Bakıda təpəgöz, iki-üç başlı uşaqlar, siam əkizlərinin saxlandığı otaqlar (FOTO)

Bakıda təpəgöz, iki-üç başlı uşaqlar, siam əkizlərinin saxlandığı otaqlar (FOTO)
Şou-biznes 15287

 

Bu muzeydə ölülər dirilərin işinə yarayır, buranı digər muzeylərdən fərqləndirən əsas cəhət də elə budur. Eksponatların hamısı insan əzaları, müxtəlif orqanlar, anomaliyalarla doğulan uşaqlar, mumiyalardır. Söhbət Tibb Universitetinin Anatomiya muzeyindən gedir. Öncə içəri girməyə bir az tərəddüd etsəm də, sonra öyrəşirəm. Bəlkə də, bu muzeyin birinci zalı - siam əkizləri, siklop uşaqlar, iki-üç başlı, qurbağa gözlü, mutantlar və digər patoloji dəyişikliklərlə doğulan körpələrin saxlandığı zaldan başlamağımızdan irəli gəlirdi. Bələdçimiz professor Ağasəmid İsayev uzun illər burada çalışdığından, onun üçün bu eksponatlar adi əşyalar idi. Elə eksponatlara dərs vəsaiti kimi baxan tələbələr üçün də hər şey adiləşib.

BAKU.WS bildirir ki, virtualaz.org-un əməkdaşlarını muzeyin girişində kafedranın ikinci müdiri olmuş Konstantin Nikolayeviç Malinovskinin külü qarşılayır. Ağasəmid müəllimin sözlərinə görə, professorun meyidi öz istəyi ilə yandırılıb və vəsiyyətinə uyğun olaraq, burada saxlanılır. Girişdəki ilk eksponat da onun daxili orqanlarının saxlandığı şüşədir. Bu, muzeyin formalaşmasında böyük əməyi olan professorun tələbələrinə sonuncu yaxşılığı idi.

1919-1922-ci illərdə kiçik otaqdan və təxminən 300 eksponatdan ibarət olan muzey məhz Malinovskinin dövründə - 1926-cı ildə böyüdülüb, eksponatların sayı 500-ə çatdırılıb. Hazırda 7000-dən çox eksponatın olduğu muzeydə ən qədim eksponatlar 1922-ci ilə aiddir.

A.İsayevin virtualaz.org-a bildirdiyinə görə, indi muzeyə eksponatların gətirilməsinə nadir hallarda rast gəlinir. Səbəb isə çox sadədir, hazırda yiyəsiz meyit, sahibsiz ölü tapmaq çətindir. Bu səbəbdən də muzey ildə-ayda bir dəfə ölən sahibsizlərin ümidinə qalıb. Əlbəttə, əgər onlar da muzeyə gəlib çatsa.

Təpəgöz uşaqlar, siam əkizləri, qurbağa gözlülər

Zalda saxlanılan uşaq meyitlərinin əksəriyyəti ya yeni doğulan, ya da ölü doğulanlardır. Formalin məhlulu içərisində xüsusi şüşə qablarda saxlanan nümunələrin arasında hidrosefaliya - başın bədəndən böyük olması qüsuru ilə doğulan uşaqlar üstünlük təşkil edir. Bəzilərində körpənin boynuna dolanıb onun ölümünə səbəb olan cift də aydın görünür.

Muzeydə ən təsirli eksponatlardan biri də siklop uşaqdır. Bu bizim nağıllardan bildiyimiz həmin o təpəgözdür. Uşağın yeganə gözü düz alnının ortasında yerləşir. Bəzi anomaliyalarda isə körpələr beyin qışalarının yırtığı, baş bədənə birləşmiş formada doğulublar. Belə uşaqları bir çox valideynlər elə xəstəxanadaca atıb gedir, əksəriyyəti isə anomaliya ilə uşaq dünyaya gətirdiyini heç kimin bilməsini istəmir. Əlbəttə ki, muzeydə normal və yarımçıq doğulan uşaqlara da rast gəlinir. Amma bunlar da yalnız valideynləri tərəfindən muzeydə saxlanmasına icazə verilənlərdir. Həkimin sözlərinə görə, bəzən valideynlər uşaqların burada təcrübə obyekti kimi istifadəsinə razılıq vermirlər:

"Bizim doğum evləri ilə müqavilələrimiz var, həmişə əlaqə saxlayırıq. İşçimiz belə hallar olduqda bizə xəbər verir və ya həmin uşağı bizə gətirir. Amma hamısı sənədlə gətirilir. Bəzən valideynlərin buna razı olmadıqları hallar da olur. Məsələn, mən aspiranturada oxuyanda bir körpə gətirmişdilər. 4 aylıq yarımçıq doğulan uşaq idi. Gətiriləndən təxminən bir həftə sonra aləm bir-birinə qarışdı. Dedilər ki, həmin körpənin anası, nənəsi gəlib uşağı tələb edirlər. Biz həmişə uşağın qolunda kimliyi ilə bağlı sənədi saxlayırıq. Onu tapdıq və meyit yarılmamış yiyəsinə qaytarıldı", - deyə A.İsayev bildirir.

