“Falçı dedi, rus qadın cadu edib, 20 min ver, çıxarım” – Biznesmen xanımın İNANILMAZ İFADƏSİ

“Falçı dedi, rus qadın cadu edib, 20 min ver, çıxarım” – Biznesmen xanımın İNANILMAZ İFADƏSİ
Şou-biznes 2431
 

Otelləri və ticarət obyektləri olan iş adamı Barat Abdullayev həyat yoldaşı Təyminə Abdullayevanı həbs etdirmək niyyətindədir.

BAKU.WS-in Lent.az-a istinadən verdiyi xəbərə görə, iş adamı şikayətində bildirib ki, arvadı birgə nikah zamanı əldə etdikləri yaşayış sahəsini satıb, pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb və orada ailəli yox, subay olduğunu yazdırıb. Daha sonra isə həmin sənəddən istifadə edərək, qeyd edilən mənzili 250 min manata satıb və ona 890 min manat məbləğində ziyan vurub.

  

Artıq B.Abdullayevin şikayəti ilə bağlı ibtidai istintaq bitib və iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə təqsirləndirilən Təyminə Abdullayeva istintaq dövründə ifadəsində bildirib ki, Barat Abdullayevin şikayəti əsasızdır.  Həmçinin istintaq dövründə Təyminə Abdullayeva əri ilə yaşadıqları evi, onun qızıllarını ələ keçirmək niyyəti olmadığını deyib.

Qadın bildirib ki, əri Barat Abdullayev həm də onun doğma dayısı oğludur: "1990-cı ildə ailə həyatı qurmuşuq. Birgə nikahdan Neman adlı bir oğlumuz var. Bir müddət sonra Baratın başqa xanımla münasibətlərinin olduğunu bildim.  Həmin vaxtdan aramızda problemlər yarandı. Barat 1998-ci ildə Natalya adlı bir qadınla qeyri-rəsmi yaşamağa başladı və onların bir qız övladları dünyaya gəldi. Buna görə də tez-tez problemlər, söz-söhbətlər olurdu. Övladımın atası olduğu üçün Baratı bağışladım”.

Təyminə Abdullayeva qeyd edib ki, əri tez-tez işi ilə bağlı xarici ölkələrdə olub, Bakıya qayıtdıqda isə digər ailəsinin yanında qalıb: "Dostlar tanışlar məsləhət gördü ki, falçıya gedim. Bacım qızı Esmira və onun rəfiqəsi Nazilə vasitəsi ilə Səkinə İsmayılova adlı qadını tapdıq. Həmin qadın bizə olunan cadunu pozmalı idi. Nazilə məni Səkinənin Əhmədlidəki evinə apardı. Falçı  dedi ki, bir rus qadın mənə cadu edib. Həmin cadunun çıxarılması üçün Səkinə məndən 20 min manat istədi. Həmin pulla Gürcüstandan cadunun çıxarılması üçün müxtəlif əşyalar gətirəcəyini bildirdi. Razılaşdım. İki gün sonra bacım Rəna və qızı Esmira ilə Səkinənin evinə getdik və orada 20 min manatı ona verdim. Səkinə kart və su ilə falıma baxaraq dedi ki, mənim və oğlumun ölümünə cadu ediblər. Pulu verəndə Səkinə bir bağlama verdi. Dedi ki, bunu gözdən uzaq, qaranlıq bir yerdə saxla. Biz də Zığ qəsəbəsində zeytunluğa basdırdıq. Həmin vaxt Səkinə dedi ki, səbirli olum, yaxında hər şey düzələcək. Təxminən 1 ay sonra Səkinə ilə telefonla danışanda ona dedim ki, ərim bəzi obyektlərini və mənzilini satmaq istəyir. Amma alınmır. Kömək etməsini xahiş etdim. Səkinə Qəmbər adlı ekstrasensin olduğunu və mənə kömək edəcəyini dedi”.

Təyminə Abdullayeva ifadəsində qeyd edib ki, əlavə olaraq Səkinə adlı qadına 10 min manat verib: "Obyektlərin satılması üçün Səkinəyə 10 min pul verdim ki, aparıb versin Qəmbərə. Pulu Səkinə vasitəsi ilə Qəmbərə çatdırdım. Çünki Səkinə dedi, Qəmbər heç kimlə ünsiyyətdə olmur. Dedi, pulu versəm, iş həll olacaq. Qızıllarımı lombarda qoyub pul götürdüm. Səkinə gəlib pulu bizim evdən götürdü. Yanında Xəyyam adlı şəxs də var idi. Səkinə dedi ki, bir aya hər iki iş düzələcək. Amma 3 ay keçdi”.

