“Həmin xalq artisti mənə intim əlaqə təklif etdi” – azərbaycanlı aktrisa Təranə Əliyeva

“Həmin xalq artisti mənə intim əlaqə təklif etdi” – azərbaycanlı aktrisa Təranə Əliyeva
Şou-biznes 18914
BAKU.WS-in bugünkü müsahibi fəaliyyətinə kloun kimi başlayan, daha sonralar prodüser, teleaparıcı və aktrisa kimi davam edən Təranə Əliyevadır. Zahirən çox şən görünən Əliyeva, həyatda yaşadığı bəzi məqamları hələ də unuda bilmir. - Təranə Əliyeva Təranə Əliyeva haqqında nə deyə bilər?- Hamının bildiyi kimi aktrisayam, aparıcıyam, uzun illər prodüser kimi də çalışmışam. İki təhsilim olmasına baxmayaraq, digər sahədə çalışmamışam. Birinci təhsilim filoloqdur, ikinci təhsilim aktyorluq. İki diplomum olsa da, bu dəqiqə diplomsuzlar meydan oxuyur.
Rəqqasə Oksana Rəsulova və aktrisa Təranə Əliyeva

“Utanmır e, bunu oynayır”- Fəaliyyətinizə aktrisa kimi başlamısınız, yoxsa prodüser kimi?- Əslində fəaliyyətimə aktrisa kimi başlamışam. Sonralar həm prodüser, həm aparıcı, həm də aktrisa olmuşam. İndi prodüser kimi işləmirəm. - Bir çox verilişlərin (“Kim kimdir?”, “Söz oyunu” və s.) prodüseri olmusunuz. Sözügedən verilişlərin kulisində hansı maraqlı məqamlarla rastlaşmısınız?- Əslində, mənə prodüserdən daha çox “müğənnilərin dostu” deyirlər. Çünki bir çox sənət adamları ilə münasibətim çox yaxşıdır. Amma bəzi müğənnilər mənim bu dost münasibətimi düzgün başa düşməyiblər, mənə başqa gözlə baxıblar. Məsələn, bir xalq artisti ilə dostluğumuz çox çəkmədi, çünki həmin xalq artisti mənə intim əlaqə təklif etdi. Bu təklifləri rədd etdiyimdən dostluğumuz pozulub. Yaddaqalan məqamlardan onu deyə bilərəm ki, müğənnilər məni çox əsəbləşdiriblər. Sevdiklərimin nazı ilə oynamışam, sevmədiklərimi isə məcbur olub verilişə dəvət etmişəm.

- “Söz oyunu” verilişinin iştirakçısına çevrilmək üçün hər kəs sizin zənginizi gözləyirdi. Elə bir insan varmı ki, Təranə Əliyeva onun zəngini gözləsin? -Verilişin bütün yükü demək olar ki, mənim üzərimdə idi. Çalışırdım ki, müğənni ilə üz-üzə duracaq iştirakçının intellektual səviyyəsi sıfır olmasın. Amma bəzi müğənnilərin özlərinin köməyə ehtiyacı var idi. Onlara kömək etməsəydim biabır ola bilərdilər. Zəngə gəldikdə isə, heç kimdən gözləmirəm. Qoy, mənim zəngimi gözləsinlər. Lazım olan zənglər olunub, lazım olan cavablar da verilib, hər şey yerindədir. - Sizin fikrinizcə aktrisa üçün hər hansısa bir çərçivə olmalıdır, yoxsa aktyor sənəti çərçivə tanımır?-Mən həmişə demişəm ki, aktyor sənəti çərçivə tanımayan bir sənətdir, amma bir çərçivə var ki, o 90 faiz bizim ölkəyə aiddir. Bu günə kimi fərqli obrazlarım çox olub. Elələri də olub ki, qıraqdan baxanlar qınayaraq deyib ki, “utanmır e, bunu oynayır”. Düşünürəm ki, çərçivə bayağı səhnələrdə qoyulmalıdır. Aktrisa dindarı da, pis yolun adamını da oynaya bilər. Müəyyən şeylərdə mən özümə çərçivə qoymuşam. Bəzi obrazlarıma görə hələ də vicdan əzabı çəkirəm. “Xoşbəxt ola bilmədim”- Qeyd etdiniz ki, iki təhsiliniz var. Demək, sizi aktrisa olmağa qoymurdular?- Düzdür, icazə vermirdilər. Nənəm deyirdi ki, “aktrisa olub, gedib oğlanlarla öpüşəcəksən”. Buna baxmayaraq, içimdə olan sənət sevgisi İncəsənət universitetinə qəbul olmağımda bir təkan oldu. Onu da deyim ki, mən BDU-da oxuyanda oranın “KVN” komandasında iştirak edirdim və bütün tədbirlərdə aparıcılıq edirdim. Amma mən təhsilli aktrisa olmaq istəyirdim. İndi bir çox təhsilsiz və bacarıqsız aktrisalar kiminsə yerini tutub adama qıcıq verirlər. Onları lap boğmaq istəyirəm.

