmadan sonrakı karyerası uzun müddət müzakirə edilmiş, hətta Murat Bozun onu musiqi bazarına necə təqdim edəcəyi maraqla gözlənilmişdi. Lakin Murad Boz verdiyi sözünün üstündə dayanmadı və Oğuzun piarı ilə məşğul olmadı. Oğuz Berkay qalib olduqdan sonra geridə qoyduğu bu 4 il ərzində cəmi bir mahnı yazdıra bilib. O da öz hesabına. Lakin onun yeganə işi də bəhrəsini vermədi. Və "Beni ellerden sayma" adlı bu mahnı hitlər arasına daxil ola bilmədi.

"O Səs Türkiyə 2013"-ün qalibi Mustafa Bozkurt

"O Səs Türkiyə"-nin 2-ci mövsümünün münsif kürsüsündə yenə Murad Boz, Mustafa Sandal, Hülya Avşar və Hadisə əyləşmişdi. Bu mövsümün qalibi Mustafa Sandalın komandasından olan adaşı Mustafa Bozkurt olmuşdu. İki mövsümün qalibi Mustafa Sandalın qrupundan olan Mustafa Bozkurt da Oğuzla eyni taleyi yaşayır. O, insanların yaddaşında yalnız səsinin Əhməd Kayaya oxşarlığı ilə qalır. Mustafa Bozkurta mükafat olaraq 130 min TL dəyərində "Toyota" hədiyyə olunur.

"O Səs Türkiyə 2014"-ün qalibi Həsən Doğru

"O Səs Türkiyə"-nin 3-cü mövsümü daha çox münsif dəyişikliyi ilə yadda qalır. Həmin il Mustafa Sandal və Hülya Avşarın əvəzinə jüri heyətinə Gökhan ilə Ebru Gündeş qatılır. "O Səs Türkiyə 2014"-ün finalına qalan 4 iştirakçının 4-dü də eyni şəxsin - Gökhan Oğuzun komandasından olur. Gərgin mübarizədən sonra "O Səs Türkiyə"nin üçüncü çempionu adına Həsən Doğru layiq görülür. Güclü səsi sayəsində Həsən Doğru uzun müddət şou gündəmində qalsa da, adını musiqi bazarına daxil etməyi heç cür bacarmır. O, müsabiqədən sonra sadəcə arıqlaması ilə gündəmə gələ bilib.

"O Səs Türkiyə 2015"-in qalibi Elnur Hüseynov

"O Səs Türkiyə 2015"-in münsif kürsüsündə bu dəfə Hadisə, Gökhan, Ebru Gündeş və Mahzar Alanson-Özkan Uğur əyləşmişdi. 4-ci mövsümün ilk pilləsinə Ebru Gündeşin komandasından yer alan həmyerlimiz Elnur Hüseynov qalxdı. Türkiyə mətbuatının yazdığına görə, Elnura müsabiqədə qalib olduğu üçün 150 min TL dəyərində avtomobil hədiyyə edilib.

Müsabiqənin ilk günündən bənzərsiz səsi və performansı ilə türk xalqının sevgisini qazanan Elnur elə həmin il Azərbaycanın "Eurovision" mahnı müsabiqəsindəki təmsilçisi oldu. "Eurovison" müsabiqəsində isə Elnur sadəcə 12-ci yerlə kifayətlənib.

Yeri gəlmişkən, Ebru Gündeş Elnura albomunu çıxartmağa söz vermişdi, hətta mətbuatda albom üzərində hazırlıqlar getdiyi də yazılmışdı. Təəssüf ki, Ebrunun həyat yoldaşı Rza Zərrabın həbs məsələsindən sonra türkiyəli sənətçi Elnura verdiyi sözü unudur.

Azərbaycan mətbuatından uzaq gəzən Elnurun hazırda Türkiyədə yaşadığı deyilir. Müğənninin bacısı Ayka Hüseynovanın sözlərinə görə, Elnur İstanbulda yaşayır və musiqi fəaliyyətini orada davam etdirir. Azərbaycanın məşhur vizajistlərindən olan A.Hüseynova onu da bildirib ki, Elnur pərəstişkarlarını yaxın zamanlarda sevindirəcək. Əldə etdiyimiz məlumata görə, heç zaman ulduzluq iddiasında olmadığını deyən müğənni türk koverlərindən ibarət plastinka yazdırmağı düşünür.

"O Səs Türkiyə 2016"-nın qalibi Emre Sertkaya

"O Səs Türkiyə"-nin 5-ci mövsümünün münsif kürsüsündə isə Murad Boz, Hadisə, Ebru Gündeş, Gökhan və Hakan Özoğuz əyləşmişdi. Olduqca həyəcanlı keçən "O Səs Türkiyə 2016"-nın çempionu Gökhan və Hakanın komandasının iştirakçısı Emre Sertkaya oldu. Xarizması ilə qızların rəğbətini qazanan Emre Sertkaya da adlarını çəkdiyimiz digər qaliblər kimi qeybə çəkilib. Gənc ifaçıdan uzun müddətdir ki, səs-soraq yoxdur. Ona müsabiqədən yalnız "KIA SPORTAGE" avtomobili və qısamüddətli populyarlıq qalıb.

Bəs yerli ifaçılarımızın da iştirak etmək üçün dəridən-qabıqdan çıxdığı "O səs Türkiyə" qaliblərinə nə vəd edir?

Dünyanın müxtəlif ölkələrində keçirilən müsabiqənin qaliblərinə mükafat əvəzində ilk olaraq son model avtomobil və iştirakçının seçdiyi müğənni tərəfindən albomunun çıxarılmasına söz verilir. Yuxarıdakı siyahı isə bir daha göstərir ki, yarışmanın təşkilatçıları qaliblərə avtomobil hədiyyə etsə də, münfislər nə onlara verdiyi albom sözünün üstündə durur, nə də dəstək olur. İştirakçıların payına sadəcə qısamüddətli məşhurluqla kifayətlənmək qalır.

Ən maraqlısı isə odur ki, gənc ifaçılar arzusu ürəyində qalan qalibləri görəndən sonra da bu müsabiqədə iştirak etmək üçün dəridən-qabıqdan çıxır. Hər halda qərar və seçim sizindir...

BAKU.WS

Son xəbərlər