Başı kəsilmiş xoruz 18 ay yaşadı (VİDEO)
1945-ci il 10 sentyabr günü amerikalı fermer Mayk ləqəbli xoruzunun başını kəsir. Qəribədir ki, xoruz ölmür və fermer onu sağ saxlamaq qərarına gəlir. Başı kəsilmiş xoruz iki il yaşadı, fermer onu pipetka ilə yedizdirirmiş.
BAKU.WS Kulis.az-a istinadən "Möcüzəvi xoruz Mayk” adlı yazını təqdim edir.
Mayk başını necə itirdi
Həmin gün beş ay yarımlıq beçə Fruit şəhərində hinin qabağındakı küllükdə eşələnirmiş. Onu həmin nə gözlədiyini bilmirdi, bircə şey məlum idi. Bu gün onu şam yeməyi üçün kəsəcəkdilər. Hər şey bu qərardan sonra oldu.
Klara Olsen şam yeməyinə çolpa bişirmək istəyirdi. Onun əri Lloyd Olsen həmişəki qayda ilə hinə yollanır. Lloyd bilirdi ki, çolpanın boyun hissəsini xoşlayan qayınanası onlarla şam edəcək. Buna görə də Lloyd öhdəliyinə çətin iş düşmüşdü. O, quşun boğazını balta ilə elə üzməli idi ki, boynun çox hissəsi heyvanın bədənində qalsın.
Lazımı zərbə yerinə yetirilir. Xoruz bu zərbədən sonra can vermək yerinə "edam kürsüsü”ndən qalxaraq qaçmağa başlayır. Təcrübəli fermer bilirdi ki, quşlar başları kəsiləndən sonra hardasa beş dəqiqə yaşaya bilirlər. Buna görə xoruzun bu hərəkətini ciddiyə almır. Amma xoruzun dalıyca qaçıb küllüyə gələndə heyrətini saxlaya bilmir. Mayk heç nə olmamış kimi başqa toyuqlarla eşələnirdi. Başsız çolpa ölmək bilmirdi. Belə olan təqdirdə Lloyd ondan əl çəkir və başqa toyuq kəsir.
Fermer səhər heç nə olmamış kimi hinə girəndə gözlərinə inana bilmir. Xoruz kəsilmiş başını qanadının altına alıb tarda yatmışdı. Lloyd düşünür ki, əgər xoruz sağ qalıbsa deməli bundan sonra da yaşamağa layiqdir. Fermer xoruzu yedirmək üçün yollar axtarır və qərara gəlir ki, onu pipetka ilə yemləsin. O, pipetka ilə heyvana su və dən verirdi. Arada yem xoruzun boğazında qalır və o boğulurdu, bu zaman Lloyd şpirslə yemi onun boğazından geri çəkirdi.
Onu qayınana xilas elədi
Günlər keçdikcə məlum olurdu ki, Mayk adi xoruz deyil.
Bu hadisədən bir həftə keçsə də Mayk hələ yaşayırdı. Belə olan halda Olsen qərara gəlir ki, Fruitdən 250 mil uzaqda olan Solt-Leyk-Siti şəhərinin universitetinə yollansın və bu qəribə xoruzu alimlərə göstərsin. İlk baxışdan alimlər də təəccüblənirlər. Axı, başı kəsilmiş heyvan necə yaşaya bilər. Ətraflı tədqiqat aparılandan sonra aydın olur ki, sən demə Maykın həyatını Lloydun qayınanası xilas edibmiş. Alimlər müəyyən etdiyinə görə balta boyun venasına dəyməyib, nəticədə qanın laxtalanması nəticəsində qanaxma olmayıb. Maykın başı kəsilsə də onurğa beyninin çox hissəsi və qulağının biri salamat qalıb. Xoruzun reflekslərinin əksər hissəsini onurğa beyni idarə etdiyi üçün Mayk sağ-salamat qalmışdı.
Ölümdən sonrakı həyat
Lloydun möcüzəvi xoruzu haqqında söhbətlər qısa müddətdə Ştatlara yayılır. Mətbuat bu "Möcüzəvi başsız xoruz” haqqında yazır. Tezliklə Lloydun fermasında işbazlar peyda olurlar. Onlar Lloyda təklif edirlər ki, bu "qızıl xoruz” fürsətini əldən buraxmasın. Beləliklə Lloyd xoruzunu da qoltuğuna vurub Amerika turuna çıxır. Onun heyranları durmadan artırdı. Bu başsız xoruzu görmək üçün insanlar məmuniyyətlə 25 sent ödəyirdilər. Xoruzun məşhurluğunun ən pik nöqtəsində Lloyd aya 4500 dollar, indiki hesabla təqribən 48 min dollar qazanırdı. Fermer öz gəlirli xoruzunu 10 min dollara sığortalayır da. Llyod xoruzla yanaşı onun kəsilmiş başını da spirt dolu bankada gəzdirir, nümayiş etdirirdi. Şayiələr gəzirdi ki, Lloyd bu başı başqa xoruzdan kəsib götürüb, Maykın başını isə kəsiləndən dərhal sonra pişik yeyib.
Ölümü və ölümsüzlüyü
Maykl başsız 18 ay yaşaya bildi. Bu müddət ərzində o kökəlib beçədən əsl xoruza çevrilmişdi, iki kiloqramdan çox çəkisi vardı. 1947-ci ilin mart ayında o faciə baş verməsəydi bu möcüzəvi xoruz bəlkə də hələ uzun müddət yaşayardı. Səfərlərin birində qaldıqları oteldə Maykın nəfəsi tutulur. Lloydun yanında şpris olmadığı üçün heyvan boğulur və onu xilas etmək olmur. "Məşhur başsız xoruz” bax bu cür ölür, amma onun şöhrəti hələ də qalmaqdadır.
Fruit şəhərinin Maykı görən sakinləri deyirlər ki, onun başı olmasa da başqa xoruzlar kimi xoşbəxt idi. Hazırda Fruitdə Maykın şərəfinə heykəl ucaldılıb. 1999-cu ildən bəri Fruitdə "Mayk-başsız çolpa” adlı festival keçirilir. Festivalın proqramına konsert, "Başsız çolpa kimi qaç” adlı yarış, avtoşou, uzağa yumurta atma yarışları daxildir. İştirakçılara müxtəlif toyuq xörəkləri də təklif olunur.
Balta ilə şöhrətə doğru
Maykdan sonra Lloyd Olsenin şöhrətinə qısqanclıqla yanaşan xeyli adam əlində balta eyni uğuru təkrar etmək istəyib. Maykın taleyini yaşayacaqları səbəbi ilə nə qədər xoruzun başı bədənindən ayrılıb. Təəssüf ki, bu cəhdlərin heç biri uğurlu alınmayıb. Başları kəsilən xoruzların əksəriyyəti o dəqiqə ölüblər, yalnız bəziləri cəmi bir neçə gün yaşaya bilib. Düzdür Laki ləqəbli başqa bir xoruz da 11 gün yaşaya bilib, bəlkə də bacaya çıxıb ölməsəydi daha çox yaşayardı və Maykın şöhrətini bölüşərdi. Hələlik isə "başsız yaşayan toyuq” rekordu yalnız Mayka məxsusdur və Ginnesin rekordlar kitabında da bu təsdiqini tapıb.
BAKU.WS
Oxşar xəbərlər
Başı kəsilən 17 yaşlı qızın gizli mesajları üzə çıxdı
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Tovuz rayonunda dəhşətli cinayət hadisəsi baş verib. Rayonun Aşağı Quşçu kəndində 17 yaşlı Günay Gülməmmədovanın meyti...