- Bir neçə ildir ki, sizinlə feysbukda dostam. Profil şəklinizdə qəmli kloun kiminsə və ya nəyinsə yolunu gözləyir...- Bəli, mənim həyatım başdan ayağa klounadadır. Mən klounluqdan başlamışam. Müəyyən məclislərdə də kloun kimi iştirak etmişəm. Klounlar mənim həyatımdır və profildəki şəkil mənim daxili dünyamı əks etdirir. Həyatda çox şən və pozitiv insan olsam da, gözlərim qəmgindir. Çünki içəridə o qədər dərd, qəm var ki... Klounlar hamını güldürür, amma onları güldürən yoxdur. - Sosial şəbəkədə statuslarınız birində qızınızı doğum günü münasibəti ilə təbrik edəndə belə bir cümlə yazmışdınız: “Mənim taleyimi təkrarlama, sadəcə xoşbəxt ol”. O, xoşbəxtliyi siz nədə görürüsünüz? - İnsan hər tərəfdən yarıyanda xoşbəxt olur. Uşaqlıqda baş verən hadisələr insanın həyatında böyük bir iz qoyur. Qızım atasız böyüdüyünə görə, mən çalışıram ki, uşağımın hər şeyi olsun. Uşaqlıq illərim çox gözəl keçib, amma 16 yaşımdan sonra xoşbəxtliyimi tapa bilmədim. 16 yaşımda atamı itirdim. Onu avtomobil vurdu. O vaxt mobil telefonlar olmadığından biz bunu növbəti gün bildik. Gözlərimlə atamın ölümünü görməmişəm deyə, gözlərim 19 ildir hər yerdə onu axtarır. Atam mənim idealım idi. Ailə qurdum, həyat yoldaşımda atamın cizgilərini axtarırdım, amma çox təəssüf ki, ailə həyatım baş tutmadı və biz ayrıldıq. Yəni, həyatda bir qadın kimi xoşbəxt ola bilmədim. Ona görə də istəmirəm ki, qızım mənim həyatımı təkrarlasın.
Aktrisa Təranə Əliyeva və qızı

- Son işlərinizdən nə danışa bilərsiniz?- Yenicə çəkildiyim “Mələyin öpüşü” filmində ciddi, işini bilən Seva obrazını canlandırmışam. “Lal yuxu” serialındakı Nilufər obrazı isə mənə çox yaxındır. Serialda mənimlə bərabər rəqqasə Oksana Rəsulova da rol alıb. Həm həyatda, həm də bu filmdə biz Oksana Rəsulova ilə çox yaxın dostuq. Ona görə də serialdakı səhnələr süni alınmayıb, biz özümüzü oynayırıq. Nilufər də mənim kimi şən, pozitiv, dostuna sadiq olan bir insandır. Bu qədər...H.M.BAKU.WS

Son xəbərlər