Biznesmen arvadı deyib ki, söhbətdən 3 ay keçməsinə baxmayaraq, heç bir dəyişiklik olmayıb: "Səkinəyə zəng edib pulumu istədim. O mənə dedi ki, 1-2 günə Qəmbəri mənim evimə gətirəcək və o, bizim satmaq istədiyimiz evi almaq istəyir. Belə də oldu. Qəmbər, Xəyyam və Səkinə gəlib evə baxdılar. Qəmbər evi bəyəndiyini, yaxın zamanda satacağını dedi. Amma bu iş də alınmadı. Falçı Səkinə uzun müddət  pulumu vermədi. Səkinə dedi ki, tanışları ilə bu işi həll edəcək və mənə lazım olan pulu verəcək. Bu işdən özünün də pul qazanacağını və mənə olan borcunu geri qaytaracağını dedi. Bu barədə Barata da dedim. O da razılaşdı. Lakin bu iş də alınmadı. Sonra Səkinə dedi ki, Xəyyamla Gürcüstandan maşın gətirib satırlar. Oradan pul qazanıb borcunu verəcək. Falçı qadın daha sonra dənizaltı qaynaq işlərinin görülməsi üçün elektrodların satışı ilə məşğul olduğunu dedi. Həmin işə pul qoymağımı təklif elədi. Həm də Əhmədlidə olan gözəllik salonunu borcunun qarşılığında mənə verə biləcəyini söylədi. Mən də inandım. Şücayət adlı tanışımdan 6 faizə 20 min pul götürüb elektrod işinə görə Səkinəyə verdim. Sonra Səkinədən yenə səs çıxmadı. Onun məni aldatdığını görüb pulumu istədim. Dedi ki, salonu mənə verir. Dəyəri 100 min idi. Onun da mənə 50 min borcu var idi. Mən ona 50 min verməli idim ki, salonu adıma keçirsin. Dedi ki, mənzilimi banka girov qoyum və pul götürüm. Onun tanışları vasitəsi ilə bankdan pul götürüb ona verim ki, salonu adıma keçirsin. Mən onunla razılaşdım və evin sənədlərini ona verdim. Bir müddət sonra Səkinənin Emin adlı tanışı zəng elədi və bankdan pul götürməyimə kömək edəcəyini söylədi”.

Təyminə Abdullayeva evi ərindən xəbərsiz girov qoyması və pul götürməsi ilə bağlı da danışıb. O bildirib ki, Səkinənin tanışı olan Eminə ailəli olduğunu və evin öz adına olduğunu deyib: "Hətta Baratın xəbəri olmadığı üçün evi girov qoya bilməyəcəyimi dedim. Emin dedi ki, bu işi həll edə bilər. Lakin buna pul lazım olacaq. Həmin vaxt mən şəxsiyyət vəsiqəsini itirdiyim üçün ASAN xidmətə gedib təzə şəxsiyyət vəsiqəsi aldım. Orda nə nikah haqqında, nə də boşanmaq haqında sənəd təqdim etmədim. Şəxsiyyət vəsiqəsi aldıqdan sonra Eminlə əlaqə saxladım. Şirkətinin ofisinə dəvət etdilər. Kreditlə bağlı danışıq oldu. Mənə 110 min manat lazım olduğunu dedim. Emin isə bildirdi ki, 130 min yazdıraq ki, 20 min də bank xidmətləri tutulacaq. Mənə 100 min lazım idi, amma Səkinə mənə demişdi ki, 10 min artıq götürüm. Həmin pulu Xəyyama verəcəkdi və sonra mənim pulumu qaytaranda geri ödəyəcəkdi. Bu məbləği verərkən lizinq şirkəti bir öhdəçi istədi. Mən də Səkinə ilə əlaqə saxladım. Xəyyam, Səkinə və Eminlə birlikdə 9 saylı notariat kontoruna getdik. Orada Səkinə də mən də sənədləri imzaladıq. Mən sənədləri oxumadan imzaladım. Daha sonra lizinq şirkətinin ofisinə qayıtdıq. Mən 110 mini aldım. Yolda pulun 60 minini Səkinəyə verdim. 35 min isə lombarda ödədim. Bu söhbətlərdən 2 aya yaxın vaxt keçdi. Amma Səkinə salonu mənim adıma keçirmədi. Hər dəfə müxtəlif bəhanə gətirərək məni aldatdı. Səkinə lizinq şirkətinə pul da ödəmirdi. Mənə zəng edib dedilər ki, öhdəçiliyi öz üzərimə götürüm. Əgər pulu ödəməsəm, ev əlimdən çıxa bilər. Mən də 6 min ödədim. Həmin pulu da bacımdan aldım. Öhdəçiliyi öz üzərimə götürəndən sonra Səkinədən borc müqaviləsi bağlamağımızı istədim. Əvvəlcə razılaşdı, amma sonra telefonları söndürüb yoxa çıxdı. Bu barədə ərimə və qaynıma dedim. Onların məsləhəti ilə polisə müraciət etdim”.

Qeyd edək ki, Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib. Hazırda o iş də Səbail rayon Məhkəməsində davam edir. 

Onu da qeyd edək ki, adı çəkilən Səkinə İsmayılova da bir neçə gün bundan qabaq polis tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib və barəsində həbs-qətimkan tədbiri seçilib.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər