Aprel döyüşlərinin qəhrəmanı: "2 ermənini vurdum, sağa dönəndə gördüm ki... (FOTO)
Artıq hər kəsə bəllidir ki, aprel döyüşlərindən sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar xeyli aktivləşib. Çünki aprel döyüşləri bir neçə mühüm reallığı ortaya çıxardı. İndiyə qədər bəzi dairələr düşünürdülər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişəyə çevrilib, artıq Azərbaycan cəmiyyəti münaqişənin həllində o qədər də həvəsli deyil, xüsusilə gənc nəsl sanki yadırğayıb.
Onlar düşünürdülər ki, bu vəziyyətdən istifadə edərək münaqişəni uzatmaq və münaqişənin mövcudluğundan istifadə edərək öz maraqlarını həyata keçirməklə arzularını reallaşdıra biləcəklər. Ancaq aprel döyüşləri onların bu ehtimallarını tamamilə alt-üst etdi. Bu döyüşlər zamanı Azərbaycan cəmiyyətində xüsusi bir qələbə əzmi, vətənpərvərlik, döyüş ruhu yarandı, siyasi mövqeyindən asılı olmayaraq hər kəs dövlətin, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında cəmləşdi, nəinki Azərbaycan daxilindən, hətta xaricdən gənclərimiz könüllü olaraq döyüşlərə qatılmaq üçün müraciətlər etdi, bir sözlə, Azərbaycan münaqişə ilə bağlı yekdil və sərt mövqe ortaya qoydu. Şəhidlərin dəfni zamanı yaranan izdiham, şəhidlərin ruhuna olan hörmət və ehtiram cəmiyyətin vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunu ortaya çıxardı. Aprel döyüşləri göstərdi ki, Azərbaycan gəncləri nəinki münaqişəni unudub, əksinə, Qarabağ uğrunda ölümə getməyə hazırdırlar.
Digər bir reallıq isə ordumuzun gücü və vətənpərvərlik ruhudur. Aprel günləri göstərdi ki, Ermənistan ordusu Azərbaycan ordusu qarşısında tab gətirmək iqtidarında deyil. Ermənistan ordusu həm insan resursları, həm də maddi-texniki baza baxımından ordumuzdan xeyli geridədir.
Həmçinin bu döyüşlər Azərbaycanın əsgər və zabitlərinin vətənpərvərlik, döyüş ruhunun nə qədər yüksək olduğunu da nümayiş etdirdi. Xüsusilə ordumuzun yüksək rütbəli zabitlərinin döyüşlərdə əsgərlərin önündə getməsi, hətta əsgərlərini qorumaq üçün özünü qumbaranın üzərinə ataraq canından keçməsi kimi cəsarətli hərəkətlər ordumuzda vətənpərvərlik ruhunun nə qədər yüksək olduğunun göstəricisidir. Onlardan şəhid olanlar da oldu, yaralananlar da... Belə zabitlərdən biri də artıq illərdir ki, Sumqayıt sakininə çevrilən, aprel döyüşlərində ağır yaralanaraq I qrup əlilə çevrilən gənc baş leytenant Azər Məmmədovdur. Onun haqqında bizə yaxın bir dostumuz məlumat verdi. Azər bəylə zəngləşib görüş təyin etdik. Onun söhbətlərini dinlədik, eyni zamanda bizə maraqlı olan bəzi sualalra cavab almağa çalışdıq.
HAŞİYƏ: Azər Arif oğlu Məmmədov 1988-ci ilin avqustun 29-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Mahmud kəndində anadan olub. Orta təhsilini həmin kənddə alıb. 2003-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. Təhsilini 2006-cı ildən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. 2011-ci ildə həmin məktəbi leytenant hərbi rütbəsi ilə bitirib. 2010-2011-ci illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində kurs keçib. 2011-2012-ci illərdə Gəncədə yerləşən N saylı hərbi hissədə xidmət edib. 2012-ci ildən isə xidmətini Tərtər rayonua N saylı hərbi hissədə davam etdirib. 3 ilə yaxın cəbhə bölgəsində Vətənin sərhədlərini qoruyub. Sonrakı dövrdə ehtiyat taborda xidmət edib.
- Aprel döyüşlərindən bir az danışardınız...
- Aprelin 1-dən 2-nə keçən gecə bizə məlumat gəldi ki, Tərtər rayonu istiqamətində düşmən ön xətti yarmağa çalışır. Düşmənin qarşısını almaq üçün hərəkətə keçdik. İrəlilədikcə əvvəlcə ərazini minalardan təmizlədik. Düşmən silahlıları bizim mövqelərimizi yarmaq istəyəndə biz əks həmlə edərək onlara üstün gəldik. Düşməni öz postlarına çəkilməyə məcbur etdik. Onların bir neçə postunu ələ keçirdik. Bütün gecəni döyüşdük. Səhər saat yeddinin yarısında yaralandım. 2 ermənini vurdum. Sağa dönəndə gördüm ki, 3-cü erməni əsgəri gözlərini mənə zilləyib. Cəld tərpənib o ermənini də vurdum. Lakin onun əlindən təsadüf açılan atəş nəticəsində yaralandım. Əslində onu vurub öldürdüm, sadəcə əli qıc olub tətiyə dəydi deyə mən yaralandım. Həmin ərazidə ikimizdən başqa heç kim yox idi. 7,62 mm çaplı güllə belimin sol hissəsindən onurğa sütunun L4 fəqərəsindən girərək sağdan çıxdı. Nəticədə L4 fəqərəsi zədələndi. Aprelin ayının 6-da iki dəfə əməliyyat olmuşam.
- Güllə sizə dəyəndən sonra hadisələrin axarını necə xatırlayırsınız?
- Həmin vaxtı ayaqlarım keyləşdi. Ayaqlarım yerdən üzüldü, yıxıldım. Əsgərlərə səsləndim ki, məni vurdular, məni buradan çıxarın. Bir az özümdə güc toplayıb sürünərək özümü daha təhlükəsiz hissəyə yıxdım. Çalışdım ki, qarşıdan atılan güllələr mənə dəyməsin. Sanitarımız yaxınlaşdı mənə dərhal sarğı etdi. Qanaxmanın qarşısını ala bildi. Bir müddətdən sonra kəşfiyyatçılarımızdan biri mənə ağrıkəsici iynə vurdu. Həmin əraziyə təcili tibbi yardımın gəlməsi çətin idi. Təxminən bir saata yaxın ərazidə yaralı vəziyyətdə qaldım. Sonra məni oradan çıxardılar. İlk olaraq məni Sarıcalı hospitalına apardılar. İlk əməliyyatı orada etdilər. Axşam isə Bakıda hərbi hospitalda ikinci dəfə əməliyyat olundum. İlk əməliyyatda daxili orqanlarımın zədələnəcəyindən ehtiyat edərək yoxladılar. Aparata salanda bədənimdə parçalanmış ət görüblər. Elə biliblər ki, bütün daxili orqanlarım dağılıb. Amma ilk əməliyyat edəndə görüblər ki, bütün daxili orqanlarım normal vəziyyətdədir. Sadəcə içəridə laxtalanmış qan var idi. 700 qram laxta qan çıxarıblar. Həmin vaxt həkimlər bilmişdilər ki, onurğam zədələnib. Aprelin 6-da isə ikinci dəfə əməliyyat olundum. Bu dəfə onurğadan əməliyyat etdilər.
- Hansı istiqamətdə döyüşürdünüz?
- Qapanlı və Seysulan kəndləri istiqamətində.
-Düşmən mövqeləri istiqamətinə nə qədər irəliləmişdiniz?
- İrəliləmişdik. Onların səngərlərinə çatmışdıq. Təxminən 400 metr onların mövqelərinə yaxınlaşmışdıq. Onların canlı qüvvəsinin bir eşalonunu məhv etmişdik. İkinci eşalona çatmışdıq. Bizdən 85 nəfər idi. Beş zabit idik, onlardan 3 nəfəri yaralandı. Kimsə düşünməsin ki, ancaq əsgərləri qabağa vermişdik və yalnız onlar şəhid oldular. Xeyr elə deyil, Vətən hamımızındır. Zabit olaraq qarşıda birinci özümüz gedirdik. Həmin günlərdə Azərbaycan Ordusunun göstərdiyi şücaət, qazandığı qələbə xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla yanaşı ordumuzun böyük gücə malik olduğunu sübuta yetirdi.
-Nə qədər düşmən məhv etmişdiniz?