Həkimin sözlərinə görə, buradakı eksponatlar tələbələrə nümayiş olunan zaman ağzı açılmır, elə şüşədən göstərilir. Çünki eksponatın içərisinə hava keçərsə, kiflənmə baş verər. Ağzı kip bağlanan qabların 3-4 aydan bir mayesi dəyişilir.

Bələdçinin bildirdiyinə görə, indi çox bəsit görünən hər bir eksponatın hazırlanması uzun və əziyyətli bir işdir. Təkcə beynin damarlarını, şaxələrini tələbələrə əyani şəkildə göstərmək üçün onun üzərində həftələrlə, bəzən də aylarla işləyirlər.

Muzeyin maraqlı eksponatlarından biri də dalaq, böyrək və digər orqanlardan çıxarılmış damarlardır. Onlar korroziya üsulu ilə çıxarılır. Hər hansı orqanda olan damarların içərisinə xüsusi maddə yeridilir. Sonra həmin orqan başqa bir məhlula qoyulur. Məhlul orqanın toxumasını, parenximasını yeyir, amma damarda ayrı maddə olduğuna görə ona toxuna bilmir. Bu, damarların öyrənilməsi üçün ən yaxşı üsuldur. Məsələn, bu üsulla dalağın içində damarlar necə şaxələnibsə, hamısı qalmış olur. Həkimin sözlərinə görə, bunu qaraciyərdə, böyrəkdə, ürəkdə - istənilən orqanda etmək olar.

"Öküz ürək"li adam...

Muzeydə ürəyin müxtəlif vəziyyətlərini əks etdirən eksponatlar var. Ən çox diqqətimizi çəkən isə "öküz ürəyi" idi. "Öküz ürəyi" dedikdə üzümüzdə yaranan təbəssüm insana aid olmasını eşidəndə bir andaca söndü. Əvvəlcə öküzə aid olduğunu düşündüyümüz bu nəhəng ürək əslində hipertrofiyalaşmış insan ürəyidir. Anadangəlmə və ya sonradan yaranan bu anomaliya damar sistemində, ürək qapaqlarında yaranan xəstəliklə bağlı da ola bilir. El arasında "ürəyin şişməsi" də deyirlər. Həkimin sözlərinə görə, eyni vaxtda ürəkdə bir neçə xəstəlik meydana çıxır və buna ürək dözmür, əzələ qişası qalınlaşaraq böyüyür.

Muzeydə həmçinin ağciyərlər, qırtlaq, böyrəklər, sidik kisəsi, kəllə sümüyü, rüşeymin inkişaf mərhələləri, bağırsaqlar və digər orqanlar nümayiş olunur. Məsələn, Tibb Universitetinin tələbələri burada nümayiş olunan uşaq böyrəyi ilə yaşlı adama məxsus böyrəyi nəzəri cəhətdən deyil, əyani şəkildə görə və öyrənə bilərlər. Həkimin sözlərinə görə, muzeydə nümayiş olunan uşaq böyrəyinin paylar şəklində olması aydın görünür. Böyüdükcə bu payların arası beyin maddəsi ilə dolur və birləşir.

Muzeyin son vaxtlarda əldə etdiyi eksponatlardan biri də 5-6 il əvvəl bura Onkologiya xəstəxanasından verilmiş döldür. 4 aylıq olan uşağın ciftdən ayrıldığı aydın görünür. Omnion qişasının partlayaraq dağıldığı bu nümunə də patologiyadır.

"Meyidin üzərində aylarla işləyirik"

Muzeydə ən dəhşətli guşələrdən biri də insan kəlləsinin nümayiş olunduğu yer idi. Söhbət hər hansı kəllə sümüyündən getmir. Nümayiş olunan insan başı - üzərində dərisi olan, sifət cizgiləri aydın görünən eksponatlardır. Uşaqlarla bağlı eksponatlar nə qədər ürək ağrıdırsa, daha çox dəhşət filmlərini xatırladır. Elə ilk baxışdan qəza keçirdiklərini ayırd etmək olar. A.İsayevin sözlərinə görə, bura gəlib çıxana kimi meyidi əvvəlcə fiksasiya edirlər. Bunun üçün damarlara formalin məhlulu vurulur. 1 həftə, 10 gün ərzində hopur və bərkidir. Məhlul meyitdən suyu çıxarır və yerinə hopur. Bundan sonra meyidin üzərində həkimlər işləyirlər. Hansı damar, vəz lazımdırsa, onu axtarırlar.

Muzey eksponatlığına namizədlər isə əsasən qəza keçirən və bəzən də öz əcəli ilə ölən insanlardır. Vərəmli xəstə, hər hansı infeksion, onkoloji xəstəliyi olan şəxsləri götürmürlər. Həkim deyir ki, bunu özümüzü sığortalamaq üçün edirik. Həm də, bu bizdə birdəfəlik qanun şəklini alıb. Çünki tədris məqsədi üçün yalnız sağlam insanlar lazımdır.

Əlbəttə, meyitlər üzərində işləyən şəxs üçün bu işə başlamağa müəyyən zaman tələb olunur. İlk dəfə meyidi, insanın parçalanmış əzalarını görən tələbələr arasında qorxanlar, hətta ürəyi gedənlər də olur. Həkim deyir ki, son vaxtlar belə hallara az-az rast gəlinir, yəni 3-5 ildə bir dəfə. İş orasındadır ki, qorxu mərhələsini adlayan həmin o tələbələr də sonradan digər tələbələrdən daha çox meyitlərlə işləməyə həvəs göstərirlər.

İnsan ölümünün bu qədər adiləşdiyi, hər gün meyit yarıb təcrübə aparıldığı bir kafedrada çalışan Ağasəmid müəllimin özünün ilk dəfə meyit yardığı günü necə xatırladığını soruşuruq. Həkim deyir ki, heç vaxt meyitdən qorxmayıb. Aspiranturada oxuduğu dövrdə isə bəzən gecədən səhərə qədər burada işlədiyi vaxtlar olub.

"İlk dəfə meyidi müayinəyə aparanda sevinə-sevinə getmişəm. Moskvadan gəlmiş bir müəllimimiz var idi, bizə növbəti dərsdə əzələ bəhsini keçəcəyini və bunu meyit üzərində göstərəcəyini dedi. Biz də sevinə-sevinə müəllimdən qabaq qaçıb getmişdik".

Dəhşət filmindən sonra cizgi filmi

Muzeyin növbəti zalında skelet və kəllələr nümayiş olunur. Bura qədər gördüklərimdən sonra skelet və kəllələr mənə cizgi filmini xatırladır. Bu zalda təcrübə aparan tələbələrlə də tanış oluruq. Bələdçimiz deyir ki, muzeydə elmi işlə məşğul olmağa kifayət qədər kəllə var. Üzərində sarı rəngli kağız yapışdırılmış kəllələr isə tədqiq olunanlardır.

Burada müəllim və tələbələr tərəfindən hazırlanan 3 ayından tutmuş bir neçə yaşına qədər olan uşaq skeletlərinə də rast gəlirik. Bu zalda professor Vaqif Şadlinski tərəfindən 1997-ci ildə Şəki şəhərində tapılmış atəşpərəstik dövrünə aid türk tayfalarına məxsus kəllələr nümayiş olunur.

Muzey sayəsində onu da öyrəndim ki, qadın və kişi kəlləsində fərq kişilərdə ənsə tərəfin arxaya çıxmış olması ilə əlaqədardır. Qadınlarda isə alın qabağa çıxmış olur və göz dəliyinin yuxarı hissəsi qadınlarda daha itidir. Fərq kişilərin daha çox fiziki əməklə məşğul olması ilə əlaqələndirilir. Belə ki, ənsə sümüyü gövdə əzələlərinin bağlandığı yerdir. Əzələlərin dartma forması sümüyü, qabarları formalaşdırır. Amma bununla belə, həkim istisnaların olduğunu da etiraf edir. Məsələn adətən çanağın ölçüsü qadınlarda daha böyük olur. Amma akrobatika ilə məşğul olan kişilərdə çanaq sümüyü qadınlardan iri olur.

Muzeydə ən maraqlı eksponatlardan biri də mumiyalardır. Müxtəlif illərdə hazırlanmış mumiyalar da şüşənin altında xüsusi şəraitdə saxlanılır. Çox hündür boyları və sağlam dişləri aydın görünür. Bunları qoruyub saxlamaq üçün vaxtlı-vaxtında havası dəyişilir, xüsusi maddə vurulur.

Bələdçimizdən onu da öyrənirik ki, buradakı eksponatların qiyməti yoxdur. Ən dəyərli nümunələrdən biri isə insan embrionunun mərhələlərini əks etdirən eksponatdır. Muzey hər hansı orqanı pulla almır, yalnız sahibsiz meyit və ya orqan üzərində təcrübələr apara bilir. Bura tələbələrin canlı kitabxanası da demək olar. Tələbə üzəri nömrələnmiş sümüyü və ya əzanı saat 17:00-a qədər açıq olan muzeydə əyani şəkildə tədqiq edə bilər.

Professor söhbət arası problemlərə də toxundu. Məlum oldu ki, bu qədər eksponatın olması, oxumaq üçün hər cür şəraitin yaradılmasına baxmayaraq, hələ də əsas problem tələbələrin zəif hazırlığıdır. Anatomiya muzeyinin əsas problemi isə Mədəniyyət Nazirliyi tərəfindən bura muzey statusunun verilməməsi, muzey kimi tanınmamasıdır.

Elə bu səbəbdən də ziyarət etdiyimiz bu muzeydə olmaq çoxuna maraqlı gəlsə də, girişə məhdudiyyəti səbəbindən qapılar üzünə bağlanır. Ümid edirik ki, nə vaxtsa bu muzey də paytaxt muzeyləri arasında öz layiqli yerini tapacaq. Hələlik isə, görmək istəyənləri virtualaz.org-un virtual turuna dəvət edirik. Tamamilə pulsuz. 

BAKU.WS

Son xəbərlər