Bakı Olimpiya Stadionunda toylar keçiriləcək
"Bakı 2015” İlk Avropa Oyunları zamanı istifadəyə verilən Bakı Olimpiya Stadionunda (BOS) futbol oyunlarından başqa toy şənlikləri də keçirmək mümkün olacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Stadionun rəsmi saytında elan yerləşdirilib:
"Bakı Olimpiya Stadionunda toy etməklə siz bu mühüm hadisəyə yaradıcı yanaşma etmiş olacaqsınız. Ərazinin əzəməti peşəkarlara burada unudulmaz və original mühit qurmağa kömək edəcək. Siz burada kiçik banketlərdən böyük toy mərasimlərinə qədər tədbirlər keçirə bilərsiniz. Dəbdəbəli interyer, unikal atmosfer, yüksək səviyyəli tədbirlərin təcrübəsi sizə unudulmaz və əvəzolunmaz mərasim yaşadacaq. Əlavə məlumatlar üçün tədbirlər üzrə komandamız ilə əlaqə saxlayın”, - deyə elan yazılıb.
Bəs görəsən 68 min oturacaq yeri olan bu stadionda toy şənliyi necə və hansı qiymətə başa gəlir?
Stadiondan bildirilib ki, burada toy səhnəsi meydançanın tam ortasında qurulur. Yemək masaları isə Avropa dəbi ilə yerləşdirilir. Əgər toy dəvətliləri 150 nəfərə qədərdirsə, onda stadionda qapalı məkanda oturacaqlar olan yerdə şənlik etmək mümkündür. 150 nəfərdən çoxdursa, o zaman meydançada yerləşdirilən masaların ətrafına oturacaq qoyulmur. Toy dəvətliləri Avropa dəbinə uyğun caz musiqisi sədaları altında ayaqüstü masalar ətrafında dayanacaqlar.
Stadiondan qeyd ediblər ki, bir nəfər üçün ödəniş haqqı dekorasiya, yeməklər, caz musiqiçiləri və digər xidmətlərlə birlikdə 100-150 manat təşkil edir. Hətta onu da deyiblər ki, bu, son qiymətdir. Heç bir güzəştli paket yoxdur.
Bu vaxta qədər hələlik mərasim keçirilməsə də, artıq sifarişlər var. Martın 19-da BOS-da ilk toy olacaq.
Oxşar xəbərlər
Yığmamız Moldovanı məğlub etdi
Futbol üzrə Azərbaycan yığma komandası baş məşqçisi Robert Prosineçkinin rəhbərliyi altında növbəti qələbəsini qazanıb. BAKU.WS-in məlumatına görə, yığmamız M...