- Əsasən düşməni səngərlərdə məhv etmişdik. Ermənilər qorxu içərisində idilər. Onlar hara və necə atəş açdıqlarının fərqində deyildilər. Pərən-pərən düşmüşdülər. Səngərdə qalmışdılar çıxa bilmirdilər. Artilleriya zərbələri nəticəsində məhv olanlar da var idi. Düşmən meyitləri ətrafa səpələnmişdi. Təxminən 100-ə yaxın erməni məhv etmişdik.
- Bəs bizdən nə qədər itki oldu?
- Ümumilikdə bölüyümüzdən 18 nəfər şəhid olub, 25 nəfər isə yaralanmışdı. Mənim 5 əsgərim şəhid oldu. Sumqayıtdan Əbdülməcid Axundov, Xaçmazdan Elvin Mirzəyev, Bakıdan Mahir Mirzəyev, Mahmud İbrahimov və Zaqataladan Rəvan Nurayev idi. Əsgərlərimizin hamısı yüksək döyüş əhval-ruhiyyəsində idi. Hər biri mərdliklə vuruşdular. Mən yarlananda Əbdülməcid də daxil olmaqla bütün əsgərlərim başımın üstünü kəsdirmişdi. Mənə ürək-dirək verirdilər. Baxmayaraq ki, şiddətli döyüş gedirdi. Düşmənlə atışa-atışa məni tək qoymadılar. Şəhid olanlara Allah rəhmət eləsin! Əbdülməcidin bu sözləri yadımda qaldı ki, dedi "Komandir darıxmayın, biz sağ qalacağıq, bir bir onları gəbərdəcəyik”. Milli Ordumuzun hərbi qulluqçuları, əsgərlərimiz bu döyüşlərdə böyük igidlik və qəhrəmanlıq nümunələri göstərdilər. Bu gün də o anları xatırlayanda ürəyim dağa dönür.
- Hazırda özünüzü necə hiss edirsiniz? Hərəkət edə bilirsinizmi?
- Ayağa dururam, ayaqlarımı tərpədə bilirəm. Amma köməksiz addımlaya bilmirəm. Topuqdan aşağı demək olar ki, hissiyyat yoxdur. Ayaq barmaqlarımı tərpədə bilmirəm. Hospitalda yatanda ümumiyyətlə ayaqlarımı tərpədə bilmirdim.Demək irəliləyiş var. Arzum var. 5 şəhid əsgərimin 2-sinin qəbrini artıq ziyarət etmişəm. Arzu edirəm ki, tezliklə digər 3 əsgərimin də qəbrinə baş çəkim. Bu mənim komandri kimi mənəvi borcumdur.
- Müalicəniz necə, davam edirmi?
- Hospitaldan çıxandan sonra 15 gün Reabilitasiya Mərkəzində oldum və bərpa prosesini keçdim. İyunun15-də oradan çıxdım. İdman etmək üçün bəzi vasitələr almışam. Evdə idman edirəm. Dövlət tərəfindən isə əlil arabası, manej və protez ayaqlıqlar verilib.
- Ayaqlıqlar hərəkət etməyinizə kömək edirmi? Təmiz hava almaq, idman etmək imkanlarınız nə qədərdir?
- Protez ayaqlıqlardan istifadə edib, hardansa tutub normal yeriyə bilirəm. Evdə çalışıram idmandan qalmayım. Amma bu kiçik – proqramsız idman hərəkətləri sadəcə bədənimin daha çox keyiməyinin qarşısını alır. Əlil arabası ilə hərəkət etmək çətindir. Əvvəlki mənzilimiz çox dar idi və ora qalxıb düşmək çətinlik yaradırdı. İndi qaldığımız ev də kirayədir. Ayda 300 manat veririk. Valideynlərimin elə də imkanları yoxdur. 2004-cü ildən Sumqayıtda yaşayırıq. Elə o vaxtdan müxtəlif yerlərdə kirayələrdə yaşamışıq.
- Həkimlər nə deyirlər, yeriməyiniz mümkün olacaqmı?
- Həkimlər deyir, bəli, mümkündür, amma sistemli müalicə lazımdır. Müəyyən vaxtdan sonra normal hərəkətimi bərpa edə bilərəm. Evdə etdiyim idman hərəkətləri ilə 2-3 ilə yeriməyim mümkündür. Amma yaxşı müalicə kursu keçsəm, daha tez də olar. 6 aya yeriyə bilərəm.
- Azərbaycandamüalicəniz mümkündürmü?
- Ölkəmizdə də var, xaricdə də. Xaricdə əsasən Türkiyə və Ukraynada bu tipli xəstəliklərin müalicəsi aparılır. Deyilənə görə Ukraynada Türkiyəyə nisbətən daha ucuz başa gəlir. Amma bir məsələni də qeyd edim ki, Sumqayıtda bir yunan həkim var. Onun yanına getdim. Dedi ki, 6 aya mənim normal yeriməyimi təmin edə bilər. Bunun üçün isə 18000 manat vəsait lazımdır. Bununla bağlı Müdafiə nazirliyinə, Səhiyyə Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Heydər Əliyev Fonduna yazılı şəkildə müraciət etmişik. Hələ ki heç bir cavab yoxdur. Ümidvaram bununla bağlı tezliklə mənə yardım edəcəklər.
- Sizcə, aprel döyüşləri cəmiyyətə, gənc nəsilə necə təsir göstərdi?
- Fikrimcə, aprel hadisələri bir çox Azərbaycan gəncinin həyatını dəyişdi. Aydın hiss olundu ki, ordumuzun uğurlu döyüş əməliyyatları xalqımızın, xüsusilə də gənclərimizin mübarizə əzmini artırıb, həmrəyliyini daha da möhkəmləndirib. Gənclərimiz sosial şəbəkələrdə, söhbətlərində hiss və həyəcanlarını, arzu və amallarını bölüşür, dövlətimiz uğrunda hər an döyüşməyə hazır olduqlarını bildirirdilər. Bütün bunlar bizə çatırdı, ağzıdan-ağıza eşidirdik. Onlar Azərbaycan əsgərinin rəşadətindən qürur duyur, Azərbaycan Prezidentinə inandıqlarını, onun ətrafında sıx birləşdiklərini bəyan edirdilər. Aprel döyüşləri eyni zamanda gəncliyimizdən nigaran olanları arxayınlaşdırdı. Məlum oldu ki, gənclərimiz heç də çoxlarının düşündüyü kimi əyləncə düşkünü, rahat həyat sevənlərdən ibarət deyil. Onlar tariximizi çox gözəl bilən, vətən eşqi, torpaq həsrəti ilə yaşayan, hər birimizin qürur mənbəyi ola biləcək gənclərdir. Bu günlər daha sübut etdi ki, indiki Azərbaycan gəncliyi 10-15 il əvvəlki gənclik deyil. Gənclik Ali baş komandanın əmrini gözləyir. Sevindirici məqam odur ki, gənclik vətən, Qarabağ mövzusu gələndə, birdir, yekdildir, fikir müxtəlifliyi yoxdur.Və bütün bunlar da biz hərbçiləri ön xətdə daha da həvəsləndirir, bizə əlavə ruh yüksəkliyi bəxş edirdi.
Söhbətləşdi: Ramil Zeynallı və Elnur Ağayev
Xeberle.com
P.S. Gənc zabitimiz əlil olmasına baxmayaraq bu döyüşlərdə heç də peşman olmadığını, yenidən döyüşməyə hazır olduğunu da söylədi. O, bizimlə söhbətlərdə özünü çox qürurlu və səbrli aparırdı. Haqqında söhbət açdığı ən kritik, emosional vəziyyətlərdə, yaralandığı məqamlardan danışanda belə təmkinini pozmurdu. Azər bəyə sosial şəbəkələrdə onun müalicəsinə tələb olunan pulu yığmaq üçün müzakirə açılmasını – yardım aksiyasını təklif edəndə, o qəti şəkildə bunu rədd etdi və köməyi, dəstəyi yalnız dövlətdən gözlədiyini bildirdi. Biz də ümidvarıq ki, dövlətimiz son döyüşlərdə əlil olan və müalicəsinə cəmi 18 min manat kifayət edən bu mərd, qürurlu zabitimizi tək qoymayacaq, tezliklə ona dəstək olacaq!
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev: Ermənistan üçün dərs olacaq
Aprel döyüşləri bir daha onu göstərir ki, status-kvo tezliklə dəyişdirilməlidir. Bunu artıq bu məsələ ilə məşğul olan vasitəçilər də dəfələrlə bəyan ediblər